Milyarder Vardanyan Şuşanın kəndlərinə getdi, pul vəd etdi – yeni təhlükə…

Milyarder Vardanyan Şuşanın kəndlərinə getdi, pul vəd etdi – yeni təhlükə…

Ermənilər kəndlərdə sülhməramlıların müddəti başa çatanadək yeni daşnak yuvaları yaratmaq fikrindədir; İlham İsmayıl: “O, erməni ailələrə pul verir ki, çıxıb getməsinlər, amma xüsusi xidmət orqanlarının nəzarətindədir…”

Erməni iş adamı Ruben Vardanyan Şuşa rayonunun Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan kəndlərinə qanunsuz səfər edib. “Yeni Müsavat” bildirir ki, bu barədə Vardanyan özü facebook hesabında məlumat paylaşıb. O, Böyük Qaladərəsi, Kirov, Sarıbaba və Turşsu kəndlərinə baş çəkdiyini, orada yaşayan ermənilərlə görüşdüyünü bildirib. O, Qarabağda yaşayan ermənilərə yardım edəcəyini vəd verib. Şuşa inzibati rayonuna 1 şəhər, 1 qəsəbə (Turşsu), 37 kənd daxildir.

Kəndlərin adları belədir: Daşaltı, Göytala, Xanalı, Həsənabad, İmamqullar, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar, Allahqullar, Həsənqullar, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı və Nəbilər. Vətən müharibəsi nəticəsində Şuşa şəhəri və Daşaltı kəndi ermənilərdən azad olunub. Qalan kəndlər düşmən nəzarəti qaltında qalmaqdadır.

Qeyd edək ki, alternativ yol Şuşa rayonunun Turşsu qəsəbəsi, Göytala, Onverst, Sarıbaba, Böyük və Kiçik Qaladərəsi kəndlərinin yanından və ya ərazilərindən, Laçın rayonunun isə Ağanus, Unannovu, Ərəb, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf kəndləri və Qayğı qəsəbəsinin yaxınlığından keçir.  Alternativ yol boyu yalnız Şuşa rayonunun Tursşu qəsəbəsindən savayı öncə adını çəkdiyimiz kəndlərində – işğala qədər Azərbaycan vətəndaşı qismində ermənilərin yaşadığı məntəqələrdə yenidən vətəndaşlığımızı qəbul etmək şərti ilə ermənilər yaşaya bilər. Amma belə görünür ki, indi ermənilər “Laçın dəhlizi”ndən sonra bu yol üstündəki kəndlərdə möhkəmlənmək fikrindədirlər. İstisna deyil ki, ermənilər bu kəndlərdə yaxın üç ildə sülhməramlıların müddəti başa çatanadək möhkəmlənmək, bəlkə də yeni daşnak yuvaları yaratmaq istəyirlər. Ruben Vardanyanın bu kəndlərə səfəri və ermənilərə vədi bunun göstəricisidir…

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ƏLƏ  KEÇDİ...

 İlham İsmayıl

Təhlükəsizlik mövzuları üzrə mütəxəssis olan İlham İsmayılın “Yeni Müsavat”a dediyinə görə, Vardanyanın Qarabağa köçünə və bölgədə addımlarına rəsmi münasibət bildirmək hələ tezdir. Ekspertin fikrincə, bununla Azərbaycan erməni milyarderin gəlişini və onun statusunu qaldırmış olar: “Amma o demək deyil ki, Azərbaycan dövləti bu şəxsi başlı-başına buraxıb. Əksinə, Ruben Vardanyan xüsusi xidmət orqanlarının nəzarətindədir və buna münasibət bildirəcəklər, amma rəsmi reaksiya lazım deyil”. İ.İsmayıl qeyd etdi ki, onun hərəkətləri sülhə xidmət etmir: “Vardanyanın Ağdərənin kəndlərini, yaxud Xankəndi ətrafını deyil, Şuşa kəndlərini seçməsi təsadüfi deyil. O, bunu qəsdən edir. Xüsusən də Turşsu kəndində görüş keçirir, çünki həmin kənddə həmişə azərbaycanlılar çox olub. Sadəcə, istəyir ki, pul verməklə erməni ailələrini miqrasiyadan yayındırsın. Yəni onlar tək Xankəndidəki rejimdən asılı olmasınlar. Məncə, onun hərəkətləri nəzarətdə saxlanmalı, ölçüb-biçilib addım atılmalı və hansısa formada Vardanyan zərərsizləşdirilməlidir, başqa şəkildə rəsmi bəyanat verməyə ehtiyac görmürəm”.

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

 Asif Nərimanlı 

Siyasi təhlilçi Asif Nərimanlı güman edir ki, Qarabağa köçən erməni milyarder Ruben Vardanyanın separatçı rejimdə hansısa formada təmsilçiliyinin təşkil ediləcəyi, qondarma “nazirlərdən” biri ola biləcəyi istisna deyil: “Məqsəd separatçı rejimin adından Qərb ölkələrində danışıqlar aparmaq, əlaqələr qurmaqdır. Rubenin qondarma “dövlət naziri” postuna gətiriləcəyi haqda söhbətlər dolaşır. Bu qondarma “nazirliyə” müxtəlif “qurumlar” daxildir, Vardanyanın bu postda olması ona geniş “səlahiyyətlər” qazandıra bilər. O cümlədən bu postda olan Artak Beqlaryan separatçı-terrorçu rejimin Qərbdəki danışıqlarını həyata keçirənlərdəndir. Və hadisələrin bu istiqamətdə mümkün istiqaməti də səbəbsiz deyil; birincisi, Rusiya vətəndaşlığından imtina edən Vardanyan separatçı rejimin “təmsilçisi” kimi Qərb ölkələrini “sərbəst” gəzmək imkanı qazanacaq. İkincisi, bu “missiya” “çirkli pulların yuyulması” mexanizmini həyata keçirə bilməsi üçün ona legitimlik verəcək. Vardanyanın Qarabağa gəlişində onun özü ilə yanaşı, erməni lobbisinin, Qərbin və Rusiyanın da öz maraqları var”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

COMMENTS