Prokuror: “İlham Mirzəyev onu sevgilisi ilə necə barışdıra bilərdi?”

Prokuror: “İlham Mirzəyev onu sevgilisi ilə necə barışdıra bilərdi?”

Bu səbəbdən İ.Mirzəyevin əməlində dələduzluq faktının olduğu bildirilib

19:49

Bu gün Nərimanov rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Mirzəyevin vəkilləri prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıblar. Vəkil İkram Abdullayev bildirib ki, zərərçəkən Aynur Əhmədova və digərlərinin ailə sirlərinin də yer aldığı İttiham Aktı bu yaxınlarda mətbuatda dərc olundu, bu isə cinayət materiallarının qanunsuz olaraq yayımlanması deməkdir:

“Reytinq xətrinə, diqqəti çəkmək üçün mətbuatda İlham Mirzəyev barəsində uydurma, yalan məlumatlar verilib. Onun tanınmış şəxs, ziyalı olmasını nəzərə alaraq məhkəmə baxışının qapalı keçirilməsini xahiş edirik. Çünki mətbuatda İ.Mirzəyev barəsində yazılan xəbərlər həm də məhkəməyə təsir formasıdır. İntim suallar verilə bilər, bu səbəbdən qapalı keçilməsi məqsədəuyğundur”.

Vəkil Xanlar Bayramov isə İ.Mirzəyevin əməlində qəsdən özgəsinin əmlakını ələ keçirmək niyyətinin olmadığını əsas gətirərək cinayət işinə xitam verilməsini istəyib.
Vəkil İ.Abdullayev əlavə edib ki, zərərçəkən Aynur Əhmədova və digər zərərçəkənin oğlu “İlhamMed” klinikasına müalicə kursu keçiblər. Əgər müalicə başa çatmayıb, yaxud effektini verməyibsə, bu, hələ dələduzluq demək deyil.

Dövlət ittihamçısı məhkəmənin ehtimallara əsaslanmadığını və müalicə kurslarının bir gün deyil, uzun müddətli olduğunu qeyd edib. Bu səbəbdən İ.Mirzəyevin əməlində dələduzluq faktının olduğunu bildirib: “Qadını aldadıblar ki, müalicə effektini verəcək, səni sevgilinlə barışdıracağıq. Axı burada hansı müalicədən söhbət gedə bilər. İlham Mirzəyev onları necə barışdıra bilərdi?”

Prosesdə iştirak edən zərərçəkənlər dəyən ziyanın ödənildiyini bildirərək cinayət işinə xitam verilməsini istəyiblər.
Hakim vəsatəti təmin etməyib.

———-
15:14

Bu gün Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

APA-nın məlumatına görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə hazırlıq iclasının qapalı keçirilməsi və cinayət işinə xitam verilməsi barədə vəsatətlər verib.

Hakim məhkəmə baxışının bağlı keçirilməsi barədə vəsatəti qismən təmin edib.

Qeyd olunub ki, prosesin Rəşad Daşdəmirovun iddiası üzrə olan hissəsi açıq, Zülfiyyə Əhmədova və Aynur Əhmədovanın iddiaları üzrə olan hissəsi isə qapalı olacaq.

Cinayət işinə xitam verilməsi barədə olan vəsatət isə təmin olunmayıb. Proses sentyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, məhkəmən hazırlıq iclası sentyabrın 9-da başlansa da, prosesdə İ.Mirzəyevin vəkili İkram Abdullayev istintaq materialları ilə tanış olmadığını bildirib. Vəkil işlə tanış olmaq üçün ona vaxt verilməsini xahiş edib. Hakim onun istəyini nəzərə alaraq prosesi təxirə salıb.

Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

COMMENTS