Heydərovun “broker”inin “Mərdəkan macərası”: Əbülfəz Məlikov torpaq biznesinə girişib

Heydərovun “broker”inin “Mərdəkan macərası”: Əbülfəz Məlikov torpaq biznesinə girişib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından biri olan, gömrük brokeri kimi tanınan Əbülfəz Məlikov yeni biznesə girişib.

“Dosye.org” Azinforum.az-a istinadən xəbər verir ki, “Broker Əbülfəz” ləqəbi ilə tanınan şəxs Mərdəkanı almaq qərarına gəlib.
Daha doğrusu, o, Mərdakan qəsəbəsində Buzovna-Mərdakan elektrik qatarının yolunun üstündə olan bütün bahalı torpaqları qiymətindən asılı olmayaraq, satın alır. “Məlikovun həmin ərazidə qiyməti baha olan dəbdəbəli villalar və ticarət obyektləri inşa edib, satdığı bildirilir”.
Bildirək ki, brokerin özünün də şəxsi bağı həmin ərazidə yerləşir. Onun satın alaraq, genişləndirdiyi ərazi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bağ evinə yaxınlaşır.

Asiya.az-ın əldə etdiyi bir başqa məlumata görə isə Əbülfəz Məlikov hazırda da Dövlət Gömrük Komitəsinin bir sıra “qara işləri”ni həyata keçirməklə yanaşı, həm də özünün böyük biznesi var. Torpaq alveri onun “çərəz”lərindən biridir. Yəni, əlavə pulların yatırılması üçün nəzarətdə tutulmuş layihələrdən hesab olunur. Belə ki, o, hazırda xaricdən Azərbaycana ət gətirilməsindən tutmuş, siqaret daşınmasına qədər ən gəlirli işlərin başında dayanır.
Qeyd edək ki, Əbülfəz Məlikov FHN şefi Kəmaləddin Heydərovun ən yaxın adamıdır. Eyni zamanda, o, Heydərovun biznesinə, o cümlədən şirkətlərinin idxal-ixrac əməliyyatlıarına nəzarət edir. Bəzi sahələrdə isə Məlikovun Heydərovla şərik olduğuna dair məlumatlar da var.

Bununla bağlı geniş araşdırmamızı yaxın günlərdə təqdim edəcəyik.

DOSYE.ORG

COMMENTS