Müxalifət və ictimaiyyət nümayəndələrinin böhrandan çıxış toplantısı… – CANLI YAYIM

Fevralın 21-də ölkə müxalifəti böhranla bağlı ikinci geniş toplantısını keçirib. Musavat.com-un xəbərinə görə, ADP-nin qərargahında keçirilən tədbirdə müxtəlif partiyaların rəhbər və təmsilçiləri, ictimaiyyət nümyəndələri, ziyalılar və QHT təmsilçiləri iştirak ediblər.

Dövlət himninin oxunması ilə başlanan tədbirin aparıcısı, KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, müxalifətin böhranla bağlı yaratdığı işçi qrup artıq təkliflərini hazırlayıb: “Ökəmizdə baş verənləri hər birimiz bilirik”.

AXP sədri Pənah Hüseyn isə hazırlanan təkliflərdən ibarət bəyanatı səsləndirib. O, bildirib ki, bu kimi tədbirlər artıq başlanacaq xalq hərəkatının qığılcımlarıdır: “Tezliklə ADP-nin böyük zalı ilə kifayətlənməyəcək bu xalq toplantısı. Azərbaycanın haqq səsini bütün dünya eşidəcək”.

P.Hüseyn bildirib ki, ölkədə maliyyə-iqtisadi böhran dərinləşməkdə davam edir. Bank sektorunda iflas geniş vüsət alıb, əhalinin gəlirləri, yaşam səviyəsi aşağı düşüb, kasıblıq və səfalət artıb.

Onun sözlərinə görə, müxalifət bu vəziyyətdə ciddi islahatların vacibliyini vurğulayır: “Həmçinin hakimiyyətlə müxalifət arasında dialoqu vacib sayır. Siyasi manipulyasiya məqsədilə bunun edilməsi düzgün deyil. Hakimiyyətin könüllü şəkildə real islahatara getməyəcəyi bilinir”.

Dünyəvi Bozqurd Partiyasının rəhbəri Şakir Qulubəyli isə qeyd edib ki, ölkəni dərin böhrana salmış bu hakimiyyət bundan çıxmaq gücündə deyil: “Yeniləri, yeni ideoloji xətt hakimiyyətə gəlməlidir”.

Politoloq Ərəstun Oruclu isə deyib ki, hakimiyyət beynəlxalq aləmdən gələn təzyiqlərə əməl etmək istəmir, bunu zəiflik əlaməti hesab edir: “Bundan da ölkəyə iki tərəfli ziyan dəyir. Bir tərəfdən biz artıq sanksiyalar ərəfəsindəyik. Sanksiyalarla bağlı mətbuatda siyasətçilərin fikirlərinə rəğmən, mən əksini deyəcəm. Bildirilir ki, bu sanksiyalar dövlətə qarşıdır, yalnız məmurlara qarşdıır deyirlər. Elə deyil. Azərbaycanla enerji əməkdaşlığına sanksiyaların tətbiq olunacağı yazılır. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa da sanksiya qoyulacaq. Beləliklə, düşünürəm ki, bu sanksiyalardan yayınmaq üçün ən başlıcası cəmiyyətdə səfərbərliyə nail olamq üçün bizə müştərək maraq nöqtəsi lazımdır. Bu da siyasi məhbuslardır. Son dövrdə müxalifət baş verən böhranda yetərincə konstruktiv mövqe nümayış etdirdi. Heç kəs bu vəziyyətdən istifadə etmək kimi qarşısına vəzifə qoymadı. Bunu vətəndaş cəmiyyətinin gücsüzlüyü kimi təqdim etmək düzgün deyil. Hakimiyyətin iqtisadiyyatda yol verdiyi faciəvi iqtisadi vəziyyətə rəğmən, heç kəs bundan sui-istifadə etmədi. Parlament seçkilərinin keçirilməsini bu halda tələb etmək düzgün deyil. Seçki sistemi özü pis gündədir. Amma istənilən demokratik təşəbbüs alqışlanmalıdır”.

AzDP sədri Sülhəddin Əkbər isə işsizlikdən, ümumi daxili məhsulun azalmasından, manatın nominal olaraq iki qat dəyərsizləşməsi kimi problemlərdən danışıb və bildirib ki, əhalinin real gəlirlərinin azalması səbəbindən maliyyə böhranı sosial-iqtisadi böhrana keçib: “Manat 2-ci devlavasiyaya uğrayandan sonra yaranmış durum, hakimiyyətin addımları böhrana hazır olmadığını göstərdi. Belə davam etsə, yanaşma dəyişməsə, dərinləşməkdə olan böhran sosial-siyasi böhrana keçəcək. Zamanla bu, qaçılmaz olacaq”. Onun sözlərinə görə, tezliklə növbəti devalvasiya gözlənilir: “Hələ ki, cəmiyyətin hakimiyyətdən gözləntisi var. növbəti devalvasiyadan sonra isə bu, olmayacaq. Bundan sonra cəmiyyətin hakimiyyətdən əlini üzməsi fazası başlanacaq. Biz dinc olmayan vəziyyətə, dəyişikliklərə də hazır olmalıyıq. Müxalifət dəişikliyə hazır olmalıdır və cəmiyyətimizi də hazırlamalıyıq”.

VİP sədri Əli Əliyev isə deyib ki, bu hakimiyyət ölkəni Suriyaya çevirəcək: “Biz bunun təhlükəsini görürük. Parlamentdə bir nəfər müxalifət təmsilçisi qalmayıb. Azərbaycan maliyyə böhranına soxulduqdan sonra narazılıqlar Azərbaycan dövlətini əlimizdən ala bilər. Bundan narahatıq. Azərbaycanın normal demokratik yollarla dəyişdirilməsinin tərəfdarıyıq”.

COMMENTS