Müharibə başlamadı….

Avqustun birindən başlayaraq Azərbaycan kütləvi informasiya vasitələrinin bir nömrəli xəbəri təbii ki, cəbhə xəbərləri oldu. Doğrudur çal-çağır mediası olan TV-lərimiz yuxarıdan əmr olmadığı üçün bu dəstəyə gec qoşuldu. Amma gec də olsa qoşuldu.

Bəs gəlin görək son günlərin əsas xəbərləri Azərbaycan vətəndaşına nə verdi?

Əslində ən düzgün xəbəri  APA-nın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı avqustun 3-də yaydı. İnformasiya bildirlilirdi ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat keçirib.

Sözsüz ki, 3 gün davam edən informasiya qıtlığının bir nömrəli səbəbkarı Müdafiə Naziri idi. Amma informasiya qıtlığından danışmazdan əvvəl hadisələr baş verdiyi ərəfədə yaranmış fonu nəzərdən keçirmək lazımdır.

1. Fransa prezidenti Olland Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşünü təşkil etmək təşəbbüsü göstərib. Bu məqsədlə ATƏT Mİnsk Qrupunun həmsədrləri iki ölkənin xarici işlər nazirləri ilə məsləhətləşmələr aparıb.

2. 3 həmvətənimiz cəbhə xəttini keçib, onlardan biri öldürülüb, ikisi isə girov götürülüb. Erməni tərəfi ciddi-cəhdlə bu şəxslərin diversant olduğunu sübut etməyə çalışır.

3. Gömrük İttifaqına can atan Ermənistan üçün Dağlıq Qarabağ münaqişəsi müəyyən problemlər yaradır.

4 .Rusiyanın Arzusu Azərbaycanı Avrasiya birliyində, Avropanın arzusu isə Azərbaycanı Avropa Birliyinin yanında görməkdir.

5. Azərbaycan öz pulu hesabına, Ermənistan isə Rusiya hesabına hərbi potensialını gücləndirir.

6. Azərbaycan Respublikasının Müdafiə Naziri Türkiyənin Bodrum şəhərində istirahət edir.

Belə bir şəraitdə Azərbaycan ordusu müəyyən taktiki əməliyyat keçirmək qərarına gəlir. APA-nın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumatda deyilir: “Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər”.

Səbəb, məqsəd və qarşıya qoyulan vəzifə nə olmasından asılı olmayaraq Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttini keçib, əməliyyat reallaşdırması ən azı nazirin rəhbərliyi ilə olmalı idi. Bunun niyəsini bilənlər bilir, bilməyənlərə isə izah etməyə ehtiyac yoxdur.

Bəli əməliyyat keçirilib və Azərbaycan silahlı qüvvələri itkilər verib.

Bəs sonra…

Əməliyyatın səhəri günü müxtəlif kanallar vasitəsi ilə informasiyalar axmağa başladı. Amma ən səhih informasiya mənbəyi ola biləcək Müdafiə Nazirliyi Mətbuat Xidməti hələ də susur.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlının bu günlərdə verdiyi informasiyanın özəyi hesab olunan bu cümlə isə sadəcə acı gülüş doğurur: “Düşmən meyitlərini sürüyə-sürüyə aparır”.

Axı hamı bilir ki, cəbhə xəttində atəş altında meyiti başqa cür aparmaq mümkün deyil. Belə ucuz və cılız təbliğat polkovnik rütbəsi daşıyan bir şəxsə yaraşmaz.  

Bəs şişirdilmiş və bəzən də Azərbaycana zərər verə biləcək informasiyalar haradan qaynaqlanır. Sözsüz ki, bu məsələdə iki informasiya qaynağı diqqət önünə gəlir.

Birinci: Erməni mediası.

İkinci: Azərbaycan mediasının hakimiyyət dəhlizlərindəki informasiya “mənbələri”.

Birinci mənbə kələfin dolaşdırılmasına, ikinci mənbə isə şişirdilməsinə və pərdəarxası özəl məqsədlərə xidmət edir. Və bunların heç biri Azərbaycanın mənafeyinə işləmir. İtkilərin sayının şişirdilməsindən tutmuş zenit raketlərlə (?) düşmən mövqelərinin atəşə tutulmasına qədər.

