Müxalifətin piket keçirilməsinə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların rəhbərlərinin iştirakı ilə piket keçirilməsi üçün müraciətə bu gün mənfi cavab verib.

 

Bu barədə Mərkəzə daxil olan AXP-nin sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun dediyinə görə, meriyanın cavab məktubunda Prezident Administrasiyası, Milli Məclis və Ali Məhkəmənin qarşısında aksiya keçirilməsinin qanuna uyğun olmadığı göstərilib və bu səbəbdən piketin keçirilməsini məqsədəuyğun saymadıqları qeyd olunub.

Pənah Hüseyn dedi ki, sözügedən mərkəz noyabrın 18-də növbədənkənar toplanacaq və BŞİH-nin cavabından sonra yaranmış vəziyyət müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcək. Qeyd edək ki, Mərkəzə daxil olan 11 partiya sədrinin (Müsavat başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, Azadlıq Partiyasının sədri Əhməd Oruc, VİP sədri Əli Əliyev, ALDP sədri Fuad Əliyev, BAP sədri Elşad Musayev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli) noyabrın 19-da siyasi məhbuslara azadlıq tələbi ilə piket keçirilməsinə şərait yaradılması üçün BŞİH-yə müraciət göndərilmişdi.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Bakı Şəhər İcra Hakimiyyətinin noyabrın 19-da Demokratiya və İnsan Haqları Mərkəzinin keçirmək istədiyi aksiyaya razılıq verməməsini pisləyib. “Media forum” saytına açıqlamasında partiya lideri deyib ki, meriya aksiyaya icazə verməməklə qanunu pozur: “İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bizə göndərdiyi cavabda bildirib ki, piketə icazə verilmir. Meriya rəsmisi bu cavabı ilə qanunları pozur. Biz bu məsələni müzakirə edib uyğun qərar çıxaracağıq”.

COMMENTS