Neftçala DYP idarəsinin rəisi oğlunun əməllərinə göz yumur?

Neftçala rayon Dövlət Yol Polisi İdarəsinin rəisi Yaşar Hacıyevin oğlu Rəşadət Hacıyev Heydər Əliyev prospektində rayonumuzun onlarla sakininin gözü qarşısında 90-EU-924 “Pryora” markalı avto maşınla içkili vəziyyətdə xuliqanlıq edib və polis buna göz yumub.

 

Hadisə yerinə gələn post-patrul xidmətinin Zakir adlı komandiri Yaşar Hacıyevlə dost olduğundan hadisəyə göz yumub. Elə şərait yaradıb ki, Yaşar Hacıyevin oğlu hadisə yerindən qaçıb. Dəfələrlə rayonda özbaşınalıq eləyən R.Hacıyev heç kəsdən qorxmadığını bildirir. Təxminən 6 ay bundan qabaq rayonda içkili vəziyyətdə xuliqanlıq edən Rəşadət Hacıyev polis işçisini vurub və Bəhruz Əliyevin üstünə hücum çəkərək onu ölümlə hədələyib. Bununla kifayətlənməyən rəis oğlu Neftçala sakinlərini təhqir edib. Yaşar Hacıyevin üzrxahlıgı ilə kifayətlənməyən sakinlər ona oğlunun rayona gəlməməsini xahiş edib. Yaşar Hacıyev də oğlunun bir daha özbaşınalıq etməyəcəyinə söz verib. Lakin dünən axşam saat 12.00 radələrində Rəşadət Hacıyev rayonda adını dəqiqləşdirə bilmədiyimiz bir şəxslə əlbəyaxa olub. İçkili vəziyyətdə insanları hədələyən Hacıyev atası Yaşar Hacıyevə arxalanıb deyib ki, kimsə ondan şikayət etsə, həmin şəxs rayonda maşın sürə bilməyəcək.

Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubov cənablarından xahiş edirəm ki, bu özbaşınalığın qarşısı alınsın və Rəşadət Hacıyev cəzalandırılsın.Nia.az

COMMENTS