İranlı deputat Azərbaycanı niyə hədələdi?

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur növbəti dəfə Azərbaycanın ünvanına ittihamlar səsləndirib.

 

Dosye.org saytı İran mətbuatına istinadən xəbər verir ki, Həqiqətpur İran səmasında vurulan İsrail pilotsuz təyyarəsinin Azərbaycandan havaya qalxdığını bildirərək, buna görə Azərbaycana qarşı tədbirlər paketinin hazırlandığını söyləyib.

“İran Məclisi İsrail təyyarəsinin öz ərazisindən uçuşuna icazə vermiş ölkəni cəzalandırmaq üçün tədbirlər paketi hazırlayır”.

İsrail müdafiə nazirinin yaxınlarda Azərbaycana səfər etməsindən narahatlığını bildirən iranlı deputat Azərbaycanın İranla münasibətlərdə “səmimi” olmasını vacib hesab edir.

Qeyd edək ki, Azərbaycan tərəfi bundan öncə bəyan edib ki, İsrail pilotsuz təyyarəsinin ölkəmizin ərazisindən havaya qalxması haqda deyilənlər əsassız iddialardır.

Xatırladaq ki, Mənsur Həqiqətpur tez-tez antiazərbaycan bəyanatlarla çıxış edir. Onun bir müddət əvvəl Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzovla da mübahisəsi düşmüş və tərəflər “söz duelinə” çıxmışdılar.

COMMENTS