Kremldən tələblər: “Xain Ermənistanı cəzalandır!”

Kremldən tələblər: “Xain Ermənistanı cəzalandır!”

Moskvaya yaxın politoloqlar İrəvanın son hərəkətlərinin səbir kasasını daşırdığını, Paşinyanın cəzalandırılmasını, hətta 102-ci bazanın çıxarılmasını mümkün hesab edirlər

Moskva ilə İrəvan arasında artan gərginlik getdikcə açıq müstəviyə keçir. İrəvan nə qədər “cidanı çuvalda gizlətməyə” çalışsa da, Moskva bu cür vəziyyətə dözmək fikrində deyil. Martın 24-də məlum olub ki, Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma əsasnaməsindən irəli gələn öhdəlikləri tanıyıb.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu qərar dərc edildiyi gündən qüvvəyə minir. Bundan sonra Roma əsasnaməsi Ermənistan parlamentində ratifikasiya edilməlidir. Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan ölkənin Roma əsasnaməsinə qoşulmasını BCM-in Azərbaycanı Laçın dəhlizinin blokunu açmaq öhdəliyi qoyması ilə izah edib. Rusiyanın Xarici İşlər Nazirliyi Haaqa Məhkəməsi tərəfindən Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb. Moskva belə bir qərarın son dərəcə mənfi nəticələri ilə bağlı İrəvana xəbərdarlıq edib.

Rusiyada bəzi dairələr hesab edirlər ki, Moskva İrəvanın bu cür siyasətinə daha dözümlü reaksiya verməkdən əməli işə keçməlidir. Milli Tədqiqat Universitetinin dosenti, politoloq Andrey Suzdaltsev diqqəti həm də Qarabağda artan gərginliyə yönəldib. “Rusiyanın orada arxası yoxdur. Erməni siyasi təbəqəsinin anlayışında Rusiya hər şeydən əvvəl Ermənistana borcludur. Onlar hesab edirlər ki, Rusiya Ermənistanı xilas etməlidir. Amma Rusiyanın Ermənistana borcu yoxdur. Onlar Ukraynada bizim xüsusi əməliyyatımıza dəstək verən qərarlar belə qəbul etmədilər. Krım və yeni bölgələri də İrəvan tanımır. İranın mövqeyini nəzərə alsaq, bazamızın Ermənistandan çıxarılmasına və qoşunların Dağlıq Qarabağdan çıxarılmasına hazır olmalıyıq”. Ekspertin sözlərinə görə, təmas xəttində Rusiya tək qalıb. “Paşinyan indi Ermənistanın KTMT-dən çıxmasını təmin etməyə çalışır. O, artıq Vladimir Putinin “həbs edilməsi” üçün order verən beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyasını qəbul edib. Biz Ermənistanda qalıb kimi qoruyuruq?”

Sergey Markov: "Paşinyan və dostları Rusiyadan daha nə istəyirdilər?"

Sergey Markov

Rusiyalı politoloq Sergey Markov isə Ermənistan Konstitusiya Məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması qərarını şərh edərkən belə deyib: “Bu, Ermənistandan Rusiyanın üzünə bir şillədir. Bu, şəxsən Paşinyanın həyasızlığıdır. Kimsə bu ölkənin Rusiyanın müttəfiqi olduğunu düşünür? Bu, Rusiyanın müttəfiqi deyil, Rusiyanı satmaqdır. Bu qərar açıq-aydın göstərir ki, Paşinyan Rusiya ilə bütün əlaqələri kəsmək istəyir və onun prezidentinə hörmət etmir. Bu qərar onu da sübut edir ki, Ermənistan Rusiyanın müttəfiqi deyil, xaindir. Rəsmi Moskva buna belə yanaşmalıdır. Rusiya daha əvvəllər də Ermənistandan satqın hərəkətlər görüb. İndi belə bir qərar Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə vuracaq. Bu, Rusiya rəhbərliyinin səbrini daşıracaq son damla ola bilər. Bütün bunlar artan xətlə gedir – Aİ missiyasının regiona dəvəti və KTMT əleyhinə bəyanatlar. Bunlardan nəsə Rusiyanın Ermənistana münasibətinin əsaslı şəkildə dəyişməsinə gətirib çıxara bilər”.

Oxu.az - İqor Korotçenko: “Ermənistanda gözəl başa düşürlər ki, Qarabağ  əzəli Azərbaycan torpağıdır” - MÜSAHİBƏ

İqor Korotçenko

“Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı ekspert İqor Korotçenko məsələyə “əslində Ermənistan ikinci Ukraynadır – eyni nankor, millətçi düşüncəli və Qərbin altına uzanmağa hazır! Proses artıq geridönməzdir”, – deyə münasibət bildirib. Digər rusiyalı politoloq Aleksey Naumovun  sözlərinə görə, bu gün Moskva İrəvanla ittifaqdan heç nə qazanmır, yalnız narazılıq, şikayət eşidir. Politoloq qeyd edib ki, Rusiya Ermənistanla ittifaqdan heç nə qazanmasa da, Bakı ilə birlik Moskva üçün çox sərfəlidir: “Bu ittifaq həqiqətən də iqtisadi cəhətdən sərfəlidir, siyasi cəhətdən əsaslandırılıb və hər iki dövlət arasında əla münasibətlərlə möhürlənib”. Göründüyü kimi, Kremlə yaxın politoloqlar artıq İrəvanın cəzalandırılmasını, hətta 102-ci bazanın çıxarılmasını belə mümkün hesab edirlər. Mümkün ssenarilər nə ola bilər?

