Həmrəyliyə qənim kəsilənlər

İlham Hüseyn

Yaxud Rusiya piarı aparanların məqsədi nədir?

Ölkədə mühüm hadisələr baş verir və bu hadisələrin fonunda məkrli planlar, hökumətdəki qeyri-monolitlik üzə çıxır. Son günlərin ən müsbət hadisəsi isə cəmiyyətdəki həmrəyliyin üzə çıxması oldu. Açıq şəkildə göründü ki, uzun illərin avtoritar idarəçiliyindən sonra da cəmiyyətin özünəinamı ölməyib, milli ruh yaşayır və mübarizə əzmi böyükdür.

Sübut olundu ki, cəmiyyəti hansısa qondarma tədbirlər, bayramlar deyil, vətən, ordu, bayraq həmrəy edə bilir. Təbii ki, bu həmrəylik, prinsipial məqamda birləşə bilmək bacarığı hamının xoşuna gəlmədi. Buna görə də hökumətdəki rusbaşlar “baş-ayaq” danışmağa başladılar. AXCP sədri Əli Kərimlinin evinin qarşısındakı “aksiya” da həmərəylikdən narahat olanların qabiliyyəti idi. Əli Kərimli də son günlər ardıcıl olaraq orduya dəstək çağırışları etdi və hökuməti yaranmış fürsətdən istifadəyə səslədi. Onun çağırışlarına verilən rekasiya da göstərdi ki, cəmiyyət də “əsgər, irəli” deyir.
Üstəlik, hökumət könülsüz də olsa Qərbə “gəl dost olaq” mesajı verdi. Ilham Əliyev Nazirlər Kabinetinin son iclasında da ABŞ və Avropa Ittifaqı ilə münasibətlərin inkişafından razılığını bildirdi.

Belə bir vəziyyətdə suyu bulandırmaq istəyənlər tapıldı və bu çirkab azarkeşləri hökumətin içindən çıxdı. Məsələn, medallı redaktorun qəzetinə müsahibə verən Qüdrət Həsənquliyev Rusiyaya piar düzəltməyə cəhd edib. Deyib ki, cəbhədə gedən döyüşlər zamanı Putinin 3 gün sonra zəng etməsi Azərbaycan ordusuna yaradılmış imkan idi. Yəni Putin özü qəsdən gec müdaxilə edib ki, ordumuz ermənilərə qulaqburması versin. Bu həmin Qüdrətdir ki, Rusiya qoşunlarının Azərbaycana yerləşdirilməsini təklif etmişdi, Avrasiya Ittfaqına qoşulmağın mümkünlüyündən söhbət açmışdı. Deputat eyni zamanda bildirib ki, ABŞ bu məsələdə Ermənistanı dəstəkləyir və bunu açıq şəkildə deyə bilmir.

Rusiyanın Azərbaycana hansı bəlalar gətirdiyi, cəbhədəki son döyüşlər zamanı Rusiyada Azərbaycan əleyhinə birmənalı təbliğatın aparıldığı heç kimə sirr deyil. Yəni Rusiya Ermənistana birmənalı dəstəyini çəkinmədən, açıq şəkildə ifadə edib. Amma bütün bunlara baxmayaraq hökumətin içindəki “5-ci kolon” iyrənc təbliğatı davam etdirir.
Yeri gəlmişkən, Əli Kərimlinin evinin qarşısındakı aksiyaların simvolik mənası da var. Heç kimə sirr deyil ki, AXCP, Milli Şura Qərbə inteqrasiyanın tərəfdarıdı. Əslində, Əli Kərimliyə yönəlmiş “ölkədən çıx get” şüarları dolayısıyla Qərb dəyərlərinə, demokratiyaya, Avropa Ittifaqı ilə əməkdaşlığa “rədd ol” demək idi.

Beləliklə, dövlətin maraqlarını təmin edən və dövlət maraqlarına zərbə vuran məqamlar göz qabağındadır. Indi “top” Ilham Əliyevdədir. Əgər ölkə başçısı doğurdanda ABŞ-la, Avropa Ittifaqı ilə əməkdaşlıqda səmimidirsə, o zaman həmin “top”u qarşı tərəfin “vorota”sına yönəltməlidir və konkret mövqe sərgiləməlidir. Əks halda təsdiqlənəcək ki, “5-ci kolon”un “rəqs”i ümumi komandanın qərarıdır. Daha dəqiqi, ölkə başçısının razılığı əsasında reallaşır.

Dosye.org

COMMENTS