“Partizan”ın hücumçusu: “Neftçi”yə burada asan olmayacaq”

“Partizan”ın hücumçusu: “Neftçi”yə burada asan olmayacaq”

“Meydana çıxdıqda maaşlarımızın ödənilib-ödənilməməsi haqda düşünməyəcəm. Azarkeşləri eşidəcəm və yalnız “Partizan” üçün necə yaxşı oynamalı olduğumu fikirləşəcəm. Söz verirəm ki, “Neftçi” ilə oyunda belə də olacaq”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri “Partizan” klubunun hücumçusu Petar Skuletiç Serbiya mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları “Neftçi” ilə oyuna toxunan serbiyalı futbolçu qələbə qazanacaqlarına inandığını bildirib:

“Yerli çempionatda “Nis” üzərində qazandığımız qələbə (4:1) özünəinamımızı bir qədər də artırdı. “Neftçi” ilə öz meydanımızda da qalib gələcəyimizə inanırıq. Daha öncəki rəqiblərimizlə görüşlərdə qol vurmuşam. Saşa Stamenkoviçin də qapısına yol tapsam, pis olmaz. Ancaq əsas komandamın qələbə qazanmasıdır. Qolun kimin vurmasının fərqi yoxdur. “Neftçi” barədə çox da məlumatımız yoxdur. Ancaq Azərbaycan Premyer Liqasının son turunda qələbə qazandıqları görüşdə (“Bakı” ilə oyunu nəzərdə tutur – red) əsas heyətin bir neçə futbolçusuna istirahət verdiklərini bilirik. Bununla belə, “Neftçi”yə Serbiyada asan olmayacaq. Düşünürəm ki, biz rəqibdən daha güclüyük”.

Qeyd edək ki, avqustun 21-də Belqradda keçiriləcək “Partizan” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

COMMENTS