Lerik Rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş Şuranın geniş iclası keçirildi

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş Şuranın geniş iclası keçirildi

heq.jpg

Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək  tər gül-çiçək dəstələri qoydular.

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov 2015-ci ildə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etdi. Bildirdi ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasında Prezident cənab İlham Əliyev beynəlxalq aləmdə baş verən ictimai-siyasi və iqtisadi hadisələri geniş təhlil etmiş və ölkəmizdə baş verən prosesləri xarakterizə edərək bildirmişdir ki, Azərbaycan 2015-ci ildə də uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır.

Azərbaycanda dinamik, çoxşaxəli sosial-iqtisadi inkişaf, günün tələbləri ilə ayaqlaşan davamlı islahatlar, beynəlxalq siyasət meydanında söz sahibi olmaq hədəfi uğurla reallaşır. Müstəqilliyini 25 il öncə bərpa etmiş gənc bir dövlət olan Azərbaycan öz uğurları ilə tarixə yeni, mühüm səhifələr yazır. 2015-ci ildə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, kənd təsərrüfatı 6,6 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Dünyada baş verən siyasi, iqtisadi, sosial kataklizmlərə baxmayaraq ölkəmiz yenə də beynəlxalq sferada kapital yönəldilməsi üçün cəlbediciliyini qoruyur.

Ölkə başçısının Nazirlər Kabinetinin iclasında pensiya və əmək haqlarının artırılması ilə bağlı təkliflərin hazırlanması üçün hökumətə verdiyi tapşırıqlar və qısa müddətdə pensiya və müavinətlərin, əmək haqlarının artırılması, “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər”, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlar imzalaması əhalinin mövcud vəziyyətdən çıxarılması istiqamətində atılmış uğurlu və önəmli addımlardır.

Eyni zamanda manatın devalvasiyası nəticəsində ərzaq məhsullarının kəskin bahalaşmasının qarşısının alınması məqsədilə ölkə başçısı tərəfindən dərhal tədbirlərin görülməsi, süni qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumlarına və hüquq mühafizə orqanlarına tapşırıqlar verməsi əhali tərəfindən yüksək qiymətləndirildi.

Nazirlər Kabinetində cənab Prezidentin giriş və yekun nitqləri fəaliyyətimizdə proqram kimi qəbul edilmiş, qeyd edilmiş nöqsanların aradan qaldırılması və verilmiş tapşırıqların rayonda icrasına başlanılmışdır. Rayon icra hakimiyyəti hüquq mühafizə orqanları ilə birgə əhalini narahat edən süni qiymət artırılmasını dərhal nəzarətə götürmüşdür. Görülmüş qabaqlayıcı tədbirlər və sahibkarla aparılan profilaktik söhbətlər öz bəhrəsini vermişdir. Rayonda  əhalinin daha çox istifadə etdiyi un, çörək və digər zəruri ərzaq malları İqtisadiyyat Nazirliyinin müəyyənləşdirdiyi qiymətlərə satılır və bu gündəlik nəzarətimizdədir.

2015-ci il rayonumuz üçün də uğurlu il olmuşdur. Respublikamızda aparılan ardıcıl, uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır. Sahibkarlıq subyektlərində, digər sahələrdə 732 nəfər rayon sakini işlə təmin edilmişdir ki, bunlardan da 410-u daimi iş yerləridir. Üçüncü Dövlət Proqramının icrası ilə bağlı 1309 nəfər, ümumilikdə isə Dövlət Proqramlarının icrası ilə bağlı son 12 ildə rayonumuzda 10317 yeni iş yeri açılmışdır. Yeni yaradılan iş yerlərinin 40 faizdən çoxu daimi iş yerləridir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezidentin çıxışı və qeyri-neft sektorunun, kənd təsərrüfatının, sənayenin inkişafını təmin etmək məqsədilə verdiyi tapşırıqların, qarşıya qoyulan vəzifələrin rayonumuzda icrasını təmin etmək  üçün konkret vəzifələr müəyyənləşdirilmişdir.

