Qabil Hüseynli: “Azərbaycan Uelsdə Türkiyənin dəstəyi ilə mühüm nəticə əldə etdi”

“İndiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın inhisarında idi. Rusiya onu dondurulmuş münaqişə kimi nəzarətində saxlayırdı. Artıq məsələ Rusiyanın nəzarətindən çıxaraq bir qədər də beynəlmiləlləşib”.

 

Bu fikirləri politoloq Qabil Hüseynli Aktual.az-a NATO-nun Uels sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səslənən fikirləri şərh edərkən deyib. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların və aparıcı dövlətlərin qayğı ilə yanaşdığı əsas problemlərdən birinə çevrilib:
“Hazırda Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyi gündəmdə möhkəmlənib. Əvvəllər ağlımıza belə gəlməzdi ki, beynəlxalq tədbirlərin birində bu problemlə bağlı məsələ qaldırlıa bilər. Böyük dövlətlərin prezidentlərinin iştirak etdiyi Uels sammmiti kimi beynəlxalq tədbirdə Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyi ilə bağlı fikirlərin səslənməsi və yekun bıyannaməyə bənd əlavə olunması çox mühüm hadisədir. Bu, onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi bütün beynəlxalq təşkilatların, aparıcı dövlətlərin, qayğı ilə yanaşdığı əsas problemlərdən birinə çevrilib”.
Politoloq qeyd edib ki, Azərbaycan Türkiyənin də yaxın dəstəyi ilə NATO-nun Uels sammitində mühüm nəticə əldə edib:
“Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda əsas maneə Rusiyadır. Ermənilər də Rusiyanın diktəsi ilə hərəkət edirlər. Bütün bunlara baxmayaraq, ermənilər artıq görürlər ki, məsələ Rusiyanın özünə qarşı çevrilib və onlar özləri ayaq altında qalıblar. İndiyə qədər problem ATƏT-in Minsk qrupunun tədbirləri çərçivəsində müzakirə olunurdusa, bu gün bir neçə ölkə prezidentlərinin iştirak etdiyi beynəlxalq tədbirdə məsələ müzakirəyə çıxarılır. Bu addımlar Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirir. Ən azından bu vaxta qədər qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan məsələyə yanaşmada əvvəlki kimi ərköyünlük göstərə bilmir. Onlar Rusiyanın mövqeyi zəiflədikcə, daha qeyri- konstruktiv manevrlərin perspektivlərinin olmadığnın şahidi olacaqlar. Zənnimcə, Azərbaycan Türkiyənin də yaxın dəstəyi ilə Uels sammitində mühüm bir nəticə əldə edib. Bu nəticəni inkişaf etdirib, reallğa çevirmək qalır”.

COMMENTS