“Müqaviləm məşqçi ilə deyil, klubladır” – Emil Balayev

“Müqaviləm məşqçi ilə deyil, klubladır” – Emil Balayev

“2019-cu il mənim üçün yadda qalan oldu. Milli komandada debütüm bu ildə reallaşdı. Buna görə “Tobol”un rəhbərliyinə, məşqçi heyətinə təşəkkür edirəm. Çünki onlar mənə dəstək oldular”.

Qol.az xəbər verir ki, bu sözləri millimizin qapıçısı Emil Balayev bu gün jurnalistlərə açıqlamasında deyib. Qazaxıstanın “Tobol” klubunda çıxış edən 25 yaşlı qolkiper kkomandaya  erməni Qriqori Babayanın baş məşqçisi təyin olunmasına münasibət bildirib:

“Hazırda “Tobol”da qalıb-qalmayacağımla bağlı nəsə deyə bilmərəm. Çünki mən peşəkar futbolçuyam və müqaviləm var. Müqaviləm məşqçi ilə deyil, klubladır. Bu sözləşmə bir il daha davam edir. Azərbaycan və Qazaxıstan çempionatları arasında fərq var. Qazaxıstanda çempionat yazdan qışa qədər keçirilir. Mən hazırda istirahətdəyəm deyə, klubla əlaqəyə çıxmamışam. Ona görə də dəqiq bir söz deyə bilməyəcəyəm.

Bu barədə danışmaq bir az qəliz məsələdir. Nə olsa belə, “Tobol” rəhbərliyi həmişə mənə hörmətlə yanaşır.  Peşəkar müqavilə varsa, qarşılıqlı öhdəliklər yerinə yetirilməlidir. Bizdə isə klub rəhbərliyi ilə qarşılıqlı hörmət var. Necə olacağı barədə düşünməmişəm. Həyatda hər şey mümkündür. Gözlənilməz nəsə baş verə bilər. İndidən danışmaq düzgün deyil”.

Balayev “başqa klublardan təklif almısınızmı” sualını da cavablandırıb: “Futbol elə bir idman növüdür ki, agentlər və menecerlər var. Təklif olsa belə, birbaşa mənimlə əlaqəyə çıxan şəxslər yoxdur”.

DOSYE.ORG

COMMENTS