“Qərarımdan zərrə qədər də peşman deyiləm” – Emil Balayev

“Qərarımdan zərrə qədər də peşman deyiləm” – Emil Balayev

Millimizin qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılmasına münasibət bildirib.

Qol.az xəbər verir ki, 26 yaşlı qolkiper şəxsi İnstagram səhifəsindəki payaşımında Kostanay təmsilçisinin onun karyerasında önəmli yer tutduğunu qeyd edib:

“Bu klubda daha da inkişaf edib, Qazaxıstan Premyer Liqasının ən yaxşı qapıçıları siyahısına düşdüm. Milli komandamızda da debütüm məhz bu klubun şərəfini qoruduğum vaxt baş tutdu.

Ötən mövsümün sonunda bir daha “Tobol”da oynamayacağımı ağlıma belə gətirməzdim. Lakin bu il “sarı-yaşıllar”ı tərk etdim.

Yeni baş məşqçinin təyinatı sonrası, təbii ki, futbolçu kimi gələcəyim bir çoxlarını maraqlandırırdı. Mən isə məlum səbəblərlə əlaqədar komandanı tərk etməyə qərar verdim və bu qərardan zərrə qədər də peşman deyiləm”.

E.Balayev ona dəstək olan hər kəsə minnətdarlıq edib: “Klubun rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim. Çünki onlar məni başa düşüb, problemsiz müqaviləyə xitam verməyə razı oldular. “Tobol”un bütün azarkeşlərinə “sağ olun” deyirəm. Kluba gəldiyim ilk gündən mənə dəstək oldular. Hətta indi belə, yazıb, sevgilərini hiss etdirirlər. Bütün kollektivimizə, komanda yoldaşlarıma, personala təşəkkürümü bildirirəm. Sizin hər birinizlə işləmək xoş idi. Kostanay və kostanaylılar barədə məndə yalnız gözəl xatirələr qalacaq. Hər şeyə görə çox sağ olun!”

Qeyd edək ki, Emil Balayevin “Tobol”a erməni əsilli baş məşqçi Qriqori Babayanın gəlişindən sonra daha bir il müqaviləsi olmasına baxmayaraq, komandadan ayrılıb.

DOSYE.ORG

COMMENTS