“İŞİD-i tezliklə neytrallaşdırmaq mümkün olmayacaq”- Barak Obama

İraqda son dərəcə fəallaşmış “İraq-Şam İslam dövləti” (“İŞİD”) terrorçu qruplaşmasının yaraqlılarını yaxın bir neçə həftədə neytrallaşdırmaq mümkün olmayacaq. Buna daha çox vaxt tələb olunur.

İTAR-TASS agentliyi xəbər verir ki, ABŞ prezidenti Barak Obama avqustun 9-da Ağ evdə verdiyi bəyanatda bunu etiraf edib. “Düşünmürəm ki, biz bu problemi bir həftə ərzində həll edə bilərik. Buna müəyyən vaxt lazımdır” – deyə İraqdakı vəziyyəti və ABŞ-ın terrorçuların mövqelərinə havadan zərbələr endirmək qərarını şərh edərkən vurğulayıb.

Ağ evin başçısı qeyd edib ki, ABŞ-ın İraqda yeni tammiqyaslı hərbi əməliyyatlara başlamasına hazırlaşmır. “Problemin xarakteri” elədir ki, onu Amerikanın hərbi qüvvələri həll edə bilməz, bununla İraq hakimiyyəti məşğul olmalıdır. ABŞ prezidentinin fikrincə, hazırkı mərhələdə Bağdadın əsas vəzifəsi İraq əhalisinin bütün etnik və dini qruplarının təmsil olunduğu yeni hökumət formalaşdırmaqdır.
Bununla yanaşı, Barak Obama bildirib ki, İraqın “terrorçular üçün daimi sığınacağa” çevrilməsinə yol verməmək üçün Vaşinqton Bağdada hərbi yardım göstərməkdə davam edəcək.

COMMENTS