“Həyat yoldaşım nə deyirsə, onu edirəm”- MÜSAHİBƏ

Dosye.org müğənni Sevda Sanaliyevanın “Qafqazinfo”ya müsahibəsi təqdim edir:

– Yaradıcılıq fəaliyyətiniz davam edirmi? Yoxsa ana olmağınızla bağlı fasilə vermisiniz?

– Çətin hamiləlik keçirirəm. Lakin yaradıcılıq fəaliyyətimi bacardıqca davam etdirirəm. Hazırda daha çox istirahətə üstünlük verirəm.

– Keçən ilin sonlarında sizi şantaj etdikləri ilə bağlı məlumat vermişdiniz. O məsələ necə bitdi?

– Keçən ilki hadisələr keçən ildə qaldı. İndi yeni həyata yeni qərarlarla başlamışam. İnşallah xeyirlisi olar.

– Gizli ailə qurmağınıza səbəb nə idi?

– Əslində ailəni gizli qurmadım. Yaxınlarım, dostlarım və sənət dostlarım yanımızda idilər. Mən də, yoldaşım da toyumuzun efirdə yayımlanmasını və qəzetlərdə, saytlarda yazılmasını istəmədik. Özəl həyatımızın müzakirə olunmasının tərəfdarı deyilik.

– Bir az ailə həyatınızdan danışın.

– Ailə həyatımız normal keçir. Hamıda necədirsə, bizdə də elədir. Heç bir qeyri-adilik yoxdur.

– Həyat yoldaşı Sevdaya hansı qadağaları qoyub?

– Həyat yoldaşım mənə qadağa qoymur. Əslində mənə qadağa qoymasına ehtiyac yoxdur. O nə deyirsə, edirəm. İstəmədiyi heç nəyi etmirəm.

– Sevda xoşbəxtdirmi?

– Şükür Allaha ki, xoşbəxtəm. Bütün xanımlara xoşbəxt olmağı arzulayıram.

– Analıq necə hisdir?

– Hələ ki, özümü ana kimi hiss etmirəm, çünki tezdir. Övladıma nəsə olar deyə daha çox həyəcan və qorxularım var. Təki salamatçılıq olsun.

– Körpənizin cinsiyyəti bəllidirmi?

– Cinsiyyəti hələ bəlli deyil. Qız və ya oğlan olmasının fərqi yoxdur. Əsas salamat və xeyirli övlad olsun. Allah bilən məsləhətdir.

– Evləndikdən, ana olduqdan sonra həyatınızda nələr dəyişdi?

– Ailəli olmaq, ana olmaq hər ikisi məsuliyyət deməkdir. Hər şeyə, danışığıma, hərəkətlətimə daha çox diqqət edirəm.

– Modanı izləyirsinizmi? Geyim seçərkən nələrə diqqət edirsiniz?

– Dəb mənim üçün mənə yaraşan geyim deməkdir. Amma dəblə uyğunlaşmağa da çalışıram. Kilo aldığım üçün nə geyinsəm, özümə yaraşdırmıram. Ona görə də geyim seçmirəm.

– Rəqqasə olmaq çətindir, yoxsa müğənni?

– Rəqqasə olmaq müğənni olmaqdan daha çətin idi. Amma müğənnilik də asan deyil. İnsanların qəlbinə yol tapmaq, seçdiyin, oxuduğun mahnıların sevilməsi çox vacibdir. Əsas da insanların qəlbində qalmağı bacarmalısan.

– İncəsənət adamları hər zaman birmənalı qarşılanmayıb. Sizcə buna səbəb nədir?

– Meşə çaqqalsız olmur. Hər işdə olduğu kimi bizim sənətdə də pisi və yaxşısı var. Buna görə hamıya eyni gözlə baxmaq düzgün deyil.

– Ananızın xərçəng olduğunu söyləmişdiniz. İndi səhhəti necədir?

– Anamın böyrəyində xərçəng var idi. Əməliyyatla götürdülər. Hazırda vəziyyəti ağır olaraq qalır. Allaha anama şəfa versin. Bütün anaları övladlarına bağışlasın.Amin…

COMMENTS