Rayonumuz dağlıq relyefdə yerləşdiyindən əhalinin əsas məşğuliyyəti və gəlir əldə etdiyi sahə kənd təsərrüfatıdır. Kənd təsərrüfatının inkişafı ilə bağlı rayonumuzda bir sıra işlər həyata keçirilsə də,  görülən işlər günün tələbləri səviyyəsində olmamışdır.

Dövlət səviyyəsində kənd təsərrüfatının inkişafına verilən dəstək, cənab Prezidentin tapşırığı ilə məhsul istehsalçılarına yanacaq və motor yağlarına görə verilən subsidiyaların artırılması, güzəştli şərtlərlə gübrələrin verilməsi kəndçidə torpağa bağlılığı artırmışdır.

Ekoloji cəhətdən təmiz ərzaq məhsullarının istehsalının artırılması üçün istehsal olunan məhsulun əhalidən alınmasını təmin etmək məqsədilə tədarük məntəqələri yaradılmalıdır. İnanıram ki, yerli sahibkarlardan bu istiqamətdə də  sərmayə qoyanlar olacaqdır.  Hazırda yerli sahibkar tərəfindən Peştətük kəndində süfrə suyu və şirə sexinin tikintisinə başlanılmışdır. Bu gələcəkdə həm Zuvand ərazisində, həm də digər ərazilərdə meyvəçiliyin daha da inkişafına stimul verəcək, burada təbii şəkildə bitmiş meyvə və giləmeyvələrin emal üçün qəbul edilməsi əhalinin gəlirlərinin artmasına zəmin yaradacaqdır.

Min hektarlarla məhsuldar torpaq sahələrinə malik olan vətəndaşlarımızın bu sahənin inkişafına meyl göstərməməsi, əkin-biçin, maldarlıqla məşğul olmaması, ərazi icra nümayəndələrini, bələdiyyə qurumlarını narahat etməlidir. Bütün dünyada olduğu kimi ölkəmizdə də iqtisadi çətinliklərin artması, neft və neft məhsullarının qiymətinin kəskin surətdə aşağı düşməsi sakinlərimizi torpağa daha da bağlamalı, əkin sahələri genişləndirilməli, heyvandarlıq inkişaf etdirilməlidir. Kənd təsərrüfatının inkişaf etdirilməsi ərzaq bolluğunun yaranması ilə yanaşı hər bir ailənin maddi vəziyyətinin yüksəlməsini təmin edəcəkdir. Yerli qurumlar, ziyalılar bu istiqamətdə əhali arasında geniş izahat işləri aparmalıdır.

2015-ci ildə bütün maliyyə mənbələri hesabına tikinti komplekslərində 17 milyon 920 min manat məbləğində və yaxud 2014-cü ilin müvafiq dövründən 4 milyon 200 min manat çox təmir-tikinti işləri həyata keçirilmişdir.

Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən hesabat ilində 347 min ton və yaxud keçən ilə nisbətən 18 min ton çox yük, 1 milyon 552 min nəfər və ya 6,5 faiz çox sərnişin daşınmışdır. Nəticədə yük və sərnişin daşınmasından 2 milyon 944 min manat, 2014-cü ilə nisbətən 124 min manat və ya 4,4 faiz çox gəlir əldə edilmişdir.

Rayonda işləyənlərin orta aylıq nominal əmək haqları 280,1 manat olmuşdur ki, bu da keçən ilə nisbətən çoxdur. Gəlirlərin artması ilə yanaşı əhalinin ticarət şəbəkələrindən aldıqları istehlak malları və onlara göstərilən xidmətlərin çeşidi və həcmi də artmışdır. 2015-ci ildə əhaliyə 71 milyon 848 min manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsi 1,4 faiz və ya 476 min manat, pullu xidmətlərin həcmi isə 1,8 faiz və ya 89 min manat çoxalmışdır. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 10 faiz artaraq 328 manata, adambaşına düşən pərakəndə əmtəə dövriyyəsi 5,5 faiz artaraq 717 manata çatmışdır. Adambaşına düşən pullu xidmətlərin həcmi 8,2 faiz və ya 1 milyon 277 min manat çoxalmışdır.

