Neftlə bağlı gözləntilər özünü niyə doğrultmur?

Neftin qiymətində ucuzlaşma davamlı olduğundan, “qara qızıl”la bağlı bir çox ölkələrin gözləntiləri özünü doğrultmur. Azərbaycanda hasilat da azalır və bu səbəbdən post-neft dövrü müzakirələri başlayıb.

Hətta dövlət başçısı İlham Əliyev də bir neçə dəfə bununla bağlı fikirlər səsləndirib. Son olaraq dövlət başçısı Bakıda  keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında bildirib ki, ölkə neftdən asılılığını azaldır: “Bu gün neftin qiyməti artıq 2 dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal zərərlə çıxacağıq. Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti həyata keçirir. Uzun illərdir ki, bunu həyata keçiririk. Bunun sayəsində neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini təşkil edir. Biz ümumdaxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. İstərdik ki, Avropa bazarlarına rəqabət qabiliyyətli qeyri-neft məhsulları ilə daxil olaq”.

Ekspertlər ölkənin neftdən asılılığının azaldılması barədə təkliflərinin musavat.com-a bölüşüblər. Ekspert Natiq Cəfərlinin sözlərinə görə, nefti əvəz edə biləcək və neft qədər ölkəyə valyuta gətirə biləcək hər hansı sahənin yaxın illərdə inkişaf etdirilməsi, o sahə üzrə ciddi nailiyyətlərin əldə olunması mümkün görünmür: “Yaxın on ildə Azərbaycanın neftdən asılılığının ciddi şəkildə qalacağını söyləmək olar. Nefti əvəz edə biləcək və neft qədər ölkəyə valyuta gətirə biləcək hər hansı sahənin yaxın illərdə inkişaf etdirilməsi, o sahə üzrə ciddi nailiyyətlərin əldə olunması mümkün görünmür. İqtisadi problemlərdən başqa, idarəetmədə də ciddi problemlər var. Neftdən asılılığın azaldılması yolunun biri də iqtisadiyyatın dövlətdən asılılığının azaldılmasıdır. Azərbaycanda bu, baş vermir”.

Ekspert Vüqar Bayramov isə bildirib ki, neftə olan qlobal tələb artmaqdadır: “Beynəlxalq Enerji Akademiyası dördüncü rüb üçün 97,03 milyon barel gündəlik tələb proqnozlaşdırır. Bu, son illərin ən yüksək tələb proqnozudur. Dünya bazarında neft təklifi isə azalmaqdadır. Əslində neftin dünya bazar qiymətindəki mövsümi stabillik də məhz bazardakı mövcud tarazlıqla bağlıdır”.

O deyib ki, OPEC-in gələn ayın sonuna nəzərdə tutulan toplantısının qiymətlərə təsiri olacaq. Hələlik dünya bazarında neftin qiymətini kəskin artıra biləcək iqtisadi faktorlar yoxdur. Yüksək qiymətlərə ümid etməyən bir sıra OPEC ölkələri hasilatı azaltmaqla mövcud gəlirlik səviyyələrini aşağı salmaqda maraqlı deyillər. Əksər neft ölkələrinin iqtisadiyyatları yüksək neft qiymətlərinə öyrəşdikləri üçün mövcud qiymətlər onlar üçün cəlbedici və sərfəli görsənmir: “Gələn ay OPEC-in hansı qərar qəbul etməsindən asılı olmayaraq, enerji ölkələrinin neft gəlirlərinə baxış strategiyasının dəyişdirilməsi vacibdir. Artıq sözün real mənasında post-neft dövrü başlayır”.

