Lübik Çibuxçyan Azərbaycandan sığınacaq istədi

Ermənistanın Tavuş vilayətinin qubernatorunun keçmiş müşaviri Lübik Çibuxçyan bir neçə deputata – fraksiya rəhbərlərinə məktubla müraciət edərək, ölkəni tərk edəcəyi təqdirdə Ermənistanın “hansı itki ilə üzləşəcəyini” izah edib.

 

Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, məktubda o, Azərbaycana niyə getmək istədiyinə bir daha aydınlıq gətirib. “Mənə onlardan heç nə lazım deyil. Sadəcə, onlara izah elədim ki, mən necə istedadlı insanam və Ermənistan nə itirəcək”, – deyə Çibuxçyan bildirib. Onun sözlərinə görə, deputatlar məktuba cavab verməyiblər. “Onlardan belə münasibət gözləmirdim”, – əlavə edib keçmiş müşavir.

Çibuxçyan daha sonra bildirib ki, Azərbaycan tərəfi də onun müraciətinə hələ ki, cavab verməyib, ancaq ümidini itirməyib.

Xatırladaq ki, işindən çıxarılmasına və haqqının tapdanmasına etiraz olaraq, həmçinin, öz ölkəsində ədalətin bərpasından əlini üzən Lübik Çibuxçyan ötən ay Azərbaycandan sığınacaq almaq üçün rəsmi Bakıya müraciət edib.

COMMENTS