İŞİD liderinin yəhudi agenti olduğu bildirilir?

Bərzani pəşmərgələrə başqa bölgələrdəki kürdləri də qorumağı tapşırıb; Türkiyə isə türkmən qaçqınlara yardım göndərib…

İraqda iyunun əvvəlindən İŞİD terrorçu qruplaşmasının işğal etdiyi bölgələrdə faktiki olaraq köməksiz qalan yerli türkmənlərin faciəvi durumu davam edir. Mosul, Telafer, Duz Xurmatı kimi türkmənlərin sıx yaşadığı bölgələri ələ keçirən qruplaşma yaraqlıları müqavimət göstərən hər bir türkməni qətlə yetirir. Bir çox türkmən ailələri artıq öz evlərini tərk edərək şimala – kürd administrasiyasının nəzarətindəki ərazilərə keçir, oradan isə mərkəzi bölgələrə göndərilirlər.

Türkiyə hökuməti isə İraqda ağır durumda olan türkmənlərə hələlik yalnız humanitar xarakterli yardımlar edə bilir. Belə ki, baş nazirlik yanında Fəlakət və Fövqəladə Halların İdarə Mərkəzi İraqda döyüş bölgəsində çətin vəziyyətdə olan 3 min qaçqına humanitar yardım aparıb. Kərkük və Duz Xurmatıda ağır durumda olan türkmənlərə ilkin yardımlar paylanılıb. Hər yardım paketində 2 kiloqram ərzaq və digər zəruri məhsullar olub.

Türkmənlərin yaşadığı bölgələrdə bayram günlərində də partlayışlar ara verməyib. Duz Xurmatı qəsəbəsində bomba partlayışı bir evi tamamən dağıdıb, ölən olmasa da, bir neçə sakin yaralanıb. İraqın yerli “Suməriyyə” telekanalı isə İŞİD yaraqlılarının içməli su quyularına neft tökməklə yararsız hala gətirdiyi haqda xəbər yayıb. Telekanala bu barədə danışan İraqın əl-Əzim bölgəsinin icra başçısı bildirib ki, Bakuba şəhərindən 60 kilometr uzaqlıqda yerləşən qəsəbədəki su quyuları İŞİD terrorçuları tərəfindən bu cür yararsız hala gətirilib. Hökumət rəsmisi 13 quyunun partladılaraq məhv edildiyini, 9-nun isə neft tökülərək yararsız edildiyini bildirib. Ehtimal olunur ki, İŞİD-çilər bunu yerli qüvvələrin müqavimətini qırmaq üçün edirlər.

İraq ordusu isə ölkənin mərkəzində əməliyyatlarını davam etdirir. Diyalə bölgəsində terrorçulara qarşı əməliyyat nəticəsində 40 İŞİD yaraqlısı öldürülüb. İraq ordusunun Bəyci neft emalı zavodunun yaxınlığında apardığı antiterror əməliyyatları zamanı isə 15 İŞİD terrorçusu məhv edilib.

Bu arada sabiq Amerika kəşfiyyatçısı Eduard Snouden İŞİD lideri Əbubəkr əl-Bağdadi haqda ilginc məlumatlar yayıb. Snouden bildirib ki, əl-Bağdadi ərəb deyil, yəhudidir və onun əsl adı Şimon Eilotdur. Keçmiş kəşfiyyatçısı bildirib ki, ABŞ, Britaniya və İsrail kəşfiyyatı İŞİD-i “Hornets nest” (“Arı pətəyi”) adı verilən bir plana əsasən yaradıblar. Onun sözlərinə görə, İsraili qorumanın yeganə yolu kimi İsrail sərhədlərinə yaxın yerdə düşmən yaratmaq olub. Bu məqsədlə də o, İŞİD-in qurulduğunu söyləyib. Türkiyə mediasının iddiasına görə, gerçək Bağdadi öldürülüb və Amerika kəşfiyyatı onun yerinə yəhudi agent yerləşdirib. Hələ ki, bu iddialar təkzib olunmayıb.

Ötən gün İraqın kürd administrasiyasının lideri Məsud Bərzani kürd muxtariyyətinin silahlı qüvvələri olan pəşmərgənin hərbi bazasını ziyarət edərək İŞİD-ə qarşı mübarizəyə çağırıb. Suriyanın şimalındakı kürdlərin yaşadığı Rojova şəhərini İŞİD yaraqlılarından qorumağa çağıran Bərzani pəşmərgənin ağır silahlarla silahlandırılacağını da bildirib: “Siz necə İraq Kürdüstanını qoruyursunuzsa, o cür də Rojovadakı qardaşlarımızı müdafiə edin və onlara yardım edin”.

COMMENTS