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın Ermənistanda ciddi maraqları mövcuddur. Ekspert hesab edir ki, Moskva üçün Ermənistan başqadır, Paşinyan administrasiyası başqa: “Qərbin İrəvanda məxməri inqilabla iqtidara gətirdiyi bir qüvvə var, amma bu səbəbdən Rusiya Ermənistanı itirmək istəmir. Ona görə Ermənistan dövlətini cəzalandırmır. Sadəcə, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün cəhdlər edilir və buna gec-tez nail olacaq. Çünki “Soros” Fondu hesabına hakimiyyətə gələnlər Ermənistan dövlətini klounlaşdırıblar”. A.Məsiyevin sözlərinə görə, Birləşmiş Ştatların İrəvandakı səfirliyində 2 mindən çox əməkdaşı var: “Kiçik bir dövlət üçün böyük rəqəmdir. Onlar Paşinyana ciddi məsləhətlər verirlər və onu hakimiyyətdə saxlayırlar. Bundan sonra Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək planı Qarabağ faktoru ilə bağlı ola bilər. Yəni bu məsələdən istifadə ediləcək. Vardanyanın Xankəndidə siyasi lider kimi yetişdirib Ermənistana transformasiya planı da var idi. Bir sözlə, hesab edirəm ki, Qarabağda uğurlu addımlarımız Paşinyan iqtidarının ömrünə son qoya bilər. Hərçənd Paşinyanın addımları strateji maraqlarımıza uyğun gəlir və onun hakimiyyətdə qalması lazımdır”.

Elxan Şahinoğlu: “Parisdə baş verən olaya reaksiya verilməlidir”

Elxan Şahinoğlu 

Analitik Elxan Şahinoğlu bu gedişatı şərh edərkən Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma əsasnaməsinə qoşulmaq planlarını tənqid edərək İrəvanın ünvanına belə bir cümlə işlətdiyini yada saldı: “Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda Ermənistanın qərarını tamamilə qəbuledilməz hesab edirik”. Moskva Ermənistanın sözügedən istiqamətdə atacağı addımların ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyini bildirib. “Atacağı addımlar” dedikdə söhbət Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə verdiyi orderdən gedir. Başqa sözlə, Putin İrəvana gedərsə, Ermənistan hüquq-mühafizə orqanları onu həbs etməlidir. Aydındır ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma əsasnaməsinə qoşularsa belə, İrəvanın Putini həbs etməyə cəsarəti çatmaz. Digər tərəfdən, belə vəziyyətdə Putin də İrəvana getmək istəməz. Maraqlıdır ki, Kremlin təlimatına əsasən Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin qərarını sərt tənqid edərkən, Rusiya Müdafiə Nazirliyi Ermənistanla birgə Qərbi Zəngəzurda ərbi təlimlər keçirib. Bu təlimlər Azərbaycanın əleyhinədir. Kreml bununla demək istəyir ki, baş nazir Nikol Paşinyanın siyasətindən narazı qalsa da, Ermənistanın Azərbaycan qarşısında gücsüz qalmasını istəmir”.

Politoloqun sözlərinə görə, buna baxmayaraq, Kreml-İrəvan münasibətləri tarixin ən soyuq dövrünü yaşayır ki, bu, Azərbaycanın maraqlarına uyğundur: “Moskva-İrəvan münasibətlərindəki hazırkı vəziyyət Qarabağ separatçılarını çıxılmaz vəziyyətə sürükləyir. Erməni separatçıları Qarabağda Rusiyasız “fəaliyyətlərinə” davam edə bilməyəcəklərini anlayırlar. Ancaq Kremlin Rusiya hərbi kontingentinə verdiyi hazırkı tapşırıq bundan ibarətdir ki, Azərbaycan hərbçiləri ilə toqquşmamalıdırlar. Bu, erməniləri ciddi narahat edir. Çünki erməni separatçıları Rusiya hərbi kontingentinin Azərbaycan hərbçilərini durdurmasını istəyir. Bu baş vermədiyinə görə erməni separatçılarının Rusiyadan məyusluğu artır. Bu o demək deyil ki, Rusiya Azərbaycanın maraqlarına uyğun hərəkət edir, sadəcə, biz Qarabağda hədəflərimizə doğru irəliləməkdə davam edə bilərik”.

Emil SALAMOĞLU

COMMENTS