Hacı İbrahimlə bağlı ən son xəbər – “Avesta”dan təkzib

“Gəncə aeroportunda saxlandığı barədə məlumat yalandır”

“Avesta” konserni Hacı İbrahim Nehrəmlinin Gəncə aeroportundan istifadə etməklə, ölkə xaricinə çıxmaq təşəbbüsü göstərərkən saxlanıldığı barədə mediada gedən xəbərləri təkzib edib.

Konserndən Musavat.com-a daxil olan məlumatda bildirilir ki, bu xəbər həqiqətə uyğun deyil, konsernin rəhbəri Hacı İbrahim Nehrəmli ölkə xaricinə getmək istəməyib.

Konserndən onu da bildiriblər ki, hazırda Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmaqla bağlı öhdəlik götürüb.

“Avesta”dan verilən məlumata görə, həmin kreditlərin qaytarılması üçün nəzərdə tutulan müddət 2019-cu ildə başa çatır: “Buna baxmayaraq, Hacı İbrahim Nehrəmli banka borclu olduğu kreditin yaxın 2-3 ay ərzində qaytarılması üçün öhdəlik götürüb və hazırda bu istiqamətdə çalışır”.

Qeyd edək ki, ölkənin ən iri sahibkarlardan biri olan Hacı İbrahim Nehrəmli bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılaraq saatlarla dindirilib. Sonra sərbəst buraxılıb. Üç gün öncə isə onu yenidən həmin idarəyə gətirildiyi və hələ də orda saxlandığı haqda mediada xəbər yayılıb.

Musavat.com

COMMENTS