Nə qədər qəribə də olsa belə hallar Zakir Həsənov Müdafiə Naziri təyin olunduqdan sonra daha da çoxalmaqdadır. Azərbaycan mediasının hakimiyyət dəhlizlərindəki “mənbələri” Zakir Həsənov nazir təyin olunduqdan sonra daha da fəallaşıb. Əlbəttə bunu niyəsini araşdırmaq başqa mövzudur.

Bu yerdə qısa bir haşiyə:

Yada salım ki, son hadisələrə bənzər hadisələr sabiq nazir Səfər Əbiyevn də dövründə də baş verib. Hərbi məsələlərdən xəbəri olanların Həsənqaya döyüşləri  barədə məlumatı var. Həsənqaya ətrafında atəşkəs dövründə ən iri miqyaslı atəşkəs pozuntusu qeydə alınmışdı.

Döğrudur son hadisələrdə itkilərimiz 2008-ci il martın 3-dən 4-ə keçən gecədən Həsənqaya ətrafında başlanan döyüşdə verilən itkilərdən çoxdur. Amma döyüşlərdən dərhal sonra hadisə yerinə olan şəxs kimi deyirəm ki, bu döyüşlər miqyasına görə, son döyüşlərdən heç də geri qalmır.

Amma indi fikirləşin bu döyüş yadınızdadırmı. Təbii ki, yox. Çünki, baş verən hadisələr mediada bu qədər diqqətə səbəb olmamışdı. Həsənqaya döyüşlərindən sonra da müdafiə naziri döyüş bölgəsinə getmiş və hətta döyüşdə fərqlənən əsgərlərə saat hədiyyə etmişdi. Amma bu barədə çox azadam bilirdi.

Bəs indi niyə baş verənlər daha çox diqqət mərkəzində olur? Əslində cavab bəllindir: Zakir Həsova təzyiq və təsir etmək istəyənlər var. Bu amil bəzən ekspert rəylərində, bəzən gizli informasiyalarda da hiss olunur. Və bir daha təkrar edirəm ki, bu rəyləri və informasiyaları yayan medianın arxasında hansısa məmur dayanır.

Hadisələrin son akkordunda media mənsublarımızın bir qismi cəbhə bölgəsinə səfər etdi. Əslində bu yaxşı bir olay idi. Lakin belə səfərlərin kampaniya xarakterli olması müsbət qiymətləndirilə bilməz. Cəbhə bölgəsinə hər zaman getmək lazımdır.

Axı bu ərazidə yaşayanlar hər zaman düşmən gülləsi ilə üzbəüzdür. Axı səngərdə xidmət edən əsgər hər gün, hər saat, hər an ölümün gözünə baxır. Arxa cəbhədə isə çoxları bunu unudub.

Baş verən son olaylar Azərbaycan cəmiyyətinə nəticə çıxarmaq üçün aşağıdakı dərsləri verdi:

Birinci: Cəbhə xəttindən sözün həqiqi mənasında xəbərimiz yoxdur.

İkincisi: Səngərdə xidmət edən əsgərin isti münasibətə ehtiyacı var.

Uçüncü: Müharibə hələ bitməyib.

Dördüncü: Atəş altında yaşayan insanlar olub, var və olacaq.

Sonda bir reallığı da demək istərdim. Azərbaycan informasiya siyasətində Müdafiə və Xarici İşlər nazirliklərinin fəaliyyətinin koordinasiya olunmamağı çox üzücüdür.

Sözsüz ki, baş verən olaylar dərhal diplomatik reaksiya tələb edirdi. Məsələn Ermənistan Müdafiə Nazirliyi dərhal səfirliklərin hərbi ataşelərini toplayıb  baş verənlər barədə məlumatlandırdılar. Amma Azərbaycan bu məsələdə heç bir diplomatik addım atmadı.

Diplomatik addım demişkən. Hadisələr yekunlaşdı və artıq öz axarına düşür. Bu arada isə xəbər yayıldı ki, Azərbaycan və Ermənistan prezidentləri ayın 8-i və 9-da Soçidə görüşə bilər. Əgər bu görüş baş tutsa deməli Ollandın təklifi alınmadı. Yəni ki, Rusiya Fransanı öz meydanına buraxmaq istəmədi.

COMMENTS