Jurnalist hansı səbəblərdən saxlanılıb?

Jurnalist hansı səbəblərdən saxlanılıb?

Elçin İsmayıllı: “Peşə fəaliyyətimdən bir addım da olsa geri duran deyiləm”

İyunun 2-də “Cümhuriyyət” qəzetinin redaktor müavini və “Azərbaycan saatı” televiziya proqramının müxbiri Elçin İsmayıllı İsmayıllıda saxlanıb. Onu məhkəməyə aparıb İnzibati Xətalar Məcəlləsinin 294-cü maddəsinə əsasən xəbərdarlıq edib sərbəst buraxıblar. Rayonun polis rəisi Nizami Qocayev “Yeni Müsavat”a açıqlamasında jurnalistin saxlanılmasının onun peşə fəaliyyəti ilə əlaqəli olmadığını deyib.

Elçin İsmayıllı “Yeni Müsavat”a mövqeyini əks etdirən məlumat göndərib. Jurnalist yazır ki, iyunun 2-də Ağcabədidə olub, 16 radələrində İsmayıllıya gəlib: “Çəkdiyim süjetləri “Azərbaycan saatı” Tv proqramına göndərdim. 19:30-da yaşadığım mənzilin yanındakı çayxanaya getmişəm. Orada tanıdığım qonşularımla əyləşib domino oynamışıq və eyni zamanda 2 bokal pivə içmişəm. 20:50-də əyləşdiyim şəxslərlə xudahafizləşib evə gəldiyim. Həmin çayxana ilə yaşadığım mənzilin arasında 50 metr məsafə ancaq olar. Binaya yaxınlaşanda 3 polis avtomaşınının binanın önündə dayandığını gördüm. Cinayət axtarış bölməsinin əməkdaşı polis mayoru Vahid Məhərrəmov və leytenant Zaur Tağıyev mənə yaxınlaşdılar. Salamlaşdıq və bildirdilər ki, polisə getməliyəm. Onlara dedim ki, evə qalxım əynimi dəyişim. Razılaşmadılar. Polis kapitanı Tural Namazovun şəxsi avtomobilinə əyləşdirərək polisə gətirdilər. Üstümdə olan əşyalarımı alaraq növbətçi hissədə saxlama kamerasına qoydular. Həmin anda polislərdən məni niyə saxladıqlarını izah etmələrini tələb etdim. Qanunda yazılıb ki, polis vətəndaşı saxladıqda ona bunun səbəbini izah etməlidir. Əvəzində mənə qarşı qeyri-etik davranış nümayiş etdirdilər. Gecə 1-ə kimi ayaq üstə saxladılar. Tələb etdim ki, məni yataqla təmin edin, ya da ki, evə buraxın gedib gecələyib səhər gələrəm. Heç nə demədilər. Dəmir barmaqlıqlı qapıya söykənib dayanmışdım ki, bu an qapı çərçivəsindən aralandı. Gecə 2-də məni yataqla təmin etdilər. Mən yatmağa getdikdən sonra hadisənin miqyasını böyütmək üçün qapını dartıb qırıblar. Əgər mən qapını yumruqla, ya təpiklə, ya çiynimlə vurub qırmışamsa, onda niyə mənim bədənimdə hər hansı xəsarət izi yoxdur?”

E.İsmayıllı deyir ki, polis rəisinin dediyi kimi içkiyə meylli deyil: “Nizami Qocayev deyir ki, Elçin İsmayıllı içkiyə meyllidir. Arabir pivə içirəm. Həmin gün də axşam saatlarında işimi qurtarıb 2 bokal pivə qəbul içmişəm. Bu qəbahətdir? Yaxud polis neçə dəfə məni sərxoş halda yoldan götürüb? Nizami Qocayev deyir ki, Elçinlə izahedici söhbət aparılıb. Fakt odur ki, əsassız halda evimin yanından girov götürüblər. Hüquqlarım pozulub. Bir gecə polisdə saxlanılmışam. Şəxsən rəis mənə deyib ki, sən yazılarını yığışdır, “Azərbaycan saatı”ndan, Azadlıq qəzetindən imtina et, Qənimət Zahidlə bütün əlaqələri kəs. Hətta mənə misal kimi Eynulla Fətullayevi göstərib ki, yaxşı yaşamaq istəyirsənsə bunun kimi addım at, yoxsa belə getsə yaxın vaxtlarda sənin üzünə adam durğuzdurub səni həbs elətdirəcəm. Mən bütün bu təkliflərdən imtina etmişəm və məhkəməyə aparılmışam. Məhkəmədə polis zabitləri Tural Namazov, Zaur Tağıyev və Asiman Mustafayev üzümə dirəndilər ki, güya mən həmin ərazidə sərxoş halda ünvansız söyüşlər söymüşəm. Ancaq vəkilin suallarına düzgün cavab verə bilmədilər, fikirlər ziddiyətli olduğu üçün hakim xəbərdarlıq edib məni azad etdi. İsmayıllı polisinin insanların üzünə dayanmağını hər birimiz İsmayıllı hadisələrindən bəri gözəl bilirik. Həmin hadisələrdə İlqar Məmmədovun, Tofiq Yaqublunun və sair insanların üzünə İsmayıllı polisi dirəndi. Həmin hadisələrdə qardaşım Elşən İsmayıllı mənə görə həbs edildi və 1 il doqquz ay həbsdə saxlanıldı. Ondan sonra həmişə mənə qarşı təhdidlər olub, bu gün də var”.

E.İsmayıllı qeyd edir ki, İsmayıllı polisində içkili halda maşın qarışıq körpüdən aşanlar var: “İçkili halda rəis müavini bir neçə gün bundan qabaq avtoqəza törətdi. Bəs hörmətli Nizami Qocayev onlara qarşı niyə tədbir görmür? Mənə qarşı böyük haqsızlıqlar oldu, hər an yenə şərlənib həbs oluna bilərəm. Ona görə də təhlükəsizliyim üçün beynalxalq təşkilatları ayıq-sayıq olmağa səsləyirəm. Məni və yaxınlarımı izləyirlər. Təcridxana qapısının sınması məsələsi əlbəttə ki, izahatımda yazmışam. Ki, mən söykəndiyim halda qapı çərçivəsindən aralanıb və təmir elətdirməyə hazıram. Sonrası da yeni tikilən polis binasında qapı niyə belə tez sınmalıdır? Məlumdur tikintiyə ayrılan vəsaitin 70% mənimsəniləndə nəinki qapı heç nəyin keyfiyyəti ola bilməz. Bəli bir polis rəisi kimi Qocayevlə normal münasibətim var. Ancaq mənə qarşı çox ədalətsizlik etdi. Növbətçi mənə dedi ki, rəis Bakıdan zəng edib deyib ki, Elçini gətirin salın içəri. Həmin gün Bakıda İsmayıllı günü keçirilib. Guya orada Prezident Adminstrasiyasından kimsə olub və deyib ki, Elçinin öhdəsindən gələ bilmirsiniz və mənim həbsim zərurəti yaranıb. Ancaq araşdırdım, yalan çıxdı. Mənim həbsimi şəxsən polis rəisi sifariş edib və məqsəd jurnalist fəaliyyətimin qarşısını almaqdır. Mən Nizami Qocayevdən belə ədalətsizlik gözləmirdim”.

E.İsmayıllı Azərbaycan hakimiyyətinə səslənib: “Azərbaycan hökumətindən mənə qarşı olan basqılara son qoymasını tələb edirəm. Peşə fəaliyyətimdən bir addım da olsa geri duran deyiləm”.

COMMENTS