“Ordumuz cavab zərbəsi endirəcək” – Bakı beynəlxalq aləmi məlumatlandırıb

“Ordumuz cavab zərbəsi endirəcək” – Bakı beynəlxalq aləmi məlumatlandırıb

Ermənistan silahlı qüvvələrinin son vaxtlar atəşkəsi pozması, sərhədə qoşun yığması, həmçinin hərbi təlimlər keçirməsi İrəvanın növbəti avantüra niyyətində olduğunu göstərir. Azərbaycan Ordusu sərhəddə istənilən erməni təxribatına adekvat cavab verir.

Bəs regionda yeni müharibə gözlənilirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, genişmiqyaslı müharibə ehtimalı azdır:

“Azərbaycan Ordusu ciddi döyüş əməliyyatına girmədən təxribatın qarşısını alır. Amma sonsuza qədər belə davam edəcəyinə heç kim zəmanət verə bilməz. Ermənilərin növbəti təxribatları fonunda Azərbaycanın genişmiqyaslı əməliyyat keçirəcəyi, cavab zərbəsi endirəcəyi istisna deyil. Bu barədə Ermənistan tərəfi, havadarları, beynəxalq aləm məlumatlandırılıb”.

Politoloq qeyd edib ki, Ermənistan və havadarları Azərbaycanı hərbi toqquşmaya çəkmək istəyirlər: 

“Azərbaycan İrəvanın himayədarlarına onu silahlandırmaq istiqamətində addımlar atmaq üçün bəhanə vermək istəmir. Çünki heç kimə sirr deyil ki, 5 aprel Brüssel görüşü Ermənistanı təhlükəsizlik zəmanəti almaq baxımdan razı salmayıb. Hətta onun himayədarları belə Azərbaycan tərəfindən ciddi təhlükə olması barədə Paşinyanın nağıllarına lazımi diqqət yetirməyiblər. Buna görə də Azərbaycanla sərhəddə təxribatlar törətməklə Bakını cavab tədbiri məcburiyyətində buraxmaq və bununla da istəklərinə nail olmaq arzusundadırlar. Bakı isə bu məsələdə diqqətlidir və ciddi səbəb olmadan erməni təxribatlarına uymayacaq”.

Turan Rzayev

COMMENTS