“İlk oyunun səfərdə olması “Qarabağ”a üstünlük qazandırmır” – Kintana

“İlk oyunun səfərdə olması “Qarabağ”a üstünlük qazandırmır” – Kintana

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana müsahibə verib.

– Çətin də olsa, çempionatdakı ilk qələbənizi “Rəvan” üzərində qazandınız. Oyunla bağlı nə deyə bilərsən?

– Doğrudan da çox çətin matç oldu. Şadam ki, bu mövsüm Premyer Liqada ilk qələbəmizi qazandıq. “Rəvan” da xal qazanmağa çalışırdı. İlk dəqiqələrdən rəqib çox yaxşı oynadı. Amma 15-20 dəqiqədən sonra üstünlüyü ələ aldıq və daha yaxşı oynamağa başladıq.

– Aparıcı oyunçulardan Reynaldo və Riçard Almeydanın olmaması oyununuza necə təsir etdi?

– Bütövlükdə, yaxşı oynadıq. Biz oyuna yaxşı hazırlaşmışdıq. Mövsümə uğurlu başlamaq əsas istəklərimizdən idi. Aparıcı oyunçuların meydana çıxmaması isə baş məşqçinin qərarı idi. Fikrimcə, bu, düzgün qərar idi. Çünki qarşıda bizi vacib oyunlar gözləyir. Belə olan halda aparıcı oyunçular həmin oyunlar öncəsi yaxşı istirahət hüququ qazandılar.

– Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə “Yanq Boyz”u ilə səfər oyunundan nə gözləyirsən?

– Artıq çempionat oyunları geridə qaldı və bütün diqqətimizi “Yanq Boyz”la oyunlara yönəltmişik. Rəqibin oyununu analiz edəcəyik. Məşqçilər korpusu da bizə lazım olan bütün informasiyaları təqdim edəcəklər.

– “Yanq Boyz” barədə nə bilirsən?

– Əlbəttə. İnternetdən oyunlarına baxmışam. Amma baş məşqçi bizə daha geniş məlumat çatdıracaq.

– “Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilər?

– Buna çalışacağıq. “Yanq Boyz”la oyunlar bizim üçün çox vacibdir.

– İlk oyunun səfərdə keçirilməsini sizin üçün üstünlük saymaq olar?

– Xeyr, mən belə məqamlara diqqət yetirmirəm. Bunda hansısa üstünlük olduğunu düşünmürəm. İstənilən halda biz bu rəqiblə iki oyun keçirəcəyik. Bu görüşlərə maksimum dərəcədə ciddi hazırlaşmalıyıq. Hər iki oyunda uğur qazanmağa çalışacağıq.

 

COMMENTS