Hesabat ilində rayon əhalisinin sayı 1,3 faiz artaraq 81,9 min nəfərə çatmışdır. Əhalinin 9,9 faizi şəhərdə, 90,1 faizi isə kənd yerlərində yaşayır. Rayon əhalisinin 50,3 faizini kişilər, 49,7 faizini isə qadınlar təşkil edir. 2015-ci ildə 1494 doğum, 356 ölüm, 535 nikah, 37 nikahın pozulması qeydi aparılmışdır.  Rayon üzrə ümumi artım 159 nəfər, təbii artım 1138 nəfər olmuşdur. Hesabat ilində 68 nəfər rayona gəlmiş, 147 nəfər buradan köçmüşdür.

2015-ci ildə 180 şagird yerlik Pirasora və Ambu kənd tam orta məktəbləri üçün yeni bina tikilmiş,  rayon təhsil şöbəsi tərəfindən Lerik şəhər 3 saylı tam orta, Sors kənd ümumi orta məktəbi, Sorsçay kənd ibtidai məktəbi əsaslı təmir edilmişdir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 100 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmış, 180 şagird yerlik Boykəndil kənd tam orta və Əvilə kənd ümumi orta məktəbləri üçün yeni binaların tikintisi davam etdirilmişdir.

Son illərdə Lerik şəhəri daxil olmaqla 45 yaşayış məntəqəsi üzrə 4052 ailənin yaşayış evi qazlaşdırılmışdır. Hesabat ilində Anburdərə, Zəriküməco, Hıramo, Yuxarı Bilnə, Nıso-Murya, Qədiməkücə, Livədirqə kəndlərinin qazlaşdırılması başa çatdırılmışdır. Hazırda Murya, Durğan, Mastayıl və Əvilə kəndlərinin qazlaşdırılmasında tikinti işləri davam etdirilir. Rayonun digər kəndlərinin qazlaşdırılması üçün “Azəriqaz” İstehsalat  Birliyinə müraciət edilmişdir.

Hesabat ilində rayon ərazisində, əsasən Lerik şəhəri olmaqla 1254 m2 istinad divarı bərpa olunmuş, 3783 m2 divar ağlay plitələri ilə üzlənmiş, səkilərə 644 m2 tamet plitəsi döşənmişdir. Lerik şəhərinin küçə və yollarında 23,7 min m2 asfalt örtüyü salınmış, yeni müasir işıqlanma sistemləri quraşdırılmışdır.

Evləri qəza vəziyyətində olan vətəndaşlar üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 7 fərdi yaşayış evinin tikintisində işlər sürətlə davam etdirilmiş, daha 2 evin tikintisi üçün hazırlıq işlərinə başlanılmışdır. Rayonumuzda evi qəza vəziyyətində olan çadırlarda və ya yaxın qohumlarının evində yaşayaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni yaşayış evlərinin tikilməsini 30-dan çox vətəndaşımız da səbirsizliklə gözləyir. İnanırıq ki, yaxın zamanlarda onlar üçün də evlərin tikintisi reallaşdırılacaqdır.

Rayon əhalisinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi daim nəzarətdə saxlanılmışdır. Lerik şəhərində 17 meqavatlıq modul tipli elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq 35 kv-luq yüksək gərginlikli Lerik-Telavar-Yardımlı elektrik hava xətti yenidən inşa olunmuş, Lənkəran-Hamarat-Lerik elektrik hava xətti isə əsaslı təmir olunmuşdur.

