Nəsimi prokurorıuğu ölüm işini batırmaq istəyir?

Nəsimi rayon prokuroru Salman Məmmədli niyə “Təzə Bazar” MMC-də baş verən ölüm hadisəsindən dərhal sonra fakt üzrə cinayət işi başlatmadı və hadisə yerini müayinə etməkdən imtina etdi?

…Artıq neçə dəfədir ki, «Təzadlar»ın elektron poçtuna Bakı şəhər sakini Mahmud Rəsulov adlı oxucu tərəfindən məktub göndərilir. Sorğu formasında təqdim edilən məktubda olduqca maraqlı bir məsələyə toxunulur… Oxucu məktubundan sətirlər: «Bildiyiniz kimi, 2014-cü ilin fevralın 1-də günorta saatlarında Bakının Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin daxilində qanunsuz fəaliyyət göstərən və Vaqif Şıxəliyevə məxsus “Bakı Mərkəzi Bazarı” MMC-nin ərazisində dəhşətli hadisə baş vermişdi və buradakı qanunsuz tikilidən bir nəfərin başına daş düşərək öldürmüşdü… Həmin vaxt mən Nəsimi RPİ-də təhqiqatçı işləyirdim və bu qanın necə batırıldığını yaxşı xatırlayıram. Amma üstündən az qala 2 ilə yaxın vaxt keçir, heç kim cəzalanmadı. Hesab edirəm ki, günahsız insanın qanı batırılmamalıdır və bunun üçün qəzet olaraq Baş Prokurorluq qarşısında məsələ qaldırın. Sizə bu qanın batırılmasında kimin necə fəaliyyət göstərməsini, qanunsuz tapşırıqlar verməsini və s. təfsilatı ilə yazıb göndərəcəyəm. Araşdırıb dərc edin. Bu mənim vicdan borcum idi…».

NƏSİMİ PROKURORLUĞU “BAKI MƏRKƏZİ BAZAR”DAKI ÖLÜM İŞİNİ NECƏ BATIRMAQ İSTƏYİRMİŞ?-VIDEO

Başına daş düşüb ölənin qanının batırılması da Nəsimi Prokurorluğunda «bir daş altdan, bir daş üstdən» prinsipi ilə həll edildi…

Yuxarıda qısa məzmunu təqdim edilən məktubda göstərilən imza ola bilsin heç Nəsimi RPİ-də çalışan hansısa təhqiqatçıya məxsus deyil. Halbuki bu birmənalı olaraq jurnalist araşdırmasının aparılmasına mane olmur. Çünki ortada konkret ölüm faktı var və «Təzadlar» vaxtilə bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparıb, yazı dərc olunub… Amma nədən ölüm faktı üzrə cinayət işi başlanılmayıb?

Odur ki, oxucumuzun qeyd etdiyi kimi, aşağıdakı yazını Baş prokuror cənab Zakir Qaralovun diqqətinə çatdırırıq. İnanırıq ki, nahaq qan yerdə qalmamalıdır və bu istiqamətdə Nəsimi rayon Prokurorluğunun fəaliyyətsizliyinə hüquqi qiymət verilməlidir. Məgər zərərçəkənin kimisə şikayət verməli idimi ki, cinayət işi başlanılsın? Axı Azərbaycan CPM-nin tələblərinə görə, fakt üzrə cinayət işinin başlanması üçün həm də kütləvi informasiya vasitəsinin məlumatları da əsas sayılır. Qanunun 46-cı maddəsində yazılır:

“Maddə 46. Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri

46.1. İctimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır.

46.2. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər”.

