Putindən Paşinyana, Lavrovdan Mirzoyana zəng

Putindən Paşinyana, Lavrovdan Mirzoyana zəng

Bir gündə Rusiya-Ermənistan liderləri də, xarici işlər nazirləri də danışıblar; Kreml sülhə hazırlıqdan danışır, yoxsa Blinkenin Bakı və İrəvana zənglərinə kontur cavab verir?

Avqustun 2-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. “Yeni Müsavat” Kremlin yaydığı məlumata istinadən bildirir ki, danışıq zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illər üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin müəyyən praktiki aspektlərinə toxunulub.

Ermənistan və Rusiya liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər. Elə həmin gün Rusiya xarici işlər naziri Sergey Lavrov da Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefonla danışıb. Rusiya XİN-in məlumatında qeyd edilir ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər. Habelə, avqustun 2-də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Qarabağ məsələsinə xüsusi yer ayırıb. Deyib ki, Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası iki ölkə arasında dialoqun sağlamlaşdırılması ilə bağlı Rusiyanın vasitəçilik səylərinin vacib istiqamətidir: “Moskvanın prosesdə məsləhətçi rolu 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli bəyanatında qeydə alınıb”.

Rusiyanın bu hərəkətliliyi təbii ki, maraq doğurur. İlk baxışda belə görünə bilər ki, Rusiya son günlər Ermənistan tərəfindən baş verən informasiya təxribatlarının, pozucu bəyanatların fonunda hərəkətlənir. Amma məsələ bu qədər bəsit ola bilməz. Rusiya, sadəcə, özünün regionda söz sahibi olması rəyini formalaşdırmaq üçün proseslərə müdaxilə edir. Bu cür düşünmək üçün kifayət qədər əsaslar var. Belə ki, ötən həftə ABŞ dövlət katibi Antoni Blinken, onun ardınca isə köməkçisi Bakı və İrəvanla Qarabağa dair danışdılar. ABŞ kommunikasiyaların açılmasında vasitəçilik təklifi irəli sürdü. Bundan dərhal sonra Rusiya rəhbərliyinin hərəkətlənməsi və Zaxarovanın da məlum açıqlaması o anlam daşıyır ki, Kreml bu prosesdə yalnız özünü vasitəçi görmək istəyir, Qərbin cəhdlərinə qarşıdır.

Bu durumda proseslərin inkişafı necə ola bilər? Yaranmış vəziyyət nə vəd edir? Azərbaycan hansı mövqeni sərgiləməlidir?

Partiyalar büdcədən maliyyələşsin - Arzuxan Əlizadə | Hafta.az

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, təcrübə Rusiyanın vasitəçilikdə səmimi olmadığını göstərir: “Eyni sözləri Qərb haqda da söyləmək olar. Hər iki tərəfin regionda maraqları var və təsir güclərini saxlamağa çalışırlar. Rusiya fərqindədir ki, Azərbaycan məqamı gələndə problemləri öz gücünə həll etməyə malikdir. Prezident İlham Əliyev müşavirədə də ciddi mesajlar verdi – Rusiya və Ermənistana… Söhbət silahlıların bölgədən çıxarılmasından gedir, əgər Rusiya bunu etməyəcəksə, işimizi bilək. Moskva artıq anlayır ki, Azərbaycan gözləmə mövqeyindən çıxıb və antiterror əməliyyatlarının başlanması üçün əsaslar var”.

AMİP sədrinin sözlərinə görə, bu zənglər də Blinkenin telefon bağlantısından sonraya təsadüf edir və Rusiya özünü qabağa atır: “Nə vaxt Qərbdən fəallıq olursa, Moskva önü düşür. Sadəcə, məsələni öz monopoliyasında saxlamaq məqsədi güdür. Azərbaycan israrlı olmalıdır ki, erməni terrorçular bölgədən çıxsın və delimitasiya prosesi başlansın”.

