Gədəbəyin icra başçısından şikayətçi sahibkarlar Fazil Məmmədovun qəbuluna gəldilər

Gədəbəyin icra başçısından şikayətçi sahibkarlar Fazil Məmmədovun qəbuluna gəldilər

Gədəbəydə obyekti sökülən sahibkarlar rayonun icra başçısı Ramiz Yediyarovdan şikayətçidirlər. Sahibkarlar icra başçısının obyektləri qanunsuz olaraq sökdürdüyünü, qarşılığında isə kompensasiya belə, ödəmədiyini deyirlər.

Narazı sahibkarlar bununla bağlı Baş Prokurorluğa, Prezident Administrasiyasına dəfələrlə şikayətlər etsələr də, onların problemini dinləyən yoxdur. Sahibkarlar çıxış yolu olaraq, Vergilər Nazirliyinə üz tutublar. Səbəbi isə maraqlıdır.

Yanvarın 29-da Vergilər Nazirliyinə qəbula gələn sahibkarlar musavat.com-un əməkdaşına bildiriblər ki, məqsədləri icra başçısından nazirə şikayət etməkdir. Sahibkarlar deyirlər ki, icra başçısı vergilər naziri Fazil Məmmədovun kadrıdır. Bu səbəbdən də nazirin qəbuluna düşmək istəyirlər. Lakin nazirin qəbuluna bir neçə dəfə yazılsalar da, onlar qəbul edilməyiblər.

Gədəbəydə istirahət mərkəzi tikmək istəyən, bunun üçün də İcra Hakimiyyəti ilə razılaşan, lakin sonradan obyekti sökülən sahibkar Oqtay Əliyev də qəbula gələnlər arasında idi. Rayonun Qalakənd meşə zolağında istirahət mərkəzi tikmək istəyən O.Əliyev bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə də alıb.

Sahibkar obyekt tikmək üçün İcra Hakimiyyəti ilə də razılaşıb: “2013-cü ilin iyul ayında obyekti tikmək istəyərkən icra başçısının müavini Rüstəm Nağıyev gəlmişdi. Rayonun abadlığı üçün köməklik etməyimi istədilər. Buna görə 20 min manat pul verdim.  Bundan sonra obyektin tikintisinə başladım. 2014-cü ilin iyul ayında xəbərim olmadan, Rusiyaya gedərkən obyektimin söküldüyünü dedilər. Rüstəm Nağıyevin rəhbərliyi ilə obyektimin bir hissəsini sökdülər. Səbəbini soruşanda isə dedilər ki, biz belə düşünmürdük və sən layihəni daha geniş götürmüsən. Buna görə də onlarla yenidən görüşməyimi istədilər. Məndən yenidən 150 min manat istədilər”.

O.Əliyevə heç bir xəbərdarlıq edilmədən, məhkəmənin qərarı olmadan obyektin bir hissəsini söküblər, razılaşmayacağı təqdirdə isə obyektinin qalan hissəsini də sökəcəklərini deyiblər: “Rüstəm Nağıyev deyir ki, icra başçısının göstərişini yerinə yetiririk. Razılşmadım deyə ikinci obyektin bir hissəsini də sökdülər. Şikayətlərimizə baxan yoxdur. Fazil Məmmədovun qəbuluna yazılmışıq. Hər dəfə deyirlər ki, ayın axırıncı həftəsi, beşinci gün nazirin qəbuludur. Ancaq biz nazirin qəbuluna düşə bilmirik. Sahibkarlıq fəaliyəti ilə məşğul olmağa imkan vermirlər. Prezidentin göstərişlərinə əməl olunmur. Biz bilirik ki, icra başçısı vergilər nazirinin kadrıdır. Biz sualımızı cənab nazirə vermək istəyirik ki, bu qədər özbaşınalığı icra başçısı necə edir? Niyə sahibkarlara bu qədər problem yaradır? Mən Rusiyada ticarətlə məşğul oluram. Öz ölkəmə sərmayə qoymaq istəyirəm. Sualıma cavab verən yoxdur ki, mənim obyektim niyə sökülür?”

Obyektinin qanunsuz olaraq söküldüyünü deyən sahibkarlardan biri də Qasım Məmmədovdur. Sahibkar 2014-cü ilin noyabr ayında 51 kvadratmetr sahəsi olan torpaq sahəsində tikdiyi çayxanasının söküldüyünü və bunun üçün ona nə xəbərdarlıq eidildiyini, nə də kompensasiya ödənildiyini söyləyir: “Bütün sənədlərim qaydasında olduğu halda obyektimi yerlə-yeksan etdilər. Mənə 17 kvadratmetrlik bir obyekt təklif etdilər. Lakin bu təkliflə razılaşmadım. Rayonun Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etdim. Obyektimin sökülməsinin səbəbini soruşdum. Ancaq heç bir cavab verilmir. Obyektimin yanında olan şənlik evinə mənim torpaq sahəmdə pilləkən tikdilər. Mənim torpağımı əlimdən aldılar”.

