Hafiz Məmmədovun klubu rəsmən yüksək liqada

Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubunun yeni mövsümdən Fransa yüksək liqasında iştirakı rəsmiləşib.

 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə qərarı Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi qəbul edib.

FFF Fransa Milli Olimpiya və İdman Komitəsinin (CNOSF) iyulun 25-də “sarı-qırmızılar”ın Fransa yüksək liqasına buraxılması ilə bağlı qərarını təsdiqləyib. “Lans” rəhbərliyi də qərarın uzun və çətin intizardan sonra qəbul olunduğunu vurğulayaraq, komandaya dəstək olan hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Lans” ötən mövsümü üçüncü pillədə başa vurmaqla Fransanın yüksək liqasına vəsiqə qazansa da, İdarəetməyə Nəzarət üzrə Milli Direktorat (DNCG) klubun növbəti mövsümdən yüksək liqada iştirak üçün lazımi bank təminatının verilmədiyini əsas gətirərək, komandanı “Liqa 1″ə buraxmayıb. Hafiz Məmmədovun komandasının apellyasiya şikayətləri də nəticəsiz qalmışdı. Daha sonra “Lans” daha yuxarı instansiya sayılan CNOSF-a müraciət edərək oradan müsbət cavab almışdı.

COMMENTS