Gürcüstan seçkiləri: Saakaşvilinin revanşı niyə baş tutmadı?

Sabiq prezidentin tərəfdarları nəticələri tanımamaqla hədələyir; ölkəni etiraz dalğası bürüyə bilər; ekspertlərin proqnozları birmənalı deyil; Əhəd Məmmədli: “Seçkiləri Rusiyanın uğuru kimi qiymətləndirmək olar…”

Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkiləri gözlənilməz nəticələrlə yadda qaldı. Eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının (VMHP) qalibiyyəti gözlənilsə də, hakim “Gürcü Arzusu” Koalisiyası 50%-dən çox səs yığaraq seçkilərin qalibi oldu. 

Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 9-da səhər saatlarında bülletenlərin 60 faizdən çoxunun sayılmasının nəticəsi olaraq, “Gürcü Arzusu” Koalisiyasının bu nəticəni qazandığını elan edib. Saakaşvilinin partiyası 27 faizə yaxın səs alıb. Qalan partiyalar 5 faizlik seçki baryerini keçə bilməyiblər. Səsvermədə 50%-dən çox seçici iştirak edib. Lakin bəzi majoritar dairələrdə ikinci turun keçiriləcəyi istisna edilmir.

Keçirilən “exit-pol”ların nəticələrinə görə də seçkilərdə ən çox səsi “Gürcü Arzusu” Partiyası qazanıb. Gürcüstanın baş naziri, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının sədri Georgi Kvirikaşvili seçki günü axşam saatlarında qələbə münasibəti ilə seçiciləri və tərəfdaşlarını təbrik edib.

VMHP tərəfdarları nəticələrlə razılaşmayıblar. Saakaşvilinin partiyasının bir qrup tərəfdarı MSK-nın qarşısına toplaşıb. Müxalifət nümayəndələrinin bir qrupunun MSK rəhbəri ilə keçirdiyi görüşdən sonra aksiyaçılar dağılışıblar. VHMP elan edib ki, seçkilər saxtalaşdırılıb və nəticələrini tanımayacaqlar. Səsvermə günü bəzi məntəqələrdə qarşıdurma yaranıb. Əsasən azərbaycanlıların yaşadıqları bölgələrdə çoxsaylı pozuntuların qeydə alındığı bildirilib. Marneuli rayonunun Qızıl Hacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində “Gürcü arzusu” partiyası və Vahid Milli Hərəkat Partiyasının tərəfdarları arasında qarşıdurma baş verib, xəsarət alanlar olub.

Məlumata görə, 100-dək dəyənəklərlə silahlanmış naməlum şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib və seçki qutularını aparmağa cəhd ediblər. Hücum edənlərlə  Vahid Milli Hərəkat Partiyasının tərəfdarları arasında qarşıdurma baş verib. Əlbəyaxa davada 200-dək şəxsin iştirak etdiyi bildirilib. Qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar olub.

“Gürcü arzusu” Partiyasının nümayəndələri VMHP tərəfdarlarının hücumuna məruz qaldıqlarını iddia ediblər. Saakaşvilinin partiyasından majoritar namizəd  Əhməd İmamquliyev isə bildirib ki, qarşıdurmaya hakim partiyanın səsvermə zamanı saxtakarlıq törətməyə cəhd etməsi səbəb olub. İnsident zamanı xəsarət alan polis əməkdaşlarından biri azərbaycanlı olub. Polis zabiti Ramin İsmayılov reanimasiya şöbəsinə yerləşdirilib. Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Ramin İsmayılova baş çəkib. O, insidenti planlaşdırılmış təxribat adlandıraraq, onun qarşısının alınmasına görə Ramin İsmayılova və xəsarət almış digər polis əməkdaşlarına təşəkkürünü bildirib.

İlkin nəticələrin açıqlanmasından sonra VMHP rəhbərliyi məşvərətə toplaşıb və sonrakı addımları müzakirə ediblər. Partiyanın kütləvi etiraz aksiyalarına başlayacağı gözlənilir.

Qeyd edək ki, seçkilərdə 30-a yaxın azərbaycanlı namizəd iqtidar və müxalifət partiyalarının iddiaçısı kimi iştirak ediblər. Qəzet çapa gedərkən onlardan qalib gələnlər barədə dolğun məlumat yox idi. Bu günlərdə kimlərin gürcü parlamentinə keçdiyi dəqiq bilinəcək.

***

Gürcüstandakı seçkilərlə bağlı ekspertlərin müxtəlif fikirləri var – xüsusilə də hakim partiyanın qələbəsi ilə bağlı. Rusiya amilinin və bəzi yerlərdə seçki günü baş verən saxtakarlıqların nəticələrə ciddi təsir etdiyi bildirilir. Bunun əksini deyənlər də var. Onlar səbəb kimi, hakim və müxalifət partiyası arasında olan səs faizinin kifayət qədər yüksək olduğunu göstərirlər. “Gürcü Arzusu” Koalisiyasının əvvəlcədən qələbəsinin gözlənilən olduğunu deyənlər də var. Seçkinin nəticələrinin regiona və Azərbaycana təsirinin olacağını düşünənlər az deyil.

Rusiyanın regionda mövqelərinin möhkəmlənəcəyi bildirilir. Səbəb kimi hazırkı Gürcüstan iqtidarının ikibaşlı siyasət yürüdərək, daha çox Rusiyameylli siyasət apardığı göstərilir.

Politoloq Əhəd Məmmədli bildirdi ki, əvvəlcədən Saakaşvilinin qalib gələcəyinə inam yox idi: “Saakaşvilinin son mitinqi çox izdihamlı keçmişdi. Bu mitinqdən sonra Saakaşvili qalib gəlməsə də, 30-40% civarında nəticələr əldə edəcəyi gözlənilirdi.

Amma bu qədər üstünlüklə iqtidarın qalib gələcəyi gözlənilən deyildi. Saxtakarlığın olması doğrudur. Müəyyən qədər nəticələri oldu. Rusiya amilinin nəticələrə təsir etdiyi şübhəsizdir. Çünki Rusiya heç bir halda Saakaşvilinin Gürcüstana qayıtmasını istəmir. İndiki gürcü hakimiyyətinin birmənalı Rusiyayönlü adlandırmaq olmaz. Amma Saakaşvili kimi Rusiyaya qarşı açıq mövqedə deyil. Bu seçkiləri Rusiyanın uğuru kimi qiymətləndirmək olar. Gürcüstanda etiraz mitinqləri ola bilər.

Amma 13 il öncənin inqilabının təkrarlanacağını gözləmirəm. Saakaşvili tərəfdarları nəticələrlə razılaşıb, parlamentdə oturmağa məcbur olacaqlar. Nəticələrin azərbaycanlılar üçün xüsusi bir dəyişiklik olacağını düşünmürəm. Gürcüstanda ən böyük azlıq olmamağımıza baxmayaraq, ən hüquqsuz milli azlıq olaraq qalmağa davam edəcəyik. Regiona da bu seçkilərin təsiri olmayacaq. Sadəcə, Rusiya-ABŞ arasında status-kvo qorundu”.(musavat.com)

COMMENTS