Həsən Ruhani Azərbaycan-İran əlaqələrindən danışdı

Rəsmi Bakı İrana qarşı embarqoların götürülməsindən sonra bu ölkə ilə əməkdaşlığı dərinləşdirməyə çalışır; söhbət böyük mənfəətlərdən gedir

İran prezidenti Həsən Ruhani Azərbaycanla münasibətlərdən danışıb. APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, Dövlət Həftəsi münasibətilə keçirilən mətbuat konfransında çıxışı zamanı H.Ruhani deyib ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün yaxşı şərait var.

Həsən Ruhani bildirib ki, münasibətlərin inkişafı Xəzər dənizində təhlükəsizliyə və Qarabağ probleminin həllinə yardım edir. H. Ruhani nüvə anlaşmasından əvvəl Xəzəryanı ölkələrlə münasibətləri genişləndirdiklərini və demək olar ki, bütün Xəzəryanı ölkələri ziyarət etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, İranla Azərbaycan arasında münasibətlər son illərdə xeyli dərəcədə yaxşılaşıb. İki ölkə arasında münasibətlər 2000-ci illərin ortalarında soyuqlaşıb. Əhmədinejadın prezidentliyi dönəmində Qərbə qarşı radikal siyasi kurs götürən İran bölgədə Qərblə yaxın müttəfiq olan Azərbaycana qarşı sərt münasibət göstərib. İran-Azərbaycan münasibətlərində soyuqluq üzə çıxan gizli diplomatik yazışmalarda da yer almışdı. Ancaq 2013-cü ildə prezident seçilən Həsən Ruhani Qərb ölkələri ilə yanaşı, Azərbaycanla münasibətləri istiləşdirmək yönündə addımlar atdı. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı rəsmi səfərləri oldu, eləcə də hər iki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərlərinin sayı artdı. Hazırda iki ölkə münasibətlərində ciddi sual yaradacaq hansısa məqam yoxdur.

Əksinə, Azərbaycan iş adamları hazırda İranın bir neçə Azad İqtisadi Zonasına yatırım qoyub. Hələlik İrana yatırım qoyan Azərbaycan şirkətlərinin adları bəlli olmasa da, səfirlik faktın özünü təsdiqləyib. Yeri gəlmişkən, İran prezidentinin açıqlaması ilə eyni vaxtda İslam Respublikasının nüfuzlu din xadimi, siyasi dairələrdə böyük nüfuza malik islam alimi, müctəhid Ayətullah Nuri Həmədani Bakıya səfərə gəldi. Bu, müstəqillik illərindən bu yana Azərbaycana bu səviyyədə müsəlman din xadiminin səfəridir. Səfərin təşkilatçısı QMİ olsa da, aydın məsələdir ki, rəsmi Bakı Həmədaninin səfərinə razılıq verib.

Avropa mediasının araşdırmalarına görə, ümumilikdə İranın beynəlxalq embarqolardan xilas olub yenidən dünya bazarına qayıtması İslam Respublikasının özü ilə yanaşı, həmçinin İranın enerji məhsullarının Avropa bazarına çıxarılması, tranzit ölkə rolunu oynaya biləcək Türkiyə və Azərbaycan üçün böyük qazanc vəd edir. Belə ki, İrana qarşı sanksiyaların götürülməsi İran kimi böyük bir bazarı Qərb ölkələrinin şirkətlərinin üzünə açmaqla yanaşı, qonşu ölkələrə də böyük gəlir vəd edir. Mütəxəssislərə görə, qarşıdakı iki il ərzində İrana sərmayə qoyuluşu iki dəfə arta bilər. Bundan başqa, ekspertlərə görə, sanksiyaların ləğvi ilə İranın xarici ticarət dövriyyəsi 250 milyard dollara qədər arta bilər.

İranın dünya bazarına qayıtmasından ən böyük fayda götürəcək ölkələrdən biri də Türkiyə olacaq. Türkiyə mətbuatının yazdığına görə, İranın qarşıdakı illərdə artan xarici ticarətinin 10 faizlik payı, yəni 25 milyard dolları Türkiyəyə düşəcək. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin 16 milyard dollar olduğu və qarşıdakı dövrdə bu rəqəmin 45 milyarda çatması gözlənilir. Ekspertlərə görə, embarqoların götürülməsi ilə Türkiyə İranla qızıl, neft, qaz ticarətini böyüdəcək. Həmçinin Türkiyə İranın artan ixracatı səbəbindən tranzit haqlarından böyük gəlir əldə edəcək.

Bir sıra ekspertlərə görə, İranın dünya bazarına qayıtmasından faydalanacaq daha bir ölkə Azərbaycandır. Azərbaycan İranın əsas ticarət və sənaye partnyoru olan Rusiya arasında keçid ölkə funksiyasına sahibdir. Üstəlik, Tehran TANAP və TAP kimi boru kəmərlərinə maraq göstərir. Sanksiyaların götürülməsi ilə İranın dünya bazarına çıxacaq məhsullarının çıxacağı ikinci əsas istiqamətlərdən biri də Azərbaycan üzərindən keçir.

Təbii ki, bu imkanları Azərbaycanda da yaxşı bilirlər və yaranmış fürsəti dəyərləndirməyə çalışırlar. Bu səbəbdən də anlaşmadan sonra Azərbaycan iqtisadiyyat və sənaye nazirinin rəhbərlik etdiyi heyət İrana səfər edərək yüksək səviyyədə görüşlər keçirdi. İran rəsmilərinin də açıqlamalarından belə məlum olur ki, iki ölkə arasında maşınqayırmadan, enerji, yük daşımaçılığına qədər müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunur. Bəzi sahələrdə artıq razılaşmalar da var. İran rəsmilərinin açıqlamalarından da görünən odur ki, Tehran özü də Azərbaycanla əməkdaşlıqda, münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır.

COMMENTS