New rose bayramı: Gün gələcək, ABŞ prezidenti ilə yumurta döyüşdürəcəyik

Novruz qəşəng bayramdır. Kim nə desə də fikir verməyin, əziz oxucular, bu, çox pozitiv bayramdır, qərblilərin bayramlarından da ötədir, şərqlilərinkindən də.
 
Söz yox, çox qədim bayram olaraq, bu, ibtidai insanların bayramıdır, icma quruluşu dövründən qalıb. Elə buna görə də gözəldir. Sadəlik, bərabərlik, azadlıq bayramıdır. 
 
Tonqal qalayıb, ətrafında halay tutmaq, yallı getmək sizə elə-belə gəlməsin. Burada bərabərlik, birlik var, ayrı-seçkilik yoxdur. O halayda qadınlar da, uşaqlar da olur və dini, milli, cinsi əlamətlərə görə heç kəsin haqqı məhdudlaşdırılmır.
 
Bəzən deyirlər ki, Novruz atəşpəsəstlik dönəminin bayramıdır. Nə olsun? Qoy olsun. Bu adət-ənənə pis olsaydı, bu günə qədər yaşamazdı, unudulub gedərdi, xalq imtina edərdi. 
 
Amma o yaşayır və ildən-ilə arealı daha da genişlənir, axır illər Amerikanın, Rusiyanın prezidentləri də bizə Novruz təbriki yollayır. Səfirlər tonqal üstündən atdanır. Gün gələcək ki, ABŞ prezidenti Kosamızla, Keçəlimizlə yumurta döyüşdürəcək.
 
Qədimdən qalmağa qalsa, oğlan uşaqlarını sünnət etdirmək də qədim yəhudilərin icadıdır, bir neçə min ildən sonra biz də onlara qoşulmuşuq. Düzdür, hazırda əsasən lazerlə işləyirik, amma nəticə birdir – xalqımızın balaca oğullarının ən qorxduqları iki şeydən biri olan o prosedur baş tutur.
 
 Ümumiyyətlə, biz elə bir camaatıq ki, bütün dinlərin, başqa millətlərin ən yaxşı adət-ənənələrini götürə, özümüzünküləşdirə bilirik. Məsələn, ocağa, pirə getmək, nəzir vermək, ibə başına dolanmaq qədiş şamanların adətidir. Amma hazırda bizim ocağa gedib ziyarət edənlərin, dilək tutub nəzir verənlərin sayı Monqolustanda Çingiz xanın, eləcə də ağır şamanların türbələrinin başına dolananlardan çoxdur. Toy edən oğlan bir gün əvvəl ocağa gedir, sonra mollaya dini kəbin kəsdirir, ertəsi gün avropalılar kimi kəpənək qalstuk taxaraq öz yarı ilə bal rəqsi oynayır. (Sintezə fikir verin).
 
Heç ərəblər də öz seyidlərinə bizim qədər hörmət qoymurlar. Bizdə seyidlik institutu xeyli inkişaf edib. Biz onları hətta çəki dərəcələrinə də bölmüşük. Ağır seyidlərin nüfuzu başqadır.
 
Xüləs, mətləbdən uzaqlaşmayaq, söhbət Novruzdan gedir. 
 
Belə bayramlar çox olsa yaxşıdır. Bayram demək alış-veriş, ticarət deməkdir. Bayramlar milli iqtisadiyyatın lokomotividir, maliyyə dövriyyəsinin sürətlənməsidir. Təsəvvür edin ki, nə qədər qida məhsulları bazarlardan evlərə daşımır, nə qədər hədiyyələr, suvenirlər alınır. Başqa vaxt bizim camaat hələm-hələm hədiyyəyə, gülə, ətirə pul verməz. Pullar ciblərdə qalar, məmulatlar piştaxtalarda. Amma bayramlarda bu xüsusda elə bir xaos başlayır ki, nəticəsi hər kəsə sərfəli olur.
 
İnkişaf etmiş ölkələrin bayramları da çoxdur. Həftəaşırı bayram edən ölkələr var. Bir həftə işləyirlər, sonra 2-3 gün bayram edirlər, karnavallar, maskaradlar, festivallar, nə bilim, daha nələr təşkil edirlər, şad-şalayın yaşayırlar. 
 
Güman ki, bu bayramı ilk dəfə icad edənlər oturub ssenari yazmayıblar, bayram mərasimini necə yola vermək, onun hansı prosedurlarla müşayiət olunması haqqında konsepsiya düşünməyiblər, təbiətin oyanmasıyla evlərindən çıxıb gərnəşiblər və görüblər ki, əla bayram havasıdır. 
 
Bəli, Novruz təbii bayramdır. Hətta bir zamanlar olduğu kimi qadağan edilsə də, onun qarşısını almaq mümkün deyil. 
 
Neynəsən də, hər il martında bahar gələcək, ağaclar çiçəkləyəcək, çiçəklər açacaq, otlar boy atacaq, quşlar cükküldəşəcək, kəpənəklər uçuşacaq və insan hiss edəcək ki, durduğu yerdə kefi kökəlir, ovqatı yaxşılaşır, gülmək, sevinmək istəyir, yaşamaq ehtirası güclənir və s. Ondan sonra sən onu ha qadağan elə. Qadağalarla insanı bir az buxovlamaq olar, amma pişiklərin vığıldaşmasının, dovşanların dingildəşə-dingildəşə kola cummasının qabağını almaq olmaz.
 
Ona görə də bizim bu qədim və gözəl bayramımızı xor görənlər, onu kafirlik kimi qələmə verənlər, gərək ağıllı olsunlar. Novruz unutdurla biləcək bayram deyil.   
 
Yeri gəlmişkən, bir bayramın adını lap ingilscə də demək olar: New rose (yəni yeni gül). Mənası dəyişmir. Novruz həm də yeni güllərin, yeni günlərin bayramıdır.
 
P.S. Novruzu sevənlərin hamısının bayramı mübarək olsun!

COMMENTS