Mikayıl Cabbarov: “Müəllimlərin maaşında fərq olacaq”

“Yüzlərlə müəllim sınaq qiymətləndirilməsi zamanı işdən çıxmaq barədə ərizə verdi. Amma, bizim məqsədimiz o deyil ki, müəllimlər işdən azad olunsun”.

Modern.az saytının verdiyi xəbərə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə sınaq qiymətləndirilməsinin məqsədi peşəkar, savadlı müəllimlərin yetişdirilməsindən ibarətdir.

“Bu qərarın nəticəsində heç bir müəllim işdən azad olunmur. Son məqsədimiz odur ki, yüksək nəticə göstərən müəllimlə zəif nəticə göstərən müəllim arasında fərq qoyulsun”.

Nazir deyib ki, sınaq qiymətləndirilməsində iştirak etmiş müəllimlərin orta dərs yükü 18 saatadək artırılıb.
“Bu proses müəllimlərə öz zəif və güclü tərəflərini üzə çıxarmağa kömək edir. Biz yüksək uğur göstərmiş müəllimlərə daha çox dərs yükünün verilməsi siyasətinə başladıq. Yüksək nəticə göstərən müəllimlə zəif nəticə göstərmiş müəllimin əmək haqlarında fərq olmalıdır”-deyə nazir bildirib.

M.Cabbarov bildirib ki, prezidentin maaşların artırılmasına dair sərəncamının icrası barədə mexanizm Nazirlər Kabineti tərəfindən hazırlanacaq.

Regionlarda çalışan müəllimlərin əmək haqlarının artırılmasına gəlincə, M. Cabbarov bunları bildirib: “Bu iş sistemli şəkildə həyata keçiriləcək. Bölgələrdə sınaq qiymətləndirməsi keçiriləcək. Sınaq qiymətləndirilməsinin keçirilməsinin bir gündə keçirilməsi təbii ki, qeyri-mümkündür”.

Nazir müəllimlərin maaşının azlığının səbəbini açıqlayıb. Onun sözlərinə görə müəllimlərin gəlirlərinin aşağı olmasının səbəbi yalnız 1 saat əməyə görə ödənilən məbləğin aşağı olması deyil. Mikayıl Cabbarov bildirib ki, maaş azlığının səbəbi müəllimlərin iş saatının az olması ilə bağlıdır.

O qeyd edib ki, Azərbaycanda dərs həftələrinin sayını və müəllimlərin dərs yükünü artırmaqla müəllimin əmək haqqında artıma nail olmaq olar:

“Müəllimlərin 64 faizi il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır”.

COMMENTS