Gürcüstanda Azərbaycana qarşı erməni təxribatı – Tiflisdə sərgi keçirirlər

Gürcüstanda Azərbaycana qarşı erməni təxribatı – Tiflisdə sərgi keçirirlər

Elxan Şahinoğlu: “Gürcülərə “Sən kimin əmisi oğlusan” sualını verməyin tam vaxtıdır”

Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycana qarşı təxribat xarakterli tədbir təşkil edilib. APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstandakı erməni apostol kilsəsinin Tiflisdəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.

Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan Mərkəzi” fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə keçirilir.

Sərginin rəsmi açılış mərasimində Tiflisdəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər. Mərasimə sərgidə əsərləri sərgilənən rəssamlardan biri – Samvel Davadyan da qatılıb.

Qonşu ölkədə təşkil edilən bu sərgi Azərbaycan tərəfdə ciddi narazılıq doğurub. Artıq Azərbaycanın Gürcüstandakı səfirliyi məsələ ilə bağlı narahatlığını Gürcüstanın müvafiq dövlət qurumlarına çatdırıb.

Məsələ ilə bağlı gürcü politoloqlar da öz etirazlarını bildiriblər.

“Tiflisin mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası” adından foto sərginin açılması yolverilməzdir”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında politoloq, tarixçi alim Quram Marxuliya bildirib.

O deyib ki, ermənilərin bu addımı Gürcüstana qarşı təxribatdır: “Ona görə ki, separatizmdən əziyyət çəkən Gürcüstan hökuməti belə bir tədbirin təşkilinə icazə verməz. Görünür ermənilər bu dəfə də Tiflisdəki məmurları aldadıblar”.

Politoloqun sözlərinə görə, heç bir dövlət tərəfindən tanınmayan, qondarma respublikaların bu cür addımlarının qarşısı alınmalıdır.

Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tiflis Dövlət Universitetinin professoru, politoloq Badri Natçkebia isə bildirib ki, ermənilərin tanınmamış, qondarma respublika adından bu cür sərgi təşkil etməsi düzgün deyil: “Biz erməni rəssamların sərgisinin açılacağı barədə məlumat almışdıq. Amma orada qondarma “Dağlıq Qarabağ Respublikası” adından sərgi açmaq heç bir etikaya və siyasi əxlaqa sığmır”.

Maraqlıdır ki, məsələ ilə bağlı hələ də Azərbaycanın Xarici İşlər Nazirliyi öz mövqeyini açıqlamayıb. Bu da müəyyən etirazlar doğurub. Nazirliklə gün ərzində nə qədər əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Zənglərimizə cavab verən olmadı.

Siyasi şərhçilər sərginin Azərbaycan-Gürcüstan arasındakı münasibətlərə ciddi zərbə vura biləcəyini, yubanmadan rəsmi Bakının qonşu ölkəyə öz sərt təpkisini verməsinin vacibliyini vurğulayırlar.

Qərb Universitetinin tətbiqi politologiya mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan heç zaman belə bir sərgiyə icazə verməz: “Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan bu strateji tərəfdaşlığa sadiqdir. Məsələn Bakıda Abxaziya və Cənubi Osetiya sərgisinə heç vaxt icazə verilməz. Çünki Azərbaycan separatçılarla əməkdaşlıq etmir və tərəfdaşlarının həssasiyyətini daima nəzərə alır. Təəssüf ki, Gürcüstanda Dağlıq Qarabağ separatçıları sərgi keçirə bilirlər və gürcülər buna normal yanaşırlar. Demək, rəsmi Tiflisə müəyyən xatırlatmalar etmək lazımdır. “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılması sıradan hadisə deyil. Sərginin dekabrın 20-nə qədər davam edəcəyi planlaşdırılıb. Bundan başqa sərgi Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan Mərkəzi” fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə keçirilir. Bütün bunlar o deməkdir ki, sərgiyə xüsusi hazırlıq görülüb və ermənilərlə gürcülər birgə çalışıblar. Gürcülərə “Sən kimin əmisi oğlusan” sualını verməyin tam vaxtıdır. Yoxsa elə biləcəklər, bizim borcumuzdur ki, daima Gürcüstana yardım edək”.

Politoloq rəsmi Bakının reaksiyasının vacibliyindən də söz açdı: “Rəsmi Bakının reaksiyası vacibdir. Hamı bilməlidir ki, separatçılarla əməkdaşlıq Azərbaycanın əleyhinə atılan addımdır. Gürcüstan rəsmilərinin izahı vacibdir. Əgər desələr ki, sərgi onlardan xəbərsiz baş tutub və bunun qarşısını dərhal alacaqlar, bu halda məsələyə indiki halda nöqtə qoymaq olar. Yox, əgər sussalar və sərgi davam edərsə, demək bu Gürcüstanın ikili oyuna baş vurduğunu göstərəcək. Əgər belədirsə, biz də Gürcüstan siyasətimizi korrektə etmək məcburiyyətində qala bilərik. Bu nə Bakının, nə də Tiflisin xeyrinədir. Ona görə rəsmi kanallarla Tiflis xəbərdar edilməlidir”.

Dosye.org

COMMENTS