“Qərb artıq bilir ki, Azərbaycanın qaçacaq yeri yoxdur”

Ərəstun Oruclu: “İndi hansı Rusiyaya doğru gedəcəksiniz, çökməkdə olan Rusiyaya doğru?”

 

Avropa Parlamentində Azərbaycanla bağlı qətnamənin kifayət qədər sərt üslubda qəbul olunması hətta aktiv siyasi fəaliyyətlə məşğul olan bəzi şəxslər üçün də gözlənilən olmayıb. Xüsusilə də Rusiya-Qərb qarşıdurması fonunda alternativ enerji mənbəyi sayılan Azərbaycanın sanksiya ilə hədələnməsini siyasi ekspertlər gözlənilməz sayır. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə əksini düşünür və hesab edir ki, qətnamənin qəbulu onu təəccübləndirmədi:

– Təqribən bir ay əvvəl sizin qəzetə demişdim ki, artıq Qərbin Azərbaycana marağı azalıb. Söhbət ilk növbədə iqtisadi, enerji maraqlarından gedirdi. Hətta bunun səbəblərini də izah etməyə çalışmışdım. Çünki Avropanın enerji təhlükəsizliyi məsələsi üçün NABUCCO çox vacib layihə idi. Azərbaycan tərəf bunun təklif olunan şərtlər çərçivəsində icrasından imtina etdi. Nəticədə TAP, TANAP kimi layihələr meydana çıxdı ki, bunlar ümumilikdə Avropanın enerji təhlükəsizliyi məsələsində NABUCCO qədər önəmli rol oynamır. İqtisadi maraqlar, təhlükəsizlik maraqları arxa plana keçdikdə siyasi maraqlar həmişə daha qabarıq olur. İnsan haqları, demokratik inkişaf, hüquq və azadlıqlarla bağlı maraqlardan söhbət gedir. Bu, artıq həmin marağın itməsinin ilkin simptomlarıdır. Mən şübhə etmirəm ki, burda yüksələn xətt üzrə dinamika olacaq və Azərbaycana münasibətdə tənqidi tonlar getdikcə artacaq. Bu da təbiidir.

Çünki Avropanın, Amerikanı, Qərbi bir kənara qoyaq, öz prizmamızdan baxaq. Azərbaycanda hüquq və azadlıqlarla bağlı vəziyyət son dərəcədə acınacaqlıdır və son bir ildə ümumiyyətlə, fəlakətli bir şəkil alıb. Sanki Azərbaycan Şimali Koreyaya yaxınlaşacaq bir mərhələyə keçib. Mən siyasi azadlıqları, vətəndaş cəmiyyətinin durumunu, hüquq müdafiəçilərinin fəaliyyətinə məhdudiyyət qoyulmasını, siyasi partiyaların az qala qanundankənar elan olunmasını bir kənara qoyuram. Artıq vətəndaşların həyatına, məişətinə çox kobud müdaxilələr başlayıb.

İstər hüzr məclisləri ilə bağlı müdaxilələr olsun, istər başqa məsələlər, az qalır artıq ölkə uniforma isteriyasına düşsün. Nazirliklərdə, dövlət idarələrində insanlara necə geyinməli olduqları barədə tapşırıq verilir. Bu, artıq absurddur. Təbii ki, bu şeylər bizi narahat etdiyi kimi, beynəlxalq aləmi də narahat etməyə bilməzdi. Son nəticədə Azərbaycan Avropa Birliyinin iki mühüm proqramının iştirakçısıdır. Bunlardan biri Avropa Qonşuluq Siyasəti Proqramı, digəri isə Şərq Tərəfdaşlığı Proqramıdır. Baxmayaraq ki, Azərbaycan daim Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla münasibətlərində həmişə məsafə saxlamağa üstünlük verib. İndi də elə böhranlı vəziyyət yaranıb ki, artıq hər bir ölkənin – harda ki, strateji, siyasi və digər maraqlar var – mövqe ortaya qoyması lazımdır. Azərbaycan tərəfi isə susmaqdadır. Amma susmaqla yanaşı, açıq anti-Qərb mövqe nümayiş etdirir. Son günlər isə açıq Rusiyapərəst mövqedən çıxış edir. Məsələn, baş nazirin müavini Yaqub Eyyubovun bəyanatı buna misaldır.