35 ildir ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər rayon sakini Oqtay Əliyev də icra başçısından şikayətçidir. Sahibkar davamlı şikayətlərindən sonra sonuncu dəfə icra hakimiyyətinə qəbula gedərkən həbs olunub. Ona 15 sutka həbs cəzası verilib.

Sahibkar başına gələnləri belə danışır: “Bütün rəsmi sənədlərim qaydasında idi. Bankdan da kredit götürüb, ərzaq mağazası açmışdım. 2015-ci ilin fevral ayının 15-də Bakıda müalicədə olanda ərzaq və avadanlıqlarla dolu mağazam uçurulub. Bu günə qədər bütün dövlət qurumlarına müraciət etmişəm. Sonuncu dəfə də İcra Hakimiyyətinə qəbula getmişdim. Məni qəbul etməmələri az deyilmiş kimi, həbs elətdirdilər. 15 sutka həbs verdilər. Haqqımı tələb etdiyimə görə məni tutdurdular. Baş Prokurorluğa, Prezident Administrasiyasına da müraciət etmişəm. Heç bir nəticə yoxdur. Üç dəfə Prezident Administrasiyasında Tağı Tağıyevin qəbulunda olmuşam. Amma yenə də nəticə yoxdur. Bəs, biz haqqımızı kimdən tələb edək? Mənim kimi yüzlərlə sahibkar icra başçısının əlində qalıb. Kim də şikayət edirsə, aqibəti bizim kimi olur”.

Obyekti söküldüyü üçün dövlət qurumlarına 216 dəfə müraciət edən sahibkar Vaqif Sadıqov da probleminin həll yolunu tapa bilmir. V.Sadıqov da bütün rəsmi sənədləri əlində olduğu halda haqqını ala bilmədiyini deyir: “Obyektimi sökdülər. Nə kompensasiya verildi, nə də başqa yer təklif olundu. Rəsmi sənədlərim əlimdə ola-ola şikayətimə baxan yoxdur. 8 nəfərlik ailəm var. İcra başçısı öz bildiyini edir. Biz belə icra başçısı görməmişik. Hazırda rayonda camaat dilənçi vəziyyətində yaşayır. 216 teleqram göndərmişəm. Heç birinə də doğru-düzgün cavab verilmir. İcra Hakimiyyətindən Prezident Administrasiyasına şikayət yazırıq, şikayəti yenidən İcra Hakimiyyətinə qaytarırlar”.

Nazirliyə qəbula gələn Gədəbəy sakinlərindən biri də Həsən Rüstəmov idi. Onun şikayəti isə fərqli idi. Evi qəzalı vəziyyətdə olan və Fövqəladə Hallar Nazirliyi tərəfindən ona ayrılan yardımı ala bilməyən rayon sakini Bakıya Fazil Məmmədovun qənuluna gəlmişdi: “Dəfələrlə İcra Hakimiyyətində qəbulda olmuşam. 1961-ci ildə tikilən evim qəzalı vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyindən də gəlib, baxış keçiriblər. Evim qəzalı vəziyyətdədir. Mənimlə bir vaxtda ərizə verən vətəndaşların bir neçəsinə FHN tərəfindən verilən yardım gəlib, amma mənə yox… Bilirəm ki, məni də aldadırlar. Dəfələrlə qəbul da olmuşam, deyirlər ki, yardım gəlməyib. Prezident Administrasiyasında Əli Əsədovun qəbulunda olmuşam. Xahiş eləmişəm ki, heç olmasa, şikayətlərimdən birini cənab prezidentə çatdırın. Mənə deyir ki, sizin şikayətə Suriyada yaxşı baxarlar, get Suriya səfirliyinə… İndi mənim cənab prezidentə əlim çatmır. Necə deyim ki, bizimlə belə rəftar edirlər”.

Qəbula gələn sahibkarlar deyirlər ki, Gədəbəydə 44 sahibkarın obyektləri sökülüb. Onların əksəriyyəti Bakıya gələ bilmir. Bəziləri imkansızlıqdan, bəziləri isə qorxudan…

Sahibkar O.Əliyev deyir ki, Baş Prokurorluğa şikayətindən sonra cinayət işi açılıb. Lakin sonradan cinayət işi icra başçısının göstərişi ilə dayandırılıb: “İcra başçısı deyir ki, nə istəsəm, onu da edəcəm. Biz ölkə başçısından kömək istəyirik”.

O.Əliyev prezident İlham Əliyevə 160 teleqram vurduğunu, lakin heç birinə cavab ala bilmədiyini deyir.

Sahibkar bunun səbəbini belə izah edir: “İcra başçısının birinci müavini Qüdrət Paşayev açıq-aşkar deyir ki, mənim qardaşım Prezident Administrasiyasında Feldiger xidmətinin rəisi general-mayor Ədalət Paşayevdir. Deyir ki, qardaşıma tapşırmışam ki, Gədəbəydən gedən heç bir şikayət ərizəsinə baxılmasın. Bu, görünür ki, həqiqətən də belədir”.

Sahibkarlar nə qədər gözləsələr də, bu dəfə də nazirin qəbuluna düşə bilmədilər

COMMENTS