Qulamhüseyn Əlibəyli: Siyasi dialoq prosesinin davam etdirilməsi müsbət  haldır

Qulamhüseyn Əlibəyli 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli qeyd etdi ki, Rusiyanın Ermənistanla bağlı siyasəti öz maraqlarına xidmət edir, nəinki sülh sazişinə hesablanmış addımlardır: “Əgər sülh sazişi olarsa, rus hərbçilərinin bölgədə qalmasına zərurət qalmır. Ona görə verilən açıqlamalar səmimiyyət daşımır. Eyni zamanda  Rusiya vasitəçilik missiyasını təkbaşına həyata keçirmək istəyir və ABŞ, Avropa Birliyini yaxına buraxmaq niyyətində deyil. Baxmayaraq ki, Brüsseldə görüşlər oldu, əldə edilən anlaşmalar hələ də icra edilmir. Rusiya Cənubi Qafqazda varlığını qorumaq üçün bu manevrləri etməkdədir və sülh sazişinin bağlanması uzun müddət mümkün olmayacaq”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Putinin Paşinyana, Lavrovun Mirzoyana zəngi Ermənistana təzyiqlərin artmasıdır. Ekspert hesab edir ki, Moskva İrəvanı uzaqlaşmağa qoymur: “Ermənistanın bizimlə sərhəddə yeni bazasının yaradılması, Gümrü poliqonunda təlimlər göstərir ki, Rusiya bu ölkədə təsir güclərini artırır. Paşinyan Kremlin iradəsindən kənarda, Brüssel vasitəsilə addımlar atılmasına nail ola bilmir. Putin demək istəyir ki, əgər hər hansı anlaşma icra ediləcəksə, bu, Rusiyanın iştirakı ilə baş tuta bilər. Hətta Kreml başçısı demişdi ki, sərhədlərin dəqiqləşməsində digər tərəflərə ehtiyac yoxdur, xəritələr Rusiyanın Baş Qərargahındadır. Həmçinin daha əvvəl Zaxarovanın Avropa Birliyinin vasitəçiliyi ilə bağlı açıq mövqeyi olmuşdu, XİN nümayəndəsi Brüsseli həyasızlıqda ittiham edirdi, şərik çıxmaqda günahlandırırdı. Ona görə Rusiya burada moderatorluğu əldən vermək istəmədiyini aydın şəkildə ortaya qoyub və İrəvana da mesaj verir ki, 10 noyabr sənədində Şarl Mişelin imzası yoxdur, gözünü açıb yaxşı baxsın. Yəni Rusiya şərik sevmir, bu məsələdə Qərbin təşəbbüslərini sıxışdırmağa çalışır. O baxımdan ikitərəfli formatda problemləri həll etməsək, nə Rusiya, nə Qərb bizə barışıq üçün imkan verəcək”.

Politoloq Asif Nərimanlı bildirib ki, bu zənglərin bir səbəbi ABŞ dövlət katibi Entoni Blinken, ardınca isə köməkçisinin İrəvan və Bakı ilə danışması, Vaşinqtonun kommunikasiyanın açılmasında vasitəçilik təklifləridir: “Moskva öz vasitəçiliyini və vasitəçilik etdiyi razılaşmaları xatırladır. Digər səbəbi isə Bakının cari tələbi olan 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası, yəni erməni qoşunlarının Qarabağdan çıxarılmasıdır. Moskva anlayır ki, bu məsələdə irəliləyiş olmasa, bölgədə gərginlik yenidən aktuallaşa və belə vəziyyətdə kənar vasitəçilərin önü açıla bilər. Rusiya prezidenti Vladimir Putin də Paşinyanla ”10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların həyata keçirilməsinin bəzi praktiki aspektlərini” müzakirə edib. Proseslərin inkişafını İrəvanın sərgiləyəcəyi mövqe müəyyən edəcək”.

 Emil SALAMOĞLU
“Yeni Müsavat”

COMMENTS