Yeni fəaliyyətə başlayan “Azərişıq” ASC tərəfindən Cəngəmiran, Şingədulan, Mistan, Lüləkəran, Kəlvəz və Blaband kəndlərində yeni transformatorlar quraşdırılması, elektrik dirəklərinin və xətlərinin dəyişdirilərək sip kabellə əvəz edilməsi işlərinə start verilsə də, icrası olduqca ləng gedir. Nəzərdə tutulan işlər tam olaraq Mistan kəndində yekunlaşdırılmış, Kəlvəz kəndində isə son tamamlama işləri aparılır.

Mal-materialların çatışmaması və uzun illər elektrik təsərrüfatında əsaslı təmir işləri aparılmadığından xətlər demək olar ki, tam yararsız haldadır. Adi yağışlı günlərdə, ən zəif külək əsəndə ərazilərdə günlərlə işıq olmur, bu da əhali arasında ciddi narazılıq yaradır. Rayon icra hakimiyyətinin daxili imkanları və kənd sakinlərinin köməyi ilə bərpa edilən elektrik xətləri isə müvəqqəti xarakterli olur. Əhalini dayanaqlı elektrik enerjisi ilə təmin etmək üçün rayon paylayıcı elektrik şəbəkəsi “Azərişıq” ASC qarşısında ciddi məsələ qaldırmalıdır.

2015-ci ildə rayonumuzun yerli gəlir və xərcləri 18 milyon 291 min manat proqnozlaşdırılmış və 16 milyon 842 min manat vəsait xərclənmişdir. Yerli büdcənin mədaxil hissəsinin cari gəlirləri 2 milyon 228 manata qarşı 2 milyon 264 min manat icra edilmişdir. 2016-cı il üçün rayonumuzun yerli gəlir və xərcləri 16 milyon 783 min manat, o cümlədən büdcənin mədaxil hissəsinin yerli gəlirləri isə 2 milyon 268 min manat proqnozlaşdırılmışdır.

Daha sonra natiq rayonda əldə edilmiş uğurlarla yanaşı, ölkə başçısının vətəndaş-məmur münasibətləri ilə bağlı tələbkarlığına uyğun vətəndaşların qəbulu, müraciətlərinə baxılması və kargüzarlıq işlərinin aparılması vəziyyəti haqqında məlumat verdi.

Məruzə ətrafında rayon maliyyə idarəsinin müdiri Elman Abbasov, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, fermer təsərrüfatı başçısı Ələkbər Salayev çıxış edərək 2015-ci ildə rayonda ayrı-ayrı sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Şura iclasında Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış edərək son vaxtlar neftin qiymətinin kəskin ucuzlaşması və manatın məzənnəsinin dəyişməsi ilə bağlı yaranan çətinliklər barədə məlumat verdilər. Ölkə başçısının qısa müddətdə pensiya və müavinətlərin, əmək haqlarının artırılması haqqında sərəncamlar imzalaması, buğda məmulatları və çörəyin istehsalı və satışını 18 faizlik əlavə dəyər vergisindən azad etməsi, süni qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumlarına və hüquq mühafizə orqanlarına tapşırıqlar verməsi, biznes və sahibkarlığın inkişafı, bank və tikinti sektorunda şəffaflığın təmin edilməsi, süründürməçilik, bürokratiya və korrupsiya  halları ilə bağlı ciddi tapşırıqların verilməsi, Milli Məclisin növbədənkənar iclasının keçirilərək əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlara dəyişikləri edilməsi, xüsusilə əmanətlərin sığortalanması, gömrük tarifləri, vergi məcəlləsində edilən dəyişikliklər, əhalinin məşğulluğunun artırılması barədə verdiyi tapşırıqları diqqətə çatdırdılar. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verdilər. Rayonda görülən işləri qeyd etdilər, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildirdilər.

Sonda Şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Dosye.org

COMMENTS