 

– Ərəstun bəy, Yaqub Eyyubovun Rusiyapərəst bəyanatı Avropa Parlamentinin qətnaməsinin ruhuna nə dərəcədə təsir edə bilərdi? Düzdür, ciddi və gözlənilməz mövqe idi, amma şifahi şəkildə bildirildi ki, bu, hökumətin yox, onun fərdi münasibətidir. Belə yanaşma ilə razılaşmaq oalrmı?

– Bu, o vaxt şəxsi fikir olardı ki, bunu Eyyub Yaqubov demiş olardı, çünki o, müğənnidir. Yaqub Eyyubov isə Azərbaycan Respublikası baş nazirinin 1-ci müavinidir. Onun istənilən ifadəsi Azərbaycan hökumətinin mövqeyi kimi qəbul edilir. Şəxsi münasibətlə bağlı deyilənlər tam absurd bir izahdır və səmimi deyil. Diqqət yetirdinizsə, qəflətən bunun arxasınca həmin Avropa Parlamentinin qətnaməsi gəldi. Deməzdim ki, bu, Yaqub Eyyubovun bəyanatına reaksiya idi. Amma artıq Avropada bu əhval-ruhiyyəni tutmuşdular. Məsələn, Azərbaycanda Rusiyapərəst mövqelərin gün-gündən güclənməsi görünür. Həm rəsmi səviyyədə, həm vətəndaş cəmiyyətini sıxışdırmaqla onun yerini Rusiyapərəst qüvvələrlə doldurmaqda, həm də digər əlamətlərdə bu, özünü göstərir. Düşünmək lazım deyil ki, Qərbdə bunu görmürdülər. Digər bir tərəfdən bu qətnamə ilə bağlı Azərbaycanda neytral mövqedə olan insanların da çox yanlış yanaşması olub ki, guya bu, Avropanın təzyiqidir. Avropa Parlamentinə bu qətnamənin layihəsini təqdim edən ALDE deputat qrupu fraksiyası Avropa liberallarıdır. Onların isə Azərbaycandakı insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin pozulmasına münasibəti daim birmənalı olub. 2003, 2005, 2010 və 2013-cü il prezident və parlament seçkilərindən sonra da belə olub. Hər dəfə də bunun təşəbbüskarı ALDE qrupu olub.

– Belə yanaşma da mövcuddur ki, 2012-ci il qətnaməsində də sanksiya hədəsi var idi, lakin elə hədə olaraq qaldı…

– Avropa, Qərb siyasətinin metodik ardıcıllığı var. Yəni sanksiya qəfildən tətbiq olunmur. Öncə xəbərdarlıq edilir. O xəbərdarlıq artıq olundu. Növbəti mərhələdə isə sanksiyalar ola bilər. Bu cür yanaşma ki, “Avropa Parlamenti bizə sanksiya tətbiq etsə, bu, bizim ziyanımıza olmayacaq”, bu, cəmiyyəti aldatmaqdır. Əslində o qətnamənin müzakirəsinə bir gün qalmış görünən reaksiyalar bunun göstəricisiydi ki, yanaşma, reallıq tamamilə fərqlidir, hakimiyyət çevrələrində də bunu çox gözəl bilirlər. Yəni Avronest-dən çıxmaqla bağlı hədələr, Avropaya qarşı sərt ittihamlar səsləndi. Bunlar hamısı qeyri-adekvat və qorxudan qaynaqlanan reaksiya idi.

– Məntiqlə Rusiyayönümlülərin fəallaşdığı, Qərbyönümlülərin isə zəiflədiyi bir məqamda Avropa Azərbaycanı daha çox özünə tərəf çəkmək üçün çalışmalıydı, nəinki sanksiya hədəsi ilə onu Rusiyaya doğru itələməliydi. Nədən ikinci yol seçildi.

