Milli Qəhrəmanın atası icra hakimiyyətində döyüldü?

Dosye.org Bugun.az-a istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Səfərəli Məmmədovun atası Qurban Məmmədov “Bizim Yol” qəzetinə müraciət edərək Masallı Rayon İcra Hakimiyyətində məmurlar tərəfindən döyüldüyünü, təhqir olunduğunu, aldadıldığını bildirib.
Q.Məmmədov bu barədə hüquq mühafizə orqanlarına şikayət etsə də, problemin həll olunmadığını deyir. Onun sözlərinə görə, problemin kökündə rüşvət dayanır: “Mənim gəlinim Aysel Məmmədova Zahid qızı sakini olduğumuz Sərçuvar kəndində bağça müdiri işləyirdi. Masallı Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Adəm Məhərrəmov onu vəzifəsindən azad etdi. Gəlinimi iş yerinə bərpa etmək üçün məndən 5 min manat pul istədi. Məndə isə bu qədər pul yoxdur. Ailəmiz aldığım 200 manat təqaüdlə yaşayır”.
Qurban Məmmədov deyir ki, Adəm Məhərrəmovun əməlindən şikayət etmək üçün o icra başçısı Rafiq Hüseynovun qəbuluna gedib: “İcra hakimiyyətinin ikinci mərtəbəsində məmurlar məni pilləkəndən aşağı itələdilər. Mən xəstəxanalıq oldum. Sağalıb yenidən icra hakimiyyətinin qəbul otağına gəldim. Dəfələrlə icra başçısının qəbuluna yazıldım. İsrardan sonra məni Rafiq Hüseynov qəbul etdi. İcra başçısına Adəm Məhərrəmovdan şikayət etdim, o da şöbə müdirini müdafiə etdi və mənə dedi: “Hara gedirsən get, şikayət edirsən et, Adəmə heç nə eləyə bilməzsən”. Bu sözdən sonra mən A.Məhərrəmovla təkrar görüşdüm. Razılaşma əsasında mən ona 1000 manat verdim ki, gəlinimi işinə qaytarsın. İşinə qaytarmadı və verdiyim puldan mənə yalnız 400 manatı qaytardı. Adəm Məhərrəmov mənə 600 manatı qaytarmayacağını dedi”.
Milli Qəhrəman atası bu barədə hüquq-mühafizə orqanlarına şikayət etdiyini dedi: “Rayon prokuroru Fikrət Əsgərov məni yanına çağırdı. Mənə dedi ki, Adəmdən izahat alıblar və mənim işimi də bağlayıblar. Mən işin bağlanmasına etiraz etdim. Bu zaman prokuror mənə dedi: “Mən icra hakimiyyəti ilə bağlı cinayət işini başlasam, işsiz qalacam”. Rayonun polis rəisi də çarəsiz olduğunu bildirdi”.

COMMENTS