Həsən Ruhaninin Bakı səfərini bəzi detallar açıqlanıb

İran prezidenti Həsən Ruhaninin Azərbaycana nə vaxt, kimlərin müşayiəti ilə gələcəyi, Bakıda hansı məsələləri müzakirə edəcəyi və bu səfər çərçivəsində neçə sənəd imzalanacağı bəlli olub. “Media forum” saytının məlumatına görə, İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan müştərək iqtisadi komissiyasının həmsədri Mahmud Vaizi noyabrın 5-də Tehranda jurnalistlərə deyib ki, Həsən Ruhani Azərbaycan Respublikasına gələn həftənin sonlarında gələcək. Bu, İran prezidentinin rəsmi səfəridir.

Səfərdə Həsən Ruhanini bəzi hökumət üzvləri, İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan vilayətlərinin rəsmi şəxsləri, özəl sektor təmsilçiləri müşayiət edəcək. Mahmud Vaizinin sözlərinə görə, Bakıda aparılacaq danışıqlarda Azərbaycan Respublikasından elektrik enerjisinin alınması və nəql edilməsi, İran-Azərbaycan sərhədində çaylardan istifadə qaydaları, gömrük və nəqliyyatla bağlı bəzi məsələlərin həlli yolları, qaz və enerji, turizm və ticarət sahələrində birgə əməkdaşlıq müzakirə olunacaq.

Mahmud Vaizi İran prezidentinin rəsmi səfəri çərçivəsində 10 sənədin imzalanmasının nəzərdə tutulduğunu söyləyib. Daha sonra o deyib: “Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dollardır. Hesab edirik ki, bu, artırılmalıdır. Çünki Azərbaycan prezidentinin İrana səfərindən sonra iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı üçün münasib şərait yaranıb”.

Azərbaycan Respublikasının prezident İlham Əliyev İran İslam Respublikasına bu ilin aprelində rəsmi səfər edib.

COMMENTS