Ötən il 268 xuliqan saxlanılıb

Ötən il 268 xuliqan saxlanılıb

Bu gün Əlahiddə Çevik Polis Alayında 2016-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr, həmçinin qarşıda duran vəzifələr barədə Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsi ilə razılaşdırılmış vahid dislokasiya planına uyğun olaraq post və marşrutlarda 28.292 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 804, inzibati xətalara yol vermiş 27.488 şəxs saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb:

“Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 268-i xuliqanlıq, 211-i oğurluq, 25-i soyğunçuluq, 65-i dələduzluq, 96-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 28-i digər cinayət törədənlər, 111-i isə axtarışda olanlardır. Eyni zamanda, məişət səs-küyünə yol verən 1.240, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 4.506, digər inzibati xətalara görə 15.217 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib. 2015-ci illə müqayisədə aşkarlanan cinayətlərin və inzibati xətaların sayı 890 fakt və ya 3.2 faiz çox olub”.

Dosye.az

COMMENTS