 

– Guya Rusiyaya yaxınlaşmaqla Azərbaycan nə edəcək ki? Görün sanksiyalar Rusiyanı hansı vəziyyətə çatdırıb. Rus rublu 30 faizdən yuxarı inflyasiyaya uğrayıb, ölkədə gündəlik tələbat mallarında qiymətlər 40-45 faiz civarında artıb. Qərb heç vaxt Azərbaycanın Rusiyaya yaxınlaşmasından çəkinməyib. Qərb o zaman ehtiyat eləyərdi ki, Rusiya sanksiyalara məruz qalmamışdı, ona beynəlxalq təzyiqlər yox idi. Amma bu gün Rusiya artıq elə vəziyyətə çatdırılıb ki, bunu nə qədər etiraf etməsələr də, danmağa çalışsalar da – yəni Papadan artıq katolik olmağa da cəhd etmək lazım deyil – sanksiyaların təsiri ilə bağlı Putinin emosional reaksiyaları və Müdvedyevin etirafları ən real göstəricidir. Əgər Rusiyaya sanksiyalar belə təsir edibsə, Azərbaycana onların təsir etməyəcəyini söyləmək ya siyasəti anlamamaqdır, ya da sadəcə olaraq, səmimi olmamaqdır.

– Qərb bu təzyiqləri artırarkən nəyə istinad edir?

– Qərb artıq bilir ki, Azərbaycanın qaçacaq yeri yoxdur. Azərbaycan hara qaçacaq? Sanksiyalar, böhran içində boğulan Rusiyaya tərəf? Rusiyaya tətbiq olunan sanksiyalar hələ sonuncu deyil, hələ qarşıda xeyli mərhələlər var. Azərbaycan hara gedəcək.

– Amma Qərbə doğru gedən Ukrayna nümunəsi də var. Hansı ki, Avropa ölkələri bir-bir Kiyevə “bizə arxalanmayın” mesajını verir. Belə olan təqdirdə Bakının tərəddüdü məntiqli sayıla bilərmi?

– Bu, əslində gözlənilən bir situasiya idi. Əslində bu situasiyanın baş verəcəyini illər öncə proqnozlaşdırıb deyirdik ki, bir gün balanslaşdırılmış xarici siyasət kursu deyilən, əslində isə siyasi prioritetlərin olmamasından ibarət olan mövqe iflasa gətirib çıxaracaq. Bunun özü də yanlış hesablama idi ki, Rusiya-Qərb qarşıdurmasının fonunda Qərb bizə loyallıq göstərəcək ki, guya biz sıxılsaq, Rusiyaya doğru gedərik. Buyurun, gedin! İndi hansı Rusiyaya doğru gedəcəksiniz, çökməkdə olan, ağır böhran yaşayan Rusiyaya doğru? O Rusiya Azərbaycana nə verəcək? O Rusiyanın Azərbaycandan ancaq almaq istədikləri var. Yəni elə bir vəziyyət yaranıb ki, artıq “divar” bitib. Azərbaycan məsafə saxlayıb, qeyri-müəyyən siyasət yürüdüb. Təbii ki, heç kəs bunu zamanında hesablamırdı ki, Rusiya ilə bağlı Ukraynada belə bir böhran yaşanar. Bəli, bu gün Rusiya Ukrayna ərazisində uğur qazanmış kimi görünür. Amma gəlin baxaq, bəs, Rusiyanın özünün başına nə gəlib? Rusiya artıq ağır itkilər verir, ölkədən kapital axını gedir, siyasi qarşıdurmanın ilkin simptomları özünü göstərməyə, həyat bahalaşmağa başlayır.

Əgər Rusiya-Qərb qarşıdurması belə açıq müstəviyə keçdisə – bir çoxları düşünürdü ki, Obama administrasiyası zəifdir və bu, baş verməyəcək, təcrübə göstərdi ki, bu da zəif hesablamadır – ABŞ heç bir zaman heç bir prezidentin dönəmində zəif olmayıb, çünki kimin prezident olmasından asılı olmayaraq onun dövlət olaraq konkret institusional idarəçilik sistemi və strateji hədəfləri var. Sadəcə, Rusiya ortaya ciddi iddialar qoymaqla, faktiki olaraq MDB məkanını SSRİ-nin prototipinə çevirmək cəhdini ortaya qoydu, silahlanmaya neft gəlirlərindən böyük miqdarda pullar xərclədi. Bu zaman Rusiyanı ayıltmaq üçün addım atıldı və ona tələ quruldu. Bu tələ məqsədli idi, yaxud Ukraynadakı spontan proseslərin nəticəsində ortaya çıxdı, bunu bir kənara qoyaq. Amma fakt odur ki, Rusiya gedib Ukrayna böhranına girdi.

