“Meydan TV”nin jurnalistlərini ölkədən buraxmadılar

“Meydan TV”-nin bir neçə əməkdaşının Azərbaycandan çıxışına qadağa qoyulub.
Bu barədəBizimyol.info saytına açıqlqmasında internet televiziyasının əməkdaşı Aytən Fərhadova məlumat verib. O, bildirib ki, bu gün Meydan TV-nin əməkdaşları seminarda iştirak etmək üçün Gürcüstana getmək istəsələr də, bir neçə nəfərini sərhəddən buraxmayıblar. 
“Bizim əməkdaşlardan bir neçəsi bir neçə gün əvvəldən Gürcüstana gediblər. Bu gün isə 6 nəfər – Natiq Cavadlı, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Şirin Piri, Elnur Muxtar və mən Ağstafada, “Böyükkəsik” sərhəd buraxılış məntəqəsində saxlanıldıq.  Aynur Elgünəş və Sevinc Vaqifqızını hər zaman olduğu kimi ciddi yoxladıqdan sonra ölkədən çıxmalarına icazə verildi. Bizə isə bildirildi ki, sizin adınızın qarşısında “Stop” olduğu üçün, ölkədən çıxmağınıza qadağa qoyulub. Ancaq bu qadağanın nəyə əsasən qoyulduğu barədə bizə heç bir məlumat verilmədi.  Suallarımıza cavab olaraq, bizə Daxili İşlər Nazirliyinə müraciət etməyimizi məsləhət gördülər” – deyə Aytən Fərhadova bildirdi. 
Meydan TV-nin icraçı direktoru Emin Milli də öz «facebook» səhifəsində bu barədə məlumat paylaşaraq, əməkdaşlara qoyulan qadağanın “Meydan TV” barəsində cinayət işi olması ehtimalını irəli sürüb.  

COMMENTS