Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasını açıqladı

Maliyyə Nazirliyi 2014-cü ilin dövlət büdcəsinin icrası haqqında məlumatlar açıqlayıb. Ötən il büdcənin gəlirləri 18 milyard 401 milyon manat, xərcləri isə 18 milyard 709 milyon manat olub. Nəticədə büdcədə 308 milyon manatlıq kəsir yaranıb.

Publika.az Maliyyə Nazirliyinə istinadən bildirir ki, ötən ildə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsaitlər 17,6 mlrd. manat təşkil edib. Bunun da 75,4 faizi və yaxud 13,3 mlrd. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Bu 2013-cü illə müqayisədə 11,8 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 72,3 faizi və yaxud 12,7 mlrd. manatı daxili mənbələr hesabına təmin edilib. Bunun da 63,4 faizi və yaxud 8,1 mlrd. manatı dövlət sektorunun payına düşüb. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18384,0 mln. manat proqnoza qarşı 18400,6 mln. manat və yaxud nəzərdə tutulduğundan 16,6 mln. manat çox icra edilməklə proqnoza 100,1 faiz əməl edilib. Ötən il qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6256,5 mln. manat məbləğində olub. Bu 2013-cü illə müqayisədə 19,3 faiz (1010,3 mln. manat), 2012-ci illə müqayisədə isə 34,8 faiz (1614,5 mln. manat) çoxdur.

2014-cü il dövlət büdcəsi gəlirlərinin 50,7 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 38,7 faizi Azərbaycan Respublikası Vergilər Nazirliyinin, 8,2 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin , 2,4 faizi isə sair daxilolmaların payına düşüb. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 7102,0 mln. manat proqnoza qarşı 7113,7 mln. manat, yəni nəzərdə tutulduğundan 11,7 mln. manat və yaxud 0,2 faiz, 2013-cü illə müqayisədə isə 449,7 mln. manat (6,7 faiz) çox icra olunub.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 4306,7 mln. manatı və yaxud 60,5 faizi qeyri-neft sektorunun, 2807,0 mln. manatı və yaxud 39,5 faizi neft sektorunun payına düşüb. Neft sektoru üzrə daxilolmaların 1712,1 mln. manatını Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, 1094,9 mln. manatını isə neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib.

COMMENTS