Hərbidə kütləvi həbslər gözlənilir

Hərbidə kütləvi həbslər gözlənilir

Hərbi mənbənin məlumatına görə, 97 nəfər həbs olunacaq

Üzeyir Cəfərov: «97 nəfərin həbs olunacağı ilə bağlı yayılan xəbər reallığı əks etdirmir»

 Respublika Hərbi Prokurorluğu Hərbi Dəniz Qüvvələrində yoxlamaları davam etdirir və bu iş üzrə müxtəlif şəxslər istintaqa cəlb olunur.

“Publika.az”-ın etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, yeyintilərin miqdarı o qədər böyükdür ki, həbslər daha geniş çevrəni əhatə edə bilər və bundan sonra 97 nəfərin həbs olunacağı ehtimalı var. Əgər HDQ-nin sabiq komandanı, vitse admiral Şahin Sultanov “danışsa”, keçmiş müdafiə naziri Səfər Əbiyevin həbs olunması qaçılmazdır.

Mənbənin bildirdiyinə görə, Şahin Sultanovun həbsi məhz Səfər Əbiyevlə sıx münasibətləri olan, “kod555″ adı ilə tanınan, miçman Elxan Hacıyevin verdiyi ifadələrdən sonra reallaşıb.
Xatırladaq ki, onun adı ölkələrə hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarının satılması, qanunsuz metal satışı, hərbi obyektləri, torpaq sahələrinin balansdan silinərək öz adlarına sənədləşdirilməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Quba, Qusar, Şəki və Türkiyədə villalar alınması, hərbi hissənin əsgər və işçilərini bu villalarda qanunsuz işlədilməsi, işçilərin rüşvətlə vəzifələrə təyinatı, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması kimi məsələlərdə hallanıb. Mənbənin bildirdiyinə görə, istintaqın əvvəlində miçman Hacıyev susurmuş. Sonradan prokurorluq Elxan Hacıyevin oğlu Rövzət Hacıyev barəsində yoxlamalara başlayıb. Evlər Idarəsinin rəisi olan Rövzət Hacıyevin adı qanunsuz mənzil alğı-satqısında hallanıb. Məhz oğlunun bu işlərdə adının hallanmaması üçün Elxan Hacıyev ifadələr verməyə başlayıb və Şahin Sultanov həbs olunub. Mənbəmiz qeyd edir ki, qanunsuzluqların miqdarı çox böyükdür. Təkcə bir gəmidə 400 ton oğurluq dizel yanacağı aşkarlanıb. Əgər indiyədək susan Şahin Sultanov ifadə verməyə başlayarsa, daha bir neçə generalın həbsi labüd olacaq.

Səslənən fikirlərə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, həbslər seriyası davam edəcək, amma 97 nəfərin həbs olunması ilə bağlı xəbər reallığı əks etdirmir: “Əcaib informasiya siyasəti həyata keçirilir və təəssüf ki, buna vaxtında reaksiya verilmir. 97 nəfərin həbs olunacağı barədə fikir səsləndirilməsi tamamilə yanlışdır. Sanki kimlərsə siyahı tutub və konkret rəqəm əldə olunub. Təbii ki, HDQ ilə bağlı araşdırma aparılır və müəyyən həbslər olacaq. Yazıda adı çəkilən Elxan Hacıyev və onun oğlu Rövşən Hacıyevlə bağlı araşdırılma aparılır. Rövşən Hacıyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və başqa yerə getməməklə bağlı iltizam alınıb. Istintaqın gedişində əlavə şəxslər də həbs olunacaq. Amma həbs olunanların sayı bu qədər ola bilməz”- deyə Üzeyir Cəfərov bildirdi.

COMMENTS