“Qarabağ” ermənilərin təxribat törətdiyi oyunda xarakter göstərdi və qalib gəldi

“Qarabağ” ermənilərin təxribat törətdiyi oyunda xarakter göstərdi və qalib gəldi

Qalmaqallı “Düdelanj”-“Qarabağ” oyunu başa çatıb.

Ağdam təmsilçisi 4:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri təsəlli qolunu oyunun 90-cı dəqiqəsində vurublar.

A qrupunun digər oyununda “Sevilya” İspaniyada Kipr APOEL-ini minimal hesabla yenərək, xallarını 6-ya çatdırıb və vahid liderə çevrilib. “Qarabağ” “Düdelanj”la birgə hərəyə 3 xalla 2-3-cü yerləri bölüşür. Xalı olmayan APOEL isə qrup sonuncusudur.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 24-də Bakıda APOEL-ə qarşı keçirəcək. “Sevilya” isə “Düdelanj”ı qəbul edəcək.

 

*   *   *00:58

“Düdelanj”-“Qarabağ” oyununda hesab yenə dəyişdi.

Dani Kintana matçın 69-cu dəqiqəsində fərqi 4-ə çatdırdı: 0-4.

*   *   *00:47

“Düdelanj”-“Qarabağ” oyununda 2-ci hissə gedir.

Komandamız hələ də 3 top fərqi ilə öndədir.

Futbolçularımızın oyunundan və əhval-ruhiyyəsindən belə qənaətə gəlmək olar ki, bayaq haqqında bəhs etdiyimiz erməni təxribatı onları ruhdan salmayıb. Əksinə, onlar xarakter göstərərək mübarizəni daha əzmkarlıqla davam etdirirlər.

*   *   *00:20

“Qarabağ” “Düdelanj”la oyunda hesabı 3:0-a çatdırıb.

Virtualaz.org bildirir ki, Riçard Almeyda 37-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Hazırda 1-ci hissə başa çatıb və komandalar fasiləyə yollanıblar.

Bu arada oyunda yaranan məcburi fasilə ilə bağlı maraqlı xəbər yayılıb. Məlumata görə, stadionda təxribata yol verilib. Belə ki, “Qarabağ” rəqib komandanın qapısından ikinci qolu keçirdikdən sonra meydanın ortasında dron vasitəsilə qondarma Dağlıq Qarabağ rejiminin bayrağı dalğalandırılıb.

“Qarabağ”ın oyunçuları təxribata etirazlarını bildiriblər. Hakim matçı qeyri-müəyyən müddətə təxirə salıb.

Oyun müəyyən təhlükəsizlik tədbirləri görüldükdən sonra bərpa edilib.

*   *   *00:02

Bir neçə dəqiqəlik müəmmalı fasilədən sonra komandalar yenidən meydana qayıtdılar.

Oyun dayandırıldığı yerdən-31-ci dəqiqədən bərpa edildi.

Fasilənin səbəbi hələ də məlum deyil.

*   *   *23:40

“Qarabağ” matçın 30-cu dəqiqəsində Miçelin qolu ilə hesabı artırdı: 0-2.

Bu qoldan sonra oyunda fasilə yaranıb.

Səbəb açıqlanmır. Böyük ehtimalla bu hansısa təxribatla və ya təhlükəsizlik məsələsi ilə bağlıdır.

*   *   *23:17

“Qarabağ” səfərdə “Düdelanj”la oyunda hesabı açdı. Abdullah Zubir matçın 11-ci dəqiqəsində meydan sahiblrinin qapısına erkən qol vurdu: 0-1.

*   *   *23:02

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində “Düdelanj” və “Qarabağ” klubları arasında “Jozi Bartel” stadionunda keçirilən qarşılaşmaya start verilib.

Virtualaz.org xatırladır ki, görüşü şotlandiyalı hakimlər briqadası idarə edir.

*   *   *22:10

“Qarabağ” və “Düdelanj” (Lüksemburq) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin II tur oyunu üçün start heyətləri açıqlanıb.

Virtualaz.org bildirir ki, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

“Düdelanj”: 1.Conatan Juber (k), 5.Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Stols, 16. Thibaut Lesquoy 20. Mikael Qaros, 22. Antoine Bernye, 34. Məhəmməd Buçuari, 77. Sabir Bouqrine 98. Loren Mendi.

“Qarabağ”: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.

*   *   *14:19

Oktyabrın 3-də Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.

Virtualaz.org bildirir ki, komandamız Lüksemburqda “Düdelanj”ın qonağı olacaq

“Jozi Bartel” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçın idarə olunması şotlandiyalı hakimlər briqadasına tapşırılıb. Görüşün əsas referisi Con Biton olacaq. Ona həmyerliləri Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Norveçli Yon Eylif Skyervold matçın hakim-inspektoru, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi olacaq.

A qrupunda yer alan ağdamlıların digər rəqibləri Kiprin APOEL və İspaniyanın “Sevilya” komandalarıdır.

İlk turda “Qarabağ” öz meydanında “Sevilya”ya 3:0 hesabı ilə məğlub olub. “Düdelanj” isə səfərdə APOEL-ə qalib gəlib – 4:3.

DOSYE.ORG

COMMENTS