Moskvadan İrəvana şillə: Ermənilərin silahları satıldı…

Moskvadan İrəvana şillə: Ermənilərin silahları satıldı…

Rusiya Ermənistan silahlı qüvvələrinin silah anbarlarını doldura biləcək böyük bir silah-sursat partiyasını İrəvana deyil, Vyetnamın paytaxtına göndərib.

Bu barədə Axar.az-a Rusiya Müdafiə Nazirliyi ilə sıx əlaqələri olan etibarlı mənbə bildirib.

Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, söhbət Rusiyanın ORSIS hərbi şirkətinin yeni nəsil, yüksək dəqiqliyə malik Т-5000 snayper silahlarından gedir.

Bu silahları 2018-ci ilin mart ayında Ermənistan Müdafiə Nazirliyi sifariş edib. Razılaşmaya əsasən, erməni tərəfi külli miqdarda pulu Rusiya şirkətinə köçürməli, şirkət isə öz növbəsində böyük silah partiyasını İrəvana göndərməli idi. Amma ORSIS bəyanat verərək, Ermənistan Müdafiə Nazirliyinin bu böyük razılaşmadan boyun qaçırmaq istədiyini bildirib:

“Artıq Ermənistan Müdafiə Nazirliyinə rəsmi məktub göndərilib. Ermənistan tərəfinin bir neçə milyonluq tenderi qəsdən ləngitdiyinə görə məhkəmə prosesi başlayıb”.

Buna cavab olaraq Ermənistanın Müdafiə naziri David Tonoyan jurnalistlərə qəribə açıqlama verib. O bildirib ki, Rusiya tərəfi müasir snayper silahları əvəzinə, İrəvana “ov tüfəngləri” göndərmək istəyirdi. Guya Ermənistan məhz buna görə pulu köçürməyib.

Maraqlısı odur ki, silahlar Ermənistana gəlməmiş, İrəvan hərbi mütəxəssisləri tərəfindən test edilib və silahların ən yüksək dünya standartlarına uyğun olduğu bildirilib.

Bu razılaşmanın baş tutmamasının başlıca səbəbi hazırkı Ermənistan hakimiyyətinin bu qədər pulu Rusiyaya verə bilməməsidir. Başqa sözlə, arzularla imkanlar üst-üstə düşməyib.

Bugünlərdə isə Ermənistan ordusu üçün nəzərdə tutulan silah partiyası öz adekvat müştərisini tapıb. Belə ki, Т-5000 snayper silahları Vyetnama yola salınıb.

Rusiyanın ən mötəbər hərbi şirkətlərindən olan ORSIS isə İrəvanla bir daha işbirliyinə getməyəcəyini açıqlayıb.

DOSYE.ORG

COMMENTS