“İnadkarlıq yaxşı xüsusiyyət deyil” – MİRZƏ SAKİT

Şair Mirzə Sakit 1937.az-ın “ÖZÜNÜ TƏNQİD ET” layihəsinin qonağıdır

 

Tənqidə gələn çox cəhətim var. Saymaqla qurtaran deyil. Ancaq ilk ağlıma gələn səbirsiz olmağımdır. Bəzən elə olur ki, bir şeyə qiymət verməyə tələsirəm, sonra baxıram ki, səhv etmişəm. Belə də olanda məndə peşmanlıq hissi yaranır.

Bundan başqa, inadkar olmağım da var, bu da xoşuma gəlmir. Hesab edirəm ki, inadkar olmaq yaxşı xüsusiyyət deyil.

Hələ bu da var ki, çox nadir hallarda güzəştə gedirəm. Bəzən də heç bacarmıram. Bu da tənqid edə biləcəyim cəhətimdir. İnanın, səhvlərim çoxdur. Hamısını desəm, yəqin ki, heç kim mənə salam verməz…

Çox tərs adamam. Bu da yaxşı əlamət deyil. Biri mənimlə öcəşirsə, onunla sona qədər öcəşirəm. Düzdür, hər zaman öcəşib qalib gəlirəm, amma belə də olmur. Yaxşı xüsusiyyət deyil. Bunu qələbə adlandırmaq olmaz. Çünki vaxt itirirsən.

Səmimi deyirəm, heç vaxt özümə bağışlamadığım və bağışlaya bilməyəcəyim bir şey var. 1984-cü ildə bir pişik balası öldürmüşəm. Bilərəkdən olmadı, amma ehtiyatlı olsaydım, o pişik balası ölməzdi. Öldürəndən sonra anası axşama qədər balasının ölüsünün yanında fırlandı, mıyoldayıb nalə çəkdi.

Bir neçə dəfə çox sərt şeirlər yazmışam, amma buna görə sevinmirəm də. Əslində, belə olmamalıdır, insan hətta öz qəzəbini belə söyüşlə ifadə etməməlidir. Elə sözlər var ki, o sözləri nəzmə çəkəndə söyüşdən də betər olur. Görünür, cəmiyyətə qarşı edilən bəzi ədalətsizliklər məni çox qəzəbləndirib və bu haqda dərindən düşünməyə vaxt sərf etməmişəm, qələmi götürüb saplamışam.

Qələmin qətranı acı olsa da, onun qətranından yaranan sözlər bir az şirin olmalıdır. Hətta söyüş olsa belə. Ədəbiyyata siyasi hava qatmağın tam tərəfdarı olmasam da, cəmiyyətimizdə baş verən hadisələrə biganə qalmaqla da razı deyiləm. İnsanın bir yazar olmaqdan öncə, vətəndaş mövqeyi olmalıdır. Amma bunu ifrat həddə çatdırmaq da düzgün deyil. Yəni yazı adamının, şairin tam siyasiləşməsi ədəbiyyat üçün çox qorxuludur. Mən bəzi hallarda bunun ifratına varmışam.

Hərdən də düşünürəm ki, yenidən dünyaya gəlsəydim, çətin ki, hər şey başqa cür olardı. Ona görə ki, həyat tərzimdə xoşagəlməz hallar olsa da, heç vaxt narazılığım olmayıb. Ən azı ona görə ki, yenidən dünyaya gəlsəydim, hazırda sevdiyim xanımı tapa bilməzdim.

Bir sözlə, peşman olduğum şeylər çoxdur, ancaq bunlar qətiyyən yorulmaq, uduzmaq deyil. Həyat mübarizədir. Şübhəsiz ki, özünlə bağlı bəzi gerçəkləri də dilə gətirməlisən.

COMMENTS