Ekspert Elşad Məmmədov isə deyib ki, son dövrdə dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə enməsi əksər neft hasilatçıları ölkələrinə bazarın tarazlaşdırılması istiqamətində müəyyən səylərin göstərilməsini diqtə edir: “Neft  qiymətlərinin davamlı müddət ərzində aşağı səviyyədə olması aparıcı hasilatçı ölkələrin çətin iqtisadi durumla üzləşməsinə səbəb olub. Buna görə də qətiyyətlə bildirmək olar ki, neft qiymətlərinin stabilləşməsi və artması hasilatçı ölkələrin əksəriyyətinin iqtisadi maraqlarına uyğundur və bu ölkələrin çoxu hasilatın həcminin azaldılması və bazarda neft təklifinin  tələbata nisbətən daha balanslaşdırılmış  şəkildə formalaşdırılmasında maraqlıdırlar. Qeyd etmək lazımdır ki, neftin qiymətinin artırılması istiqamətində son  aylar ən çox səy göstərən ölkələr iqtisadiyyatlarının diversifikasiya səviyyəsi aşağı olan  ölkələrdir. Lakin son günlər hətta İran kimi iqtisadiyyatının xeyli dərəcədə şaxələndirilməsinə nail olmuş ölkənin də bir sıra rəsmilərinin neft hasilatı ilə bağlı müəyyən güzəştlərə getməyə hazır olduğunun bildirməsi artıq neft hasilatçıları ölkələrinin  tam əksəriyyətinin kritik iqtisadi durumla qarşılaşdıqlarını göstərir. Həqiqət naminə bildirmək lazımdır ki, İran rəsmilərinin  hasilatın azaldılması istiqamətində nümayiş etdirdikləri mövqe digər hasilatçı ölkələrin əksəriyyətinin rəsmi nümayəndələrinin mövqeyinə nisbətən daha sərtdir, amma bu ölkənin də artıq  müəyyən kompromisə getməyə hazır olması neft hasilatçıları ölkələrinin çətin durumda olduğunu bir daha göstərir. Lakin fikrimcə, neft qiymətlərinin formalaşmasında son illər inqilabi dəyişikliklərin baş verməsi məsələyə tamamilə başqa prizmadan yanaşılmasını zəruri edir. Belə ki, artıq qiymətlərin əmələ gəlməsində hətta neft hasilatçılarının eyni mövqedən çıxış etməkdə maraqlı olması belə heç də həmişə həlledici rol oynamır. Bir qədər əvvəl də bildirdiyim kimi, yaxın perspektivdə dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə artmasına mane olacaq ən mühüm və dayanıqlı amil  “şişt inqilabı” amilidir. Bu faktora görə yüksək neft qiymətləri dövrünün fövqəladə hadisələrin olmayacağı təqdirdə, başa çatmasını artıq çox böyük ehtimalla söyləmək olar. Bu baxımdan, dünya bazarlarında neftin qiymətinin formalaşmasında keyfiyyətcə yeni mərhələyə qədəm qoyulduğunu qeyd etmək lazımdır ki, bu da elmi-texniki tərəqqi ilə bağlıdır”.

Onun sözlərinə görə, artıq ABŞ-ın neft qiymətlərinin tənzimlənməsində xarici tərəfdaşlarından asılılığı xeyli dərəcədə azalıb: “Təsadüfi deyil ki, neft qiymətlərinin stabilləşdirilməsi və artırılması mövzusunda son aylar aparılan danışıqlarda ABŞ  iştirak etmir. Məsələ bundadır ki, qiymətlərin 50-60 dollar  arasında manevr etdiyi zaman şişt buruqları artıq rentabelli olur. Bu isə neft bazarında təklifin kəskin şəkildə artmasına səbəb olaraq, qiymət artımının müəyyən səviyyəyə çatdıqdan sonra dayandırılmasına xidmət edir. Bundan başqa, ABŞ-ın arsenalında uçot dərəcələrinin dəyişdirilməsi vasitəsi ilə dünya miqyasında dolların möhkəmlənməsi vasitəsilə inkişaf etməkdə olan milli iqtisadiyyatların iqtisadi artım templərinə, dünya  xammal bazarlarına təsir və digər sistemli və kompleks məzmunlu mexanizmlər mövcuddur. Onlardan bu ölkənin strateji menecmenti ustalıqla istifadə edir. Beləliklə, dünya elmi-texnoloji və iqtisadi sistemlərinin  hegemon qüvvəsi olan ABŞ-ın  dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə artmasına imkan verməmək iqtidarında olduğunu və bunun  yaxın dövrdə bu ölkənin maraqlarına əsasən cavab verməsini, eyni zamanda texnoloji baxımdan məntiqli olmasını nəzərə alaraq, yaxın dövrdə zənnimcə, neft qiymətlərinin 60-65 dollardan yuxarı olacağı ehtimalı çox azdır”.(musavat)

COMMENTS