“Bakı Mərkəzi Bazarı” MMC-nin ərazisində baş vermiş ölüm işinə görə cinayət işi başlanılmalıdır…

Beləliklə, xatırladaq ki, 2014-cü ilin fevralın 1-də günorta saatlarında Bakıda dəhşətli hadisə baş verdi. Belə ki, Bakının Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin daxilində qanunsuz fəaliyyət göstərən (bu barədə sonra ətraflı bəhs ediləcək) və şəriklərdən digəri Vaqif Şıxəliyevə məxsus “Bakı Mərkəzi Bazarı” MMC-nin ərazisində aparıdan qanunsuz tikilən yeni obyektin 3-cü mərtəbəsindən ağlay üzlük daşı bazardan keçən Bakı şəhər sakini, Mais Cəbrayılov adlı şəxsin başına düşmüş, nəticədə onun başı deşilmiş, zərbədən huşunu itirən zərərçəkən yerə yıxılmışdır, ətraf qan gölməçəsinə çevrilmişdir… Ölümcül vəziyyətdə olan zərərçəkən hadisə şahidlərinin köməyi ilə dərhal Təcili Tibbi Yardım Xəstəxanasına (“Semaşko”) aparılmışdır. Az sonra Mais Cəbrayılov dünyasını dəyişmişdir. Bu barədə KİV-də məlumatlar dərc olunmuşdur və həmçinin Bakı şəhər Prokurorluğunun, Nəsimi rayon Prokurorluğunun, Daxili İşlər Nazirliyinin rəsmi saytında qeyd edilən elektron poçtlara (ünvanlara) göndərilmişdir. Bundan əlavə, bu məlumatdan əz sonra “Srace” TV-də qanlı hadisə barədə geniş sujet də verilmiş, ağır vəziyyətdə olan M.Cəbrayılovu qəbul etmiş və reanimasiyaya yerləşdirmiş həkim (şöbə müdiri) müsahibə vermiş, hadisə barədə «Təzadlar», “Azadlıq” və digər KİV-lərdə məlumatlar dərc olunmuşdu.

Ən dəhşətlisi, Nəsimi rayon Prokurorluğunda hamı susmuşdur. Niyə?

Bəs Vaqif Şıxəliyev “Space”nin əməkdaşlarını necə aldadıb?

Hətta hadisə baş verən gün “Space” telekanalında başına daş düşmüş və xəstəxanada reanimasiyada ağır vəziyyətdə yatan Mais Cəbrayılovla bağlı sujet göstərildi. Məlum olur ki, TV əməkdaşlarına yaralı kimi göstərilən heç də Mais Cəbrayılov deyil, bazarda çalışan Güloğlan Rəhmanov adlı şəxsdir, qanlı hadisə baş verən tikintidə fəhlə işləyir. Sonradan o da məlum oldu ki, sən demə, həmin tikinti qanunsuz olduğundan onun sahibi Vaqif Şıxəliyev TV əməkdaşlarının hadisə yerinə gəlməsi xəbəri eşidəndə dərhal burada fəhlə işləyən Güloğlan Rəhmanovu yerə yıxıb başına daş düşdüyü deyilən şəxs kimi təqdim ediblər. Fəhlə işləyən Güloğlan Rəhmanov da özünü TV əməkdaşlarına Mais Cəbrayılov kimi təqdim edərək açıqlama verib ki, guya burada elə hadisə baş verməyib, o, sadəcə, huşunu itirib qəfil yerə yıxılanda başı qanayıb… Amma sonradan Mais Cəbrayılovu əməliyyat edən cərrah Əmralı Yusifov (şöbə müdiridir), növbətçi həkim Nicat Məmmədov TV əməkdaşına yaralının ölümcül vəziyyətdə olduğu barədə müsahibə verib (həmin video sujet yazının elektron versiyasında təqdim edilir). Sonradan Mais Cəbrayılov dünyasını dəyişdi və çox təəssüflər olsun ki, Nəsimi rayon prokurorluğu nəinki həmin dövrdə, heç sonralar da bu ölüm işinə görə kimsəni dindirmədi, cinayət işini, necə deyərlər, Mais Cəbrayılovun ölümünə səbəb olan daşın altına qoyub susdu… Düzdür, tanınmış şair Musa Yaqub «Bu dünyanın qara daşı göyərməz» deyir, amma inanmağa dəyər ki, Baş Prokuror Zakir Qaralovun müdaxiləsindən sonra həmin daş «göyərəcək» və nahaq qan yerdə qalmayacaq, gec də olsa, fakt üzrə cinayət işi açılacaq.

-Bəs Nəsimi rayon Prokurorluğunu “Təzə bazar”

MMC-də baş verən dəhşətli ölüm işinə susmağa kim və nə məcbur etmişdir?

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

COMMENTS