Onun başqa yolu da yox idi. Rusiya elə praqmatik siyasət aparan dövlət deyil ki, Ukraynanın yeni hakimiyyəti ilə xoş münasibətlər quraydı. Hesablamalar dəqiq idi ki, Rusiya aqressiv siyasət aparacaq və özünü bataqlığa salacaq. Rusiya da bataqlığa düşdü. Avropa ölkələrinin Rusiyaya münasibət məsələsində fərqli mövqelər ortaya qoymasına gəldikdə, biz görürük ki, sanksiyalar ərəfəsində bütün ölkələr eyni mövqedən çıxış edir. Sanksiyaların ilkin mərhələsində mən Avropa paytaxtlarının birində – Avstriyadaydım. Orda bəzi ekspertlər deyirdi ki, Avropa ölkələri sanksiyalara qoşulmayacaq. Mən isə əksini deyirdim. Çünki ortada ABŞ faktoru var. Rusiya Avropa dövlətləri üçün nə qədər önəmli, yaxın müttəfiq olursa-olsun, ABŞ həmişə ondan önəmlidir. Çünki ABŞ Avropa ölkələri üçün təkcə hərbi, siyasi, strateji tərəfdaş deyil, böyük iqtisadi tərəfdaşdır. Təsəvvür edin, Almaniyanın ixracının 40 faizə qədəri təkcə ABŞ bazarına düşür. Almaniya ABŞ-ı Rusiyaya dəyişəcəkmi? Bu, alman iqtisadiyyatının iflası demək olardı.

– ABŞ 1992-ci ildən Azərbaycanı sanksiya ilə təhdid edir, Ukraynaya isə bu münasibət yoxdur. Bəlkə Azərbaycan hökumətini qorxudan budur ki, həlledici məqamda Qərb yenə Azərbaycanın arxasında olmayacaq. Bəlkə bu mənada daha çox orta mövqeyə üstünlük verir.

– Siyasətdə təminat yoxdur. Xüsusilə də bu cür qarşıdurma dönəmində Azərbaycan dövlətinin təminatı yalnız özü tərəfindən ola bilər. Bu təminatı da əldə etmək üçün çox çevik xarici siyasət aparılmalıdır. Özü də elə neytral siyasət yürüdülməlidir ki, çalışıb hər iki tərəfin ayağının altında qalmayasan. Amma Azərbaycanın yürütdüyü siyasət çox təəssüf ki, məhz buna aparır. Qərbin siyasətinə qarşı aqressiv mövqe və Rusiyanın qeyri-məqbul şərtlərini qəbul etməməkdən söhbət gedir. İkincini başa düşmək olar. Azərbaycan öz gömrüyünə özü nəzarət etməlidir. Əgər Qazaxıstan, Gürcüstan, Moldova bu addımı atmırsa, Azərbaycan niyə etməlidir? Amma digər tərəfdən, Azərbaycandakı “beşinci kolon”un Qərblə Azərbaycanın münasibətlərini korlaması və buna göz yumulması, bunun qarşısının alınmaması artıq öz bəhrələrini verməkdədir.

– Sərt ritorikanın ardınca müsbət meyllər müşahidə olunacaq, yoxsa soyuq müharibə davam edəcək?

– Mən güman etmirəm. Bu yaxınlarda diplomatik çevrədəki müzakirələrdə məlum oldu ki, bir xeyli diplomat hesab edir ki, Azərbaycanda hakimiyyətdə kimin qərar verdiyi aydın deyil. Bax, bu cür təsəvvürün yaranması artıq təhlükəli tendensiyadır. Orda Türkmənistanla uğursuz müqayisə də aparılmışdı. Deməli, bu şəraitdə praqmatik yanaşma, hansısa daxili yumşalmalar olmayacaq, əksinə, mən gözləyirəm ki, sərtləşmə olacaq. Sərtləşmə olduqca qarşı tərəfin də mövqeyi sərtləşəcək. Dediyim kimi artıq böyük iqtisadi maraqlar da yoxdur…

COMMENTS