Harın məmur övladlarının sərt şəkildə cəzalanması təklif olundu: “ÖVLAD YOX, QOÇU YETİŞDİRİRLƏR”

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist ekspert İlqar Altay Savash. org-a məmur balalarının dəbdəbəli həyatlarından və bu həyatlarını cəmiyyətə nümayiş etdirmələrindən danışıb.

Ekspert qeyd edib ki, hansısa məmur övladının və ya yaxın qohumunun qanunsuz addımlarında həmin məmurun özü də ən az onlar qədər məsuliyyət daşıyır. Daha doğrusu hər şeyin kökü orada dayanır:

«Əvvəla onu deyim ki, məmur və ya sıravi vətəndaş olmasından asılı olmayaraq hər bir ata, nəsil ağsaqqalının tərbiyəsində, davranışlarında problem varsa, mütləq həmin ailədə böyüyən uşaqlar da həmin xarakterə sahib olacaq. Tərbiyə insana Allah vergisi deyil ki?! Hər kəs tərbiyəni görüb- götürür. Təbii ki, bunu bütün məmur övladlarına aid etmək olmaz. Övladları, qohumları savadlı, intellektli, ailəsi hər kəs üçün örnək ola biləcək, dövlətə vətənə sadiq kifayət qədər məmurlarımız, generallarımız var. Amma nə yazıq ki, qoçu yetişdirməkdə az qala bir- biri ilə yarışa girən vəzifəli şəxslərimiz də az deyil. Onlar sanki öz övladlarına ailə tərbiyə əvəzinə cəmiyyətə qənim kəsilməyin yollarını aşılayırlar. Nə dövlətə, nə də vətəndaşlara hörmət edirlər. Adi insan anlayışı bunlar üçün özündə heç nəyi ehtiva etmir. Məmur övladlarının, general qohumlarının vaxtaşırı olaraq qanunsuzluqlarının şahidi oluruq. Kriminal insanlar qalıb bir kənarda məmur övladları camaat, dövlət üçün ciddi baş ağrısına çevrilib. Onların atdığı hər addım dövlətçilik sistemində bir zərbədir. Onların harınlığı üzündən vətəndaşlarda dövlətə qarşı bir narazılıq yaradır. Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, bütün bunların artmasına dövlət şərait yaradır, göz yumur”.

Ekspert hesab edir ki, özbaşınalığı ilə ad çıxaran məmur övladlarının vaxtında islah olunması az da olsa digərlərinin qanunsuzluqlarının qarşısı alar: “Bu addımı məmurlardan gözləməyə dəyməz. Onların tərbiyə vermək bacarığı olsa, bunu elə ən başda edərdilər. Tərbiyə edib, cəmiyyətə ötürdükləri uşaq sonradan cəmiyyət üçün baş bəlasına çevrilməzdi. Deməli, onlarda övladlarına verəcək tərbiyə yoxdur. Əslində buna təəccüblənməməliyik. Məhz bu cür gənclərin valideynləridir ki, onların yol verdikləri qanunsuzluqlar ucbatından ölkəmiz ikiqat böhrana məruz qalıb. Qlobal dünya böhranından əlavə məmurlarımız da ölkəmiz üçün bir problemə çevrilib. Ölkəmizin bugünkü vəziyyətində hansısa məmur övladlarının qanunsuzluğu cəmiyyətdəki etirazları daha da alovlandıra bilər. Hüquq mühafizə orqanları, ictimai təhlükəsizlik idarəsinin əməkdaşları bu məsələdə prinsipal olmalıdırlar. Onların ən kiçik xətalarına belə güzəştə getmək olmaz. Hətta onlar asayişi pozduğu halda kasıb uşaqlarından daha sərt cəzalandırılmalıdırlar. Əks halda onları yoluna düzmək bizim üçün çətin olacaq.”

Qeyd edək ki, son günlər Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayevin oğlunun sosial mediada dəbdəbəli həyatını əks etdirən görüntülər yayılıb və əlbəttə, bu fotofaktlar ictimaiyyətədə siravi vətəndaşların ciddi etirazına səbəb olub.

Dosye.org

COMMENTS