Hacıqabul Mərkəzi Xəstəxanasında dərman biznesi

Ölkə səhiyyəsində baş verən bəzi neqativ hallar olduqca genişlənir desək yanılmarıq. Bir sözlə dövlət büdcəsini talan etmək üçün çalışan məmurların sayı o qədər çoxdur ki, sadaladıqca qurtaran deyil.

 

Qeyd etdiyimiz acınacaqlı hallar daha çox rayonlarda qeyd edilir. Söz rayonlardan düşmüşkən ilk öncə Hacıqabul Mərkəzi Xəstəxanasını xatırlamaq olar.

 

Əldə etdiyimiz məlumata görə, sözügedən rayonun baş həkimi Beydulla Qarayev büdcənin pullarının bir qismini elə bir şəkildə silməyə nail olub ki, hətta bunu mütəxəssislər də müəyyənləşdirə bilməyiblər. Belə ki, baş həkim büdcədən xəstəxana üçün ayrılmış pulun 10400 manatını «Digər xərclər»ə sərf edib. Bu məqsədlə isə «SRS Trading» MMC-lə müqavilə bağlayıb.

 

Deyilənlərə görə, rayonun aparıcı mütəxəssisləri «Digər xərclər»in nə olduğunu hələ də aydınlaşdıra bilmirlər. Onlar həmçinin bu xərclər mövcud olarsa belə, bu qədər pulun nə üçün həmin işlərə sərf olunduğundan təəccüb içindədirlər. Amma Beydulla Qarayev üçün bu adi haldır. Çünki onun büdcə pullarını silməkdə mahir usta olduğunu rayonda bilməyən yoxdur.

Başqa bir məlumatlarda bildirilir ki, baş həkim dərman ləvazimatlarını “Aptek” dükanlarına nağd pulla satdırır. Dövlət tərəfindən şəkər, vərəm və bu kimi xəstəliklər üçün nəzərdə tutulmuş dərmanlar təmənnasız verilməli olduğu halda, Beybulla həkim özünün şəxsi malı düşünərək qanunsuz addım atır.

 

Biz inanırıq ki, Nacıqabul Mərkəzi Xəstəxanasının Baş Həkimi Beybulla Qarayevin əməlləri qanunu formada araşdırılacaq. Məsələ ilə bağlı birbaşa Səhiyyə Nazirliyinə rəsmi məktub ünvanlanacaq. Araşdırmalarımız davam edir..

Dosye.org

COMMENTS