İcra başçısı toplantı keçirdi və hücumlar başladı- Xaçmazda

İcra başçısı toplantı keçirdi və hücumlar başladı- Xaçmazda

Bu gün Müsavat Partiyasının Xaçmazdan deputatlığa namizədi Söhrab Əmrahov onun müdafiəsi üçün toplanılmış seçici imzalarını Dairə Seçki Komissiyasına təqdim edib.

Bundan sonra ona və Müsavatın yerli təşkilatının rəhbərliyinə təzyiqlər daha da artıb. DSK-nin qarşısında öyrədilmiş bir qrup şəxs onlara hücum edib. Söhrab Əmrahova məxsus avtomobil arxadan vurulub. Bununla kifayətlənməyiblər. İmza vərəqələri təhvil verildikdən dərhal sonra deputatlığa namizəd Söhrab Əmrahov, Müsavatın rayon təşkilatının sədri Heybət Əmrah, Məclis üzvü Ramazan Əliyev və partiyanın seçki üzrə səlahiyyətli nümayəndəsi Ramiz Mustafayev polisə aparılıb. Hal-hazırda onlar polis idarəsindədirlər.

Xatırladaq ki, Xaçmazda hakimiyyət orqanları nəinki müsavatçı namizədə və onun müdafiəsi üçün imza toplayanlara, hətta müxalifətə imza verən seçicilərə belə kütləvi təzyiqə başlayıb.Bu haqda Müsavatın Xaçmaz rayonundan deputatlığa namizədi Söhrab Əmrahov özünün feysbuk səhifəsində yazıb.

“Dünən, sentyabrın 20-də imzaların toplaması başa çatdı. 550 imzani tam topladım. İndiki kimi müəllimliyim və müsavatçılığımla qürur duymamışdım. Hər bir həyətdə xoş simalar xoş üzlər gördükcə ruhlandım. Amma təəssüf ki, bu çox çəkmədi.

Xaçmaz İçra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin tapşırığı ilə bütün məktəb direktorları və büdcə təşkilatlarinda olanlara tapşıriq verildi ki, mənə səs verənlər imzasınə geri götürsünlər, ya da mənə deyib imzasını pozsunlar. Mən toplanmiş imzaları səlahiyyətli nümayəndəmə verdiyimdən, onlara bir surəti məndə qalmaqla, yazılı-imzali kağız verməyə məcbur oldum. Hətta Şükürov Murad adlı bir seçici dedi ki, müəllim, əyər məni işdən çıxarsalar, ailəmi götürüb sizə gələcəyəm ki, saxlayasan”, – Sahib Əmrahov yazıb.

Yerli mənbələrdən “Basta”ya daxil olan məlumata görə, dünən Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev icra aparatının növbədənkənar toplantısını keçirib. Toplantıda əsəbi vəziyyətdə olan icra başçısı “Yatmısız burda! Müsavatçılar gedib kəndbəkənd gəzib imza toplayırlar” deyərək, müsavatçı namizədin öz namizədliyini geri götürməsi üçün bütün vasitələrə əl atmağı əmr edib.

Qaraçı kəndindən olan bir qrup qadının Söhrab Əmrahovun evinə basqını planlaşdırılıb. Sentyabrın 21-dən 22-nə keçən gecə onlarla seçici məmurların müşayəti ilə Söhrab Əmrahovun yaşadığı evə gələrək, onun namizədliyinin müdafiəsi üçün verdikləri imzadan imtina etdiklərini bildirib, bu haqda müsavatçı namizəddən “arayış” alıblar.

Musavat.com

COMMENTS