Küçədə qalan ana fəryad etdi- “Məni aldatdılar”

“Yeddi aydır küçələrdə qalıram. İki aylıq körpəm var. Qazax rayonu, Aşağı Salahlı kənd sakini Muradov Asif Musa oğlu məni aldadıb, atıb küçələrə”. Bu sözləri Quba rayonu, Dağlı kənd sakini Fətullayeva Həzimə Şamil qızı Lent.az-a açıqlamasında bildirib.

25 yaşlı H.Fətullayevanın sözlərinə görə, telefonda tanış olduğu və özündən 11 yaş böyük A.Muradov hədə-qorxu gələrək onu qaçırıb: “Telefonda tanış olmuşduq. Mənə hədə-qorxu gələrək 2013-cü ilin oktyabr ayında zorla qaçırtdı. Asif Nərimanovda kirayə ev tutmuşdu, orda yaşayırdıq. Məni qaçırdandan sonra atam polisə müraciət edib ki, qızım itkin düşüb. Quba rayon polis şöbəsi bizi tapdı. Asif yenə mənə təzyiq etdi ki, polisə öz xoşunla qaçdığını denən. Polisdə də Asifin dediklərini yazdım. Asif də polisə dedi ki, bəs narahat olmayın, Həziməyə mən baxacam”.

A.Muradovla qaçan zaman onun evli olduğundan xəbərsiz olan H.Fətullayeva bu ilin fevralından küçələrdə yaşayır: “Hamilə qaldım. Atıb qaçdı məni. Sonradan bildim ki, Asifin uşaqları var. 4 aylıq hamilə, Qazaxa getdim. Asifin nə anası, nə yoldaşı məni qəbul etdi. Dedilər ki, uşaq başqasındandı, bəs sən Asifi şərləyirsən”.

İyulun 2-də övladını dünyaya gətirən H.Fətullayeva başı verənlərlə bağlı Nərimanov rayon 17-ci polis bölməsinə müraciət etsə də, heç bir faydası olmayıb: “Artıq polisə getməyə də utanıram. Dörd ay əvvəl bölmədə oldum. Zaur adlı təhqiqatçı ərizəmi aldı, sonra növbətçi hissəyə verdi. O vaxtdan bu yana səs-səmir yoxdu. Xahiş edirəm, aidiyyəti qurumlar mənə kömək eləsin. İki aylıq körpəmlə küçələrdə qalıram. Aldadılmışam, bilməmişəm”.

COMMENTS