Ölkədə ixtisarlar genişlənir: 14 icra hakimiyyətində 702 nəfərlik ixtisar…

Ekspertlər bildirirlər ki, hökumətin böhranla bağlı antiböhran planı yoxdur; Mövcud model dayanıqlı deyil və iqtisadiyyata ağır bir yükdür

Maliyyə Nazirliyi 14 rayonun icra hakimiyyətlərində və digər dövlət orqanlarında yoxlama apararaq, 6 milyon manatlıq yeyinti faktı aşkarlayıb. Burada maraqlı məqamlardan biri də bu qurumlarda 702,5 ştat vahidinin ləğv edilməsidir.

Ekspertlər bu xəbəri ölkədə gedən ixtisarların növbəti dalğası kimi qiymətləndirirlər. Neftin dünya bazarında qiyməti ucuzlaşdıqca, ölkədə ixtisarlar daha ciddi xarakter alır.

Bir müddətdir ki, ARDNŞ də ixtisarlar aparır. İlkin olaraq zavod və digər müəssisələrdən 800 işçinin ixtisara salınacağı bildirilir. 2013-cü ildən başlanan ixtisarların bu il də davam edəcəyi şübhəsizdir.

Qeyd edək ki, ekspertlər ixtisarların qaçılmaz olacağını düşünürlər. Hətta bir müddət əvvəl iqtisadçı-alim Qubad İbadoğlu nazirliklərin sayının azaldılmasını da təklif etmişdi.

Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşmasından sonra hökumətdə də rasional xərcləmələr mövzusu getdikcə aktuallaşır: “Deməli, büdcə xərcləmələrinin optimallaşdırılması, iş yerlərinin bağlanması və əmək haqqı gəlirlərinin azalmasına yol vermədən dövlətin izafi məsrəflərinin ixtisarı yolu ilə səmərəliliyin artırılması hazırda həlli vacib olan əsas məsələlərdən hesab olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturuna 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət adminstrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Beləliklə də Nazirlər Kabinetinin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 37-yə çatır. Müqayisələr göstərir ki, Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə, çoxdur. Azərbaycanda 20 nazirliyin olması dövlət idarəetmə xərclərinin optimallaşdırılmasının və idarəetmədə struktur islahatlarının aparılmasının potensialının yüksək olmasının göstəricidir. Əslində, Azərbaycan Nazirlər Kabineti Rusiya federal hökumətini təkrarladığından ölkədə şişman dövlət idarəetmə aparatı yaranıb. Neft gəlirlərinin azalması səbəbindən formalaşan yeni iqtisadi situasiyada dövlət aparatının saxlanması ciddi maliyyə tələb edəcəyində bu sistemdə mərhələli islahatlara start verilməlidir. Fikrimizcə, bu istiqamətdə aparılmalı olan islahatların 1-ci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər”.

Ekspert Natiq Cəfərli də bildirir ki, iş yerlərinin çoxluğu şişirdilmiş rəqəmlərdir və ixtisarlar qaçılmazdır: “Ümumiyyətlə, Azərbaycanda son on ildə iş yerlərinin yaranma tarixçəsinə və strukturuna baxdıqda görürük ki, dayanıqlı olmayan bir model seçilib. Neft pullarının çox sürətlə artdığı və qiymətinin yüksək olduğu bir dövrdə hökumət dayanıqlı iş yerlərinin və istehsal sahələrinin yaradılmasındansa, dövlət və hökumət aparatının şişirdilməsi yolu ilə ştatların artırılması yolunu tutdular. Ya da investisiya layihəsi vasitəsi ilə on minlərlə insanı müvəqqəti iş yerləri, təmir-tikinti işlərinə cəlb etməklə sosial gərginliyi və işsizlik probleminin həll etməsini üstün tutdular. Dəfələrlə və illərlə ekspertlər vurğulayırdılar ki, bu, dayanıqlı model deyil. Sonunda hökumət bu iş yerlərini ixtisar etməyə məcbur olacaq. İndi həmin dövr yetişib və nəzərə alsaq ki, Azərbaycan kimi kiçik bir ölkədə büdcədən maliyyələşən, maaş alan insanların sayı az qala bir milyona çatır. Bu, dayanıqlı bir model deyil və iqtisadiyyata ağır bir yükdür. Çünki o sahələrdə çalışan insanların böyük əksəriyyəti əlavə dəyər yaratmır. Özləri özlərində bir dəyər yaratmırlar və əsasən büdcədən ayrılan vəsaitlərin, maaşların hesabına dolanırlar. O cümlədən də bu, təmir-tikinti sahələrinə aiddir. Onların böyük əksəriyyətində vəsait çox təəssüf ki, əlavə dəyər yaratmayan sahələrə yönəldilir. Məsələn, Bakı Şəhər İcra Hakimiyyəti son illərdə 1,5 milyarda yaxın vəsaiti təmir-tikinti işlərinə xərcləyir. Yəni binaların üzlənməsi, yeni mərmər səkilərin quraşdırılması, parkların yaradılması kimi əlavə dəyər yaratmayan sahələr və iqtisadiyyata heç bir qatqısı olmayan sahələrdir. Və bu modelə üstünlük verən hökumət indi çətinliklə üzləşib”.

Ekspertin sözlərinə görə, Azərbaycan normal idarəetmə sisteminə keçmək istəyirsə, ixtisarlar da olmalıdır: “Hətta nazirliklərin, dövlət idarələrinin sayı da azaldılmalıdır. Azərbaycanda dövlət və hökumət idarələrinin sayı 40-dan çoxdur. Kiçik bir ölkə üçün bu, çox böyük rəqəmdir. Müqayisə üçün deyim ki Gürcüstanda bu, 20-yə yaxındır. Belə bir modelə keçməyə ehtiyac var. Amma indiki dövrdə hökumətin siyasətində olan dəyişikliklərlə bağlı əsas problem məhz gəlirlərin azalmasıdır. Yəni məcburiyyətdən bu addımları atıblar. Amma buna paralel olaraq, digər addımlar da atılmalıdır ki, işsiz qalan insanların sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması üçün daha ciddi açılıma ehtiyac var. Liberallaşmaya, iqtisadiyyatda islahatlara ehtiyac var. Amma təəssüf ki, birinci addımı görürük, amma ikinci tərəfdən bu problemlərin həllinə yönələn addımları görmürük. Hökumətin böhranla bağlı antiböhran planı “yox” səviyyəsindədir. Ya da varsa da, o qədər gizli saxlayırlar ki, hökumətdə çalışanların əksəriyyəti bunu bilmir. Yəni cəmiyyətdə bununla bağlı heç bir məlumat yoxdur ki, böhranla bağlı hansı addımlar atılacaq. Təbii ki, idarəetmə optimallaşmalıdır. Amma bundan sonra hansı addım atılmalıdır? Bununla bağlı doğru-dürüst proqramı biz görmürük”.

COMMENTS