Lənkəranda karantin rejimi əvvəlki vəziyyətə qaytarıldı

Lənkəranda karantin rejimi əvvəlki vəziyyətə qaytarıldı

“Lənkəranda karantin rejimi yumşaldılmadan öncəki vəziyyətə qaytarılıb”.

Bunu Modern.az-a Milli Məclisdə Lənkəranı təmsil edən deputat Rüfət Quliyev deyib. O qeyd edib ki, rayondakı vəziyyətlə mütəmadi maraqlanır, yenilikləri xəbər alır:

“Karantin rejimi müəyyən qədər sərtləşdirilib, nəzarət gücləndirilib. Lənkəran cənub sərhədinə yaxın olduğuna görə, karantin rejiminin yumşaldılmasından sonra burada yoluxma sayı artmağa başladı. Koronavirusla bağlı hər gün bir yeni informasiyalar yayılır.  Bu xəstəliklə bağlı tamam aydın olan, konkret məqamlar yoxdur. Bu baxımdan insanlar diqqətli olmalı, bir-birləri ilə sıx ünsiyyətdən qaçmalıdırlar. Lakin Lənkəranda faciəvi durum yoxdur”.

Yoluxma hallarının artacağı təqdirdə karantin rejiminin yenidən sərtləşdiriləcəyini qeyd edən R. Quliyevin sözlərinə görə, vəziyyətin necə dəyişməsi insanların məsuliyyətindən asılıdır:

“Lənkəranda hüquq mühafizə orqanları vəziyyətə ciddi nəzarət edirlər. Karantin qaydalarını pozanlara xəbərdarlıq edilir, bir neçə dəfə buna riayət etməyən şəxslər cəzalandırılır.

Maskalardan istifadə məsələsinə gəlincə isə, nə qədər təbliğat aparsaq da insanların daxili xarakterindən, intizamlılığından çox şey asılıdır. Məsuliyyəti dərk etməyən, sosial məsafəni qorumağa çalışmayan şəxslər üçün maarifləndirmənin də o qədər təsiri olmur. Amma biz hər bir halda koronavirusla mübarizəyə ciddi diqqət ayırmalıyıq”.

DOSYE.ORG

COMMENTS