Partiya sədri: “Xalq özü də hökumətlə həmrəy olmalıdır”

Partiya sədri: “Xalq özü də hökumətlə həmrəy olmalıdır”

Bu gün bütün dünyanı lərzəyə gətirən koronavirus infeksiyası artıq Azərbaycanda da can almağa başlayıb.

Bu barədə Modern.az-a danışan Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın vaxtında gördüyü tədbirlər olduqca əhəmiyyətlidir:

“Tədbirlər vaxtında görülməsəydi, bu, Azərbaycanda pandemiya səviyyəsinə çatardı və itkilərimiz daha da çox olardı. Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın fəaliyyətini olduqca yüksək qiymətləndirirəm, onlar sutkanın 24 saatında fəaliyyət göstərirlər. Çin kimi nəhəng dövlətin təcrübəsi də göstərdi ki, pandemiyanın qarşısının alınması əsas səbəbi məhz karantin tədbirləridir. Ona görə Azərbacanda da sosial izolyasiya tədbirlərinə əməl edilməlidir.

Bu gün ölkədə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa qoyulub. Amma elə pəncərədən baxmaq kifayətdir ki, insanların adi karantin qaydalarına riayət etmədiyi görünsün. Bəzi insanlar qadağalara riayət etmirlər, parklarda bir yerdə toplaşırlar. Bu yolverilməzdir”.

Onun sözlərinə görə, hər bir ölkə səhiyyəsinin müəyyən güc həddi var:

“Ölkəmizdə də səhiyyənin imkanları geniş olsa da hüdudsuz deyil. Azərbaycanda hər 10 min nəfərə 33 həkim, 50-dən çox tibb bacısı, həmçinin 10 min nəfərə 45 çarpayı yeri düşür. Doğrudur, koronavirusla bağlı görülən tədbirlər çərçivəsində çarpayı yerlərinin sayı artırılıb. Amma bütün bunlarla yanaşı, infeksiyanın genişlənməməsi üçün hökumətin qərarlarına birmənalı şəkildə əməl etmək lazımdır. Dövlətimiz əlindən gələn, hətta gəlməyən hər şeyi edir. Başda Prezidentimiz olmaqla, bütün dövlət orqanları xalqın yanındadır. Xalq özü də hökumətlə həmrəy olmalıdır. Qadağalara bizim genofondumuzun itməməsi, milli təhlükəsizliyimiz üçün riayət edilməlidir. Biz hamımız bir olmalıyıq”.

M.Səfərli həmçinin bəzi sosial şəbəkə istifadəçilərinin ictimailəşdirdikləri fikirlərə də münasibət bildirib:

“Bunların heç biri gerçəkliklə, obyektivliklə əlaqəsi olmayan faktlara istinad edilən fikirlərdir. Ona görə də belə bir məqamda sizin kimi peşəkar mətbuatın üzərinə yük düşür. Hesab edirəm ki, son günlər jurnalistlər əhalinin maarifləndirilməsində, rəsmi məlumatların çatdırılmasında əvəzsiz rol oynayırlar. Bir daha insanlara müraciət edərək demək istəyirəm ki, yalnız və yalnız rəsmi məlumatlara inansınlar”.

DOSYE